Cümhuriyyət dünyaya göstərdi ki...

Yaqub Mahmudov: "Ən qəddar müstəmləkə və repressiya rejimləri  Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil!"

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Olaylar.az Cümhuriyyət tariximizin 100 illik salnaməsinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovla birgə nəzər saldı.

Yaqub Mahmudov Cümhuriyyətin 100 illik yubiliyenin yüksək səviyyədə qeyd olunmasını və 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətçilik tariximizlə bağlı atılan mühüm addım olduğunu vurğuladı.

Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edən Yaqub Mahmudov Cümhuriyyətin XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandığını qeyd etdi.Cümhuriyyət dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Biz bütün Şərq üçün nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan beş il sonra, yəni 1923-cü ildə yaradılıb. Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Xalq Cümhuriyyəti dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət Azərbaycanın ilk müasir universitetini - Bakı Dövlət Universitetini təsis edib. Xalq Cümhuriyyəti irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib.

"Biz hər zaman ermənilərə əl uzatmışıq. O əlin ən uzununu "Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq" deyərək Məhəmməd Əmin Rəsulzadə uzadıb. Xalq Cümhuriyyəti Parlamentində erməni və "Daşnaksütyun" fraksiyaları var idi. Cümhuriyyət dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik və xalqlara bir ovuc cəllada görə münasibət bəsləmirik.

"Amma ermənilər bizim əlimizi tutmadılar. Bolşevik Rusiyası sifarişlə Qarabağdakı separatçı erməniləri bizə qarşı qaldırdı. Xalq Cümhuriyyəti də öz ordusunu Qarabağa göndərməli oldu. 1988-ci ildə yenə həmin ssenarini həyata keçirdilər və Qarabağda Sarkisyan kimi başkəsənlər separatçı hərəkatın başında durdular. Ermənilər bütün dünyanın gözləri qarşısında Xocalı soyqırımını törətdilər. Yəni, tarix təkrar olundu.

Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: Birinci dövr 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam edib. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan parlamenti çox mühüm tarixi qərarlar qəbul edib. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul edib.

Azərbaycan Milli Şurasının o zaman çox mürəkkəb və həlledici bir tarixi məqamda Tiflisdə - Qafqaz canişininin iqamətgahında elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində ikinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam edib. İlk iclas - 1918-ci il dekabrın 7-də, son iclas - 1920-ci il aprelin 27-də keçirilib. Bu dövrdə Parlamentin cəmi 145 iclası olub. Bütün bu iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq, ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi".

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və ordu quruculuğu məsələlərinə yönəltdiyinə diqqət çəkən Yaqub Mahmudov bildirdi ki,parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

"Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Xalq Cümhuriyyəti hökuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyevdən ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən, ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərildi. Rusiyada oxumaq üçün seçilmiş 13 gənc orada vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilmədi.

M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi".

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil.

Azərbaycan xalqının tarixində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən Türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı".

Tarix İnstitutunda Cümhuriyyət tarixi bağlı aparılan tədqiqatlara nəzər salan Yaqub Mahmudov qeyd etdi ki, bu tətqiqatlar zamanı 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövlətinin olmaması sübut olundu. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib.

"Sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması dururdu. Bundan başqa, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü" - deyə, Yaqub Mahmudov bildirdi.

"Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdular, işğalçılıq siyasətini davam etdirdilər. Bununla həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

Tarix tarixliyində qalır. Ənvər paşa 27 may 1918-ci il tarixində Vehib paşaya göndərdiyi teleqramında yazırdı: "Əgər bu gün Qafqazda beş-altı yüz min əhalisi olan və kafi miqdarda əraziyə malik kiçik bir Ermənistan təşəkkül edərsə, gələcəkdə əmrləri Amerikadan alaraq, o tərəfdən gələn ermənilərlə bu hökumət milyonlarla əhaliyə sahib olacaqdır. Və bizim üçün şərqdə bir Bolqarıstan daha yaranacaq..."

Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədlər ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl olunaraq nəşr edilmiş ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə "İstiqlal Bəyannaməsi" abidəsi ucaldılıb.

Məni narahat edən bir sıra məsələlərdən biri də budur ki, Cümhuriyyətin bolşevik Rusiyası ilə münasibətləri lazımınca və olduğu kimi öyrənilməyib. Bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımadı və nəticədə ölkəmizi işğal etdi. Bu istiqamət, eləcə də Cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca tədqiq olunmalıdır".

Qeyd edək ki, Tarix İnstitutunun Elmi Şurasının qərarına əsasən, "Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri", "Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri" (rusca), "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində" (rusca), "Şəki bölgəsi (1917-1920-ci illər)", "Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə", "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)" və digər əsərlər çap olunacaq.

Bu il martın 31-də azərbaycanlıların soyqırımının da 100 ili tamam olur. Tarix İnstitutu Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda kitablar çap etdirib. Bir kitabı da xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımını araşdıran Nigar Gözəlova Britaniya kitabxanasının arxiv sənədləri əsasında kitab yazıb. Həmçinin, Hərbi Prokurorluqla birgə 1918-ci il soyqırımları ilə bağlı sənədlər əsasında kitab hazırlanacaq.

Tarix İnstitutu "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları", "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycanın dövlətçilik tarixinin parlaq səhifəsi" və "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti-Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzularında beynəlxalq konfranslar keçirəcək.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR