Ermənilərin azərbaycanlılara qarşı tarixdən gələn soyqırım siyasəti

Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı deportasiya və soyqırım siyasəti həyata keçirən, dəyərli vətən övladlarımızı silsilə terror hadisələri ilə aradan götürən ermənilərin daha bir insanlıq əleyhinə cinayətləri XX əsrin əvvəllərində, daha dəqiq desək, 1918-ci ilin mart, aprel aylarından yaşanmışdı. Əslində isə Azərbaycanda dəhşətli soyqırım aktının həyata keçirilməsinin ssenarisi hələ 1917-ci ildə hazırlanmışdı. Belə ki. həmin il baş verən oktyabr inqilabı və Rusiyada kommunistlərin hakimiyyətə gəlməsi kimi yaranmış əlverişli vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksütyun Partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum edərək həmin məhəllələrdə kütləvi qətliamlar törətməyə başladılar.  O zaman ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər.

1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

Ermənilər Bakıda törətdikləri soyqırımdan kifayətlənməyərək öz mənfur niyyətlərini Azərbaycanın bölgələrində də davam etdirdilər. Belə ki, Şamaxı, Göyçay, Quba və digər bölgələrimizdə də xalqımıza qarşı qətliamlar həyata keçirildi. Ermənilərin Azərbaycanda həyata keçirdikləri həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Qeyd edək ki, bu soyqırlarda daşnaq silahlı dəstələri, habelə Anastas Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.

Beləliklə, erməni hiyləsi və türkə qarşı tarixi düşmənçilikləri zəminində baş qaldıran bu kimi soyqırımlar nəticəsində Qafqaz od içində alovlandı, milli ədavət toxumları baş qaldırdı, günahsız insanların qanı töküldü, kəndlər, şəhərlər xarabazara çevrildi. Bu çaxnaşmaların baisləri yenə ermənilər oldular. Uydurma "böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər yenə fitnə-fəsadlarını işə saldılar. Onlar elə o zaman da, Azərbaycanın müstəqil dövlət olmasına mane olmaq istəyirdilər. O zaman tökülən qanların, milli qırğınların qarşısını almaq üçün Azərbaycanın demokratik qüvvələri, ziyalılar ayağa qalxdılar. Bu işdə Azərbaycanın maarifpərvər qadınları da fəallıq göstərir, bu faciələrə son qoyulmasına çağırırdılar. Zadəgan nəslindən olan Ziba xanım Qayıbova və Sara xanım Vəkilovanın Azərbaycan qadınları adından 1919-cu il 14 yanvar tarixli "Azərbaycan" qəzetində dərc etdirdikləri "Erməni xanımlarına" müraciətdə deyilirdi: "İrəvan, Qarabağ və Lənkəranda olan təqsirsiz qurbanlar barəsində hər gün nalə və fəqanlar eşidirik. Minlərlə qadın, uşaq öldürülür, aclıqdan, soyuqdan müsəlman əhalisi əzab-əziyyət çəkir, həlak olur. Kəndlər yanır, camaatın müqəddəratı, təhqir edilir, varı-dövləti talan olunur. Fəqət dəhşət bununla qurtarmır. Belə getsə bu halların ucu-bucağı olmayacaq. Axıdılan qanlarla ədavət toxumu səpilir. Bunun da bəhəri çox yaman olacaq. Bir dəstə qulduru saxlamaq olmur. Halbuki, çoxdan bu qanların qabağı alınmalı idi". Təəssüflər olsun ki, bu günün qanlı hadisələrində olduğu kimi, o zaman da erməni qadınları əlləri qana bulaşmış ərlərini, oğullarını saxlaya bilməmiş, hətta törədilən cinayətlərdə özləri də iştirak etmişdilər.

Beləliklə soyqırım siyasətlərini Bakıdan Azərbaycanın bölgələrinə daşıyan ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından vəhşicəsinə qovur, Qafqaz xalqlarına fəlakət, səfalət gətirirdilər. Qarabağda, Zəngəzurda, Naxçıvanda, Şamaxıda, Qubada, Lənkəranda əhali müsibətlərə düçar olur, öz evindən, yurdundan didərgin düşürdü. Aclıq, yoxsulluq, xəstəlik xalqı taqətdən salırdı. Hərc-mərclik, qaçaq-quldur talanları, kəndli qiyamları, fəhlə iğtişaşları da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Belə bir dəhşətli dövrdə yeni arzu və amalla qurulan gənc dövləti idarə etmək heç də asan iş deyildir.

O zaman erməniərin qeyri-insani davranışları, bütöv bir xalqa, azərbaycanlılara qarşı həyata keçirdiklər soyqırıma hüquqi-siyasi qiymət verilmədiyindən və cinayətkarlar cəzalandırılmadığından məhz XX əsrin 90-cı illərində də eyni faciə, soyqırımı yaşadıq.  Belə ki, 1992-ci ilin fevral ayında ermənilər azərbaycanlılara qarşı bir əsrdə ikinci ən böyük soyqırım aktını həyata keçirdilər. Azərbaycanın Xocalı şəhərində qadın, qoca, körpə demədən yüzlərlə insanı vəhşicəsinə qətlə yetirdilər.

Ümumiyyətlə, ermənilərin soyqırım və deportasiya siyasəti tarixin bütün dövrlərində davam edib və bu siyasətin reallaşmasında isə zaman-zaman ermənilər tərəfindən yaradılan terror təşkilatları yaxından iştirak ediblər. Hətta Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən soyqırıma da məhz həmin erməni terror təşkilatı üzvlərinin cəlb edildiyi bildirilir. Ümumiyyətlə isə, müxtəlif illərdə müxtəlif adlar altında yaradılan erməni terror təşkilatının təkcə Azərbaycanda deyil, eləcə də dünyanın müxtəlif məntəqələrində qanlı aksiyalar törətməsi barədə araşdırma materialları üzə çıxıb. Araşdırmaçı ekspert Rövşən Məmmədov deyir ki, erməni terror təşkilatlarının əməlləri bütün dünyaya bəlli olsa da, lakin həmin təşkilatların arxasında duran Ermənistan dövlətinə qarşı heç bir addım atılmır.  O, bildirib ki,  erməni terror təşkilatlarından biri kimi tanınan "Armenakan" Partiyası 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölqələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

1987-ci ildə Cenevrədə yaradılan "Hnçak" Partiyasının da əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus" və "İran" Ermənistanları adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir; "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir"

"Daşnaksütyun" Erməni Federativ İnqilab Partiyası 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarıb. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini verib .

Ekspert onu da deyib ki, "Daşnaksütyun" Partiyası tərəfindən yaradılan bir sıra terror qrupları da mövcuddur. Onlardan biri də  1973-cü ildə fəaliyyətə başlamış "Erməni "soyqırımının" intiqamçıları" qrupudur. Həmin qrup 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir.

 

"Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Bu qrumun Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib.

"Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu" (ASALA). 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əməkdaşlıq etməsində əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan həmin il "Nyu-York Tayms" qəzetinə verdiyi müsahibədə bildirib ki, bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir. ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlib və bu niyyətlərini Livanda rəsmiləşdirmiblər. Beyrut şəhərində 28.08.1993-cü ildə açıqlanan bəyanatında ASALA "pantürkist neft borusu" (Bakı-Tbilisi-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirib.

"Geqaron" terror təşkilatı 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsəd- Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının keçirilməsidir.

"Erməni azadlıq hərəkatı" (AOD) adlı qurum isə 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir.
1979-cu ildə yaradılan "Erməni azadlıq cəbhəsi" adlı terrror təşkilatı ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

"Orli qrupu" isə 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

"Erməni soyqırım ədalət komandosları" isə 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

"Erməni birliyi" adlı təşkilat 1988-ci ildə Moskvada yaradılıb. "ASALA" ilə sıx əlaqələri vardır, keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir.

"Demokratik cəbhə" adlı terror təşkilatı isə  Birləşmiş Ştatlar, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi türk dövlətinin parçalanmasıdır.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR