“Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda ilk “Novruz mühazirəsi”

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şamaxı şəhərində "Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında" mövzusunda "Novruz mühazirəsi" keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri və KİV təmsilçiləri iştirak edib.

Seminara, həmçinin ölkəmizin ali məktəblərində təhsil alan ABŞ, Türkiyə, Rusiya, İran, Çexiya, Çin və digər ölkələr olmaqla ümumilikdə 30 nəfər əcnəbi tələbə qatılıb.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib və önünə əklil qoyulub. Daha sonra qonaqlar Şamaxı soyqırımı qurbanların xatirəsinə qoyulmuş abidəni ziyarət ediblər.

Səfər iştirakçıları 1918-ci ildə Şamaxı soyqırımı zamanı ən böyük qırğınların törədildiyi "Cümə" məscidinə baş çəkiblər. Məlumat verilib ki, əhalinin sığındığı məsciddə ermənilər yanğın törədərək təqribən 1700-dən artıq günahsız insanı qətlə yetirib, məscidi top atəşinə tutaraq yandırıblar. Soyqırımı zamanı ciddi ziyan dəymiş tarixi mədəniyyət abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə 2013-cü ildə əsaslı bərpa edilib.

Sonra tədbir Şamaxı şəhəri İncəsənət Təhsili Mərkəzində davam etdirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qonaqları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov 1918-ci il soyqırımının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa yaraşmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb. Nazir müavini tədbirin keçirilməsinin məqsədinin Azərbaycan Prezidentinin "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılması olduğunu bildirib.

Daha sonra Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 1918-ci ilin mart ayında Şamaxıda törədilən soyqırımı faktlarından danışıb.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov isə "Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında" mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədən sonra iştirakçılar Şamaxı rayonu Əngəxaran kənd məktəbindəki soyqırımı anım lövhəsini ziyarət ediblər. Bildirilib ki, erməni silahlı birləşmələri 1918-ci ilin mart ayında Əngəxaran kəndinə də qəfil hücum ediblər. Müdafiəsiz əhaliyə qarşı amansız qırğınlar törədilib, kənd qarət olunub.

Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz mühazirələri" keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR