Separatizmə dəstək siyasəti

Yaxud dünyada demokratiya və təhlükəsizliyin qarantı olan bir ölkənin qeyri-obyektiv davranışı

Zaman-zaman Dağlıq Qarabağ probleminə olan ikili yanaşma, işğala məruz qalanla işğalçını eyniləşdirmək cəhdi, eləcə də bu problemin həllinə olan biganə münasibət bu günlərdə bir daha özünü açıq şəkildə büruzə verir. Söhbət işğal altında olan Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın okeanın o tayına səfəri və Birləşmiş Ştatlar Konqresində görüşlər keçirməsindən gedir. Hər nə qədər Vaşinqtondan bu səfər və Konqresdə separatçıların lideri ilə keçirilən görüşə don geydirilməyə, yol verdikləri böyük bir xətanı ört-basdır etməyə cəhdlər olsa da, reallıq ondan ibarətdir ki, Bako Saakyanın okeanın o tayına səfəri və konrqesmenlərlə keçirdiyi görüş bu və digər dərəcədə Vaşinqtonun separatizmə dəstəyinin göstəricisidir və bu Azərbaycan cəmiyyətində ciddi təəssüf hissi yaradır. Elə əksər ekspertlər də məhz bu qənaətdədirlər və Bako Saakyanın Konqresdə görüşünün təşkil edilməsini kəskin şəkildə tənqid edir, bunu Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlıq prinsiplərinə zərbə kimi dəyərləndirirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin başçısı Bako Saakyanın Birləşmiş Ştatlar Konqresində görüşlərinə görə, rəsmi Bakının Vaşinqtona nota verməsi müsbət addımdır. Onun sözlərinə görə Vaşinqtonun bu siyasəti, separatizmə və işğala dəstək kimi qiymətləndirilməlidir: "Son illərdə Birləşmiş Ştatlar Türkiyə və Azərbaycanın milli maraqlarına zərbə vurmaqla məşğuldur. Türkiyədə terrorçu və separtçı PKK-YPG-nı dəstəkləyir, Azərbaycana qarşı terroru davam etdirəni Konqrensində qəbul edir". M. Əsədullazadə deyib ki, dünyada demokratiya və təhlükəsizliyin qarantı olan bu ölkənin siyasəti göründüyü kimi heç də obyektivliyə söykənmir. Azərbaycan və Türkiyə Birləşmiş Ştatlarla diplomatik əlaqələri inkişaf etdirib, xoşagəlməz halların qarşısını almalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyir ki, Azərbaycanın hərbi təlimlər keçirdiyi bir ərəfədə separatçı rejim rəhbərliyinin okeanın o tayına səfər etməsi təsadüfi sayıla bilməz. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti illərdir beynəlxalq aləmə təlqin etməyə çalışır ki, guya Azərbaycan torpaqlarının işğalında onlarlıq bir iş yoxdur: "Azərbaycan Dağlıq Qarabağ rejimi ilə əlaqə qurub ortaq məxrəcə gəlməlidir. Bunun yalan olduğu hamıya bəllidir. Çox uzağa getmək lazım deyil. Dağlıq Qarabağ rejiminin əldəqayırma olduğu, İrəvandan idarə olunduğu son hadisə ilə bir daha sübut olundu. Deməli Azərbaycan Müdafiə Nazirliyi genişmiqyaslı təlimlərə başlayıb. Bu təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir. Aydındır ki, bu təlimlərin məqsədi Ermənistan hakimiyyətinə və Dağlıq Qarabağdakı separatçılara gözdağı verməkdir. Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməlidir. Bəs separatçıların lideri Bako Saakyan hardadır? O Birləşmiş Ştatlara səfər edərək Konqres binasında görüşlər keçirir. Bunun özü də ciddi müəmmadır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə seyrçi qalıb? Separatçıların liderini Dövlət Departamenti binasında qəbul etsələr, buna da təəccüblənmərəm. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin Birləşmiş Ştatların Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eynilə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri də Dövlət Departamentində gedərək amerikalı diplomatlara anlatmaq istəyib ki, yanlış addım atmayın. Ancaq bütün xəbərdarlıqlar qulaqardına vurulub. Vaşinqton separatçılara bu qədər nəvaziş göstərirsə, nə əcəb Amerikaya Cənubi Osetiya, Abxaziya və ya Donbass separatçılarının liderləri dəvət olunmur? Nə fərqi var ki, keçmiş SSRİ məkanında separatçılar eyni mərkəzə tabedirlər və həmin mərkəz Vaşinqtonun rəqibidir. Buna baxmayaraq, Vaşinqton üçün erməni separatçılarının yeri ayrıdır". Elxan Şahinoğlu deyib ki, Bako Saakyanın Birləşmiş Ştatlara səfərinin iki məqsədi var: "Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada yenə hansısa telemarafonda iştirak edib pul dilənmək və daha sonra həmin pulla işğal altındakı infrastruktur çalışmalarını genişləndirməkdir. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmağına şərait yaradır və bununla Birləşmiş Ştatlar-Azərbaycan münasibətlərinə xələl gətirir. Sonra da deyirlər ki, dünyada niyə Amerikaya rəğbət yoxdur? Olmaz də, göz görə-görə Azərbaycan kimi ölkələri özünüzdən küsdürürsünüz, elə Türkiyəni də bu yolla özünüzdən uzaqlaşdırdınız. Gələk əsas məsələyə. Bako Saakyan ona görə İrəvandan idarə olunan fiqurdur ki, başqası Azərbaycanın hərbi təlimləri haqqında məlumatı aldıqdan sonra səfərini yarımçıq saxlayıb Xankəndiyə gələrdi. Buna isə təlimat verilib ki, sən Vaşinqtonda işində ol , Dağlıq Qarabağın "təhlükəsizliyi" bizlikdir. Demək biz elə etməliyik ki, bu təlimlərin həm sayı artsın, həm də havaya qalxan hərbi təyyarələrimiz Azərbaycanın hava məkanının tamamında, o cümlədən Dağlıq Qarabağ səmasında uçuşlar həyata keçirsinlər". Politoloq onu da qeyd edib ki, Birləşmiş Ştatlar Konqresində ermənipərəst konqresmenlərin olduğun da məlumdur. Elə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Vaşinqtona səfərini onlar təşkil ediblər: "Bəs axı az da olsa həmin Konqresdə Azərbaycanla əlaqəli olan konqresmenlər də var, ara-sıra Bakıya gəlirlər, Azərbaycanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirlərə qatılırlar. Niyə onlardan biri Bako Saakyanın Konqresə gəlişinə etiraz etmir? Azərbaycanın Birləşmiş Ştatlardakı səfirinə də eyni sualı ünvanlaya bilərik: Bako Saakyanın Vaşinqtona səfərinə mane olmaq üçün nə etdiniz?"

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR