Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisində təşkilatın uğurlu fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib

Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) XXV baş məclisi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, dövlət və hökumət nümayəndələri, AzQAC-ın üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri düzüblər. Mandat komissiyasının hesabatı dinlənildikdən sonra AzQAC-ın sədri, Milli Məclisin deputatı Novruz Aslanov tədbiri açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra təşkilati məsələyə baxılıb, AzQAC-ın yeni nizamnaməsi təsdiq olunub, baş məclisin rəyasət heyəti, katibliyi, hesablama komissiyaları seçilib.

AzQAC-ın sədri Novruz Aslanov hesabat məruzəsi ilə çıxış edib.

Məruzədə bildirilib ki, 1920-ci ildə əsası qoyulan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikada təmsil edən yeganə milli cəmiyyətdir. Azərbaycanın şanlı tarixinin ayrılmaz hissinə çevrilən Qızıl Aypara Cəmiyyəti hazırda respublikada ən böyük sosial bazaya malik qeyri-hökumət təşkilatlarından biridir. Bu gün Cəmiyyət öz sıralarında 370 mindən çox üzvü və 25 minə yaxın könüllünü birləşdirir. Hər il bu statistika artır. Bu illər ərzində AzQAC öz fəaliyyəti ilə kifayət qədər uğurlar əldə edib. Respublikada həyata keçirdiyi tibbi-sosial, humanitar və digər layihələr, müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığını, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələr buna misaldır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti xeyriyyəçilik kampaniyalarında iştirak etmək istəyən hər bir vətəndaşa şərait yaradır. Bu barədə danışan Novruz Aslanov deyib ki, belə kampaniyalar haqqında bütün məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilir. Bu da şəffaflığı təmin edən vacib amillərdən biridir.

Diqqətə çatdırılıb ki, AzQAC-ın əsas tərəfdaşları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qızıl Xaç Komitəsidir. Həyata keçirilən layihələrdə bu təşkilatların böyük rolu var. Son beş ildə bu təşkilatlarla birgə kifayət qədər uğurlu layihələrə imza atılıb. Fövqəladə hallara hazırlıq və cavabvermə, HİV, AİDS və vərəmlə mübarizə, səhiyyə maarifi, gənclər və könüllülərlə iş və digər layihələr bu qəbildəndir.

Rəhbərlik etdiyi qurumun KİV-lə sıx əlaqədə işlədiyini deyən Novruz Aslanov AzQAC-ın təşkil etdiyi bütün tədbirləri operativ və geniş işıqlandırdığına görə AZƏRTAC-a minnətdarlığını bildirib.

Novruz Aslanov gizli səsvermə yolu ilə yenidən təşkilatın prezidenti seçilib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu gün öz missiyasını uğurla davam etdirir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək, 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Bu münasibətlə Azərbaycan Xalq Cümhuriyyətinin da bir sıra tədbirlər keçirəcək və gördüyü işlər barədə ictimaiyyəti ətraflı məlumatlandıracaq.

Ərəstun Mehdiyev qeyd edib ki, müstəqilliyimizin ilk illərində hökm sürən mürəkkəb şəraitdə milli Qızıl Aypara Cəmiyyətinə böyük ehtiyac duyulurdu. Cəmiyyət həmin çətin dövrlərdə qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı xeyli işlər gördü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qurumun işində əsaslı dönüş yarandı. AzQAC-ın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təşkilatın bir qrup üzvü fəxri adlara layiq görülüb.

Prezident Administrasiyasının rəsmisi əmin olduğunu bildirib ki, təşkilat öz xeyirxah missiyasını və gərəkli fəaliyyətini bundan sonra da səylə davam etdirəcək.

AzQAC-ın tarixinə nəzər salan Milli Məclisin komitə sədri Eldar İbrahimov 1920-ci ildə yaranmış təşkilatın ötən müddətdə şərəfli yol keçdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, Qızıl Aypara Cəmiyyəti də ciddi çətinlik və problemlərlə üzləşmişdi. Bu məsələlərin həlli və təşkilatın fəaliyyətini canlandırmaq üçün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bir sıra Qanun layihələri qəbul edildi. Hazırda AzQAC heç bir donordan asılı deyil və müstəqil fəaliyyət göstərir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bəziləri Azərbaycana demokratiya dərsi keçmək istəyirlər. Halbuki, Azərbaycanda demokratiya yüz il əvvəl, Xalq Cümhuriyyətinin yaranması ilə bərqərar olub. Bu gün ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatları mövcuddur və sərbəst fəaliyyət göstərirlər. AzQAC da bunun bir nümunəsidir. O, nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə layiqli yer tutub. Qurum bu illər ərzində humanizm prinsiplərini əsas götürüb və onun fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər.

Əli Həsənov qeyd edib ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Azərbaycanda 15 ofisi fəaliyyət göstərir. Bütün ofislər bir-biri ilə sıx əməkdaşlıq şəraitində işləyirlər. AzQAC ölkəmizdə fəaliyyət göstərən ən böyük müstəqil QHT-dir. Onun müstəqilliyini şərtləndirən əsas amil heç bir donordan asılı olmamasıdır. Təşkilat çətin vəziyyətdə olan insanlara kömək edir, çoxsaylı humanitar layihələr həyata keçirir. Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda reytinqdə 35-ci yeri, MDB ölkələri arasında isə birinci yeri tutduğunu xatırladan Baş nazirin müavini deyib ki, ölkəmizin dinamik inkişafı qaçqınlar və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara hərtərəfli qayğı göstərir. Müstəqilliyinin ilk illərində erməni işğalına məruz qalan Azərbaycanda yaşayan 7 milyon insandan 1 milyonu doğma yurd-yuvalarından didərgin düşmüşdü. O zaman Azərbaycan heç kimdən kömək gözləmədən öz problemlərini həll etdi və bu işə AzQAC da öz töhfəsini verib. Ölkəmizdə qaçqınların və məcburi köçkünlərin hüquqları tam şəkildə qorunur. Amma Azərbaycana demokratiya və insan hüquqları dərsi keçməyə çalışan, yüz milyonlarla əhalisi olan Avropa bir milyon miqrantın hüquqlarını təmin edə bilmir.

Çıxışının sonunda Ə.Həsənov təşkilatın öz humanist missiyasına bundan sonra da səylə davam edəcəyinə əminliyini ifadə edib.

Bununla da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV baş məclisi başa çatıb. AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR