İstanbulda Azərbaycan Dostluq Parkı və Xocalı abidəsinin açılışı olub

Əli Həsənov: " Bizə dost kimi gələn- dost kimi qarşılanacaq, düşmən kimi gələn-düşmən kimi öz cavabını alacaq"

Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində qardaş Türkiyə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdədir. Bununla kifayətlənməyən qardaş ölkə ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciə qurbanlarının xatirəsini əbədiləşdirmək istiqamətində də mühüm addımlar atmaqdadır. Xüsusən, Türkiyə Cumhuriyyətinin müxtəlif əyalətlərində Xocalı soyqırımı abidəsinin ucaldılması ənənə halını alıb. Fevralın 25-də də İstanbulun Bağçılar rayonu ərazisində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə Xocalı faciəsi qurbanları abidəsinin  və  Azərbaycan Dostluq Parkının açılış mərasimi keçirilib. Parkda ermənilərin törətdiyi Xocalı soyqırımı şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Sözügedən park Azərbaycanın İstanbuldakı baş konsulluğu, İstanbul metropol bələdiyyəsi və Bağçılar bələdyyəsinin birgə fəaliyyəti nəticəsində açılıb. Açılış mərasimində Azərbaycan və Türkiyənin dövlət və ictimai xadimləri- Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov,  İstanbul valisi  Vasip Şahin, İstanbul bələdiyyə başçısı Mevlüt Uysal, Azərbaycan İstanbul Baş Konsulu Məsim Hacıyev, Bağçılar bələdiyyə başçısı  Loğman Çağrıcı  iştirak ediblər. Tədbirdə ilk söz o qanlı gecədə ata və anasını itirən, o zaman yeddi yaşı olan Səbinə Məhərrəmovaya verilib. Tədbirdə çıxış edən Bağçılar bələdiyyə başqanı Lokman Çağrıcı abidənin təkcə Xocalı şəhidlərinin deyil, Türkiyə və Azərbaycanda həyatını itirən bütün şəhidlərin xatirəsini əbədiləşdirdiyini vurğulayıb. Azərbaycanın Türkiyə üçün təkcə strateji dost və qardaş ölkə deyil, eləcə də tale ölkəsi olduğunu diqqətə çatdıran İstanbul metropol bələdiyyəsinin başqanı Mevlüt Uysal qeyd edib ki, Xocalı abidəsi tarixi şüuru yaşatmaq və canlı saxlamaq məqsədi daşıyır: "Azərbaycanlı qardaşlarımız əmin olsunlar ki, Qarabağ məsələsində biz də ən azı onlar qədər kədərlənir, Vətən torpaqlarının işğaldan azad edilməsini istəyirik". Mərasimə qatılan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə -Azərbaycan münasibətlərində maraq birliyinin durmadığını, iki ölkə arasındakı dostluğun-qardaşlığın təməlində tale birliyinin durduğunu vurğulayıb: "Əminəm ki, burada salınmış Türkiyə-Azərbaycan Dostluq Parkı gələcək nəsilləri də bir-birinə bağlayacaq və buraya gələn insanlara qardaşlığın əbədi olduğunu xatırladacaq". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün əvvəl dediyi "Azərbaycanın yaşanan bu faciənin közü bizim də ürəyimizi odlayır"sözlərini xatırladan Ə.Həsənov qeyd edib ki, burada ucaldılan Xocalı abidəsi də insanlara sülh, barışıq aşılayacaq: "Biz türklər dünyada qan axıdılmasını istəmirik, biz dünyada qan axıdılmasının dayandırılmasını istəyirik. İstanbul meqapolisdir, buraya 100 milyonlarla insan gəlir. Onlar gəlib burada bizim etdiyimizin mahyyətini anlayaraq türklərin nə qədər ulu, mötədil, nə qədər multikultural xalq olduğunu öz gözlərilə görəcəklər". Ə.Həsənov əlavə edib ki, niyə 200 ildən çoxdur ki, Türkiyəyə qarşı böhtan xarakterli qərarlar qəbul edən ölkələr biz türklərə qarşı yapılan soyqırımlara və qətliamlara qiymət vermirlər: "Tarixi məsələləri obyektiv şəkildə araşdırmaq üçün dünya dövlətlərini öz arxivlərini açmağa çağırırıq. Bizə dost kimi gələn- dost kimi qarşılanacaq, düşmən kimi gələn-düşmən kimi öz cavabını alacaq". Sonra Əli Həsənov, Mevlüt Uysal və Vasip Şahin Azərbaycan Dostluq Parkında ucaldılan Xocalı abidəsini açıb və parkda ağac əkiblər.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR