Qoca qitədən  idarə olunan antiAzərbaycan şəbəkəyə Avropanın özündən tərs sillə

Yaxud Milan məhkəməsinin ədalətli qərarı Azərbaycan əleyhdarlarını çətin vəziyyətə salıb

Azərbaycana qarşı planlı şəkildə atılan çamur, şər, böhtan bumeranq effekti verərək elə ayrı-ayrı ölkələrdə, xaricdə formalaşmış  antiAzərbaycan şəbəkənin özünə doğru çevrilir, istiqamət alır. Çünki həmin fəaliyyətlər, kampaniya heç bir məntiqə sığmır, əsassız, qərəz məqsədi daşıyır. Necə ki, bir müddət əvvəl gündəmə gələn Luka Volonte "qalmaqalı" kimi. Belə ki, 2017-ci ilin ortalarında anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə belə bir iddia ortaya atıldı ki, guya Avropa Şurası Parlament Assambleyasının Avropa Xalq Partiyasının deputatlar qrupunun sədri Luka Volonte, eləcə də müəyyən avropalı parlamentarilər Azərbaycandan külli miqdarda rüşvət alıb. Özü də nə az-nə çox 2 milyon 640 min dollar. Azərbaycan tərəfinin Volonteyə verdiyi "rüşvətin" qarşılığlnda isə Avropa Xalq Partiyasının deputat qrupunun sədri Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslar üzrə Strasserin məruzəsinin qəbul edilməməsinə çalışıb.

Açıq-aşkar böhtan və şər kampaniyasının arxasında kimlərin, hansı qüvvələrin durduğu əslində əvvəlcədən bəlli idi. Yenə də Azərbaycana qarşı qurulan bu oyunun əsas oyunçuları sırasında erməni lobbisinin maraqlarına xidmət edən müəyyən xarici dairələr və onlara Avropada dəstək verən antimilli ünsürlər yer alırdı. Təbii ki, Azərbaycana qarşı qurulan bu oyunun, şər kampaniyasının maliyyə qaynağı rolunu isə erməni lobbisi oynayırdı. Məqsəd bəlli və dəyişməz idi. Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, onun nüfuzuna, siyasi çəkisinə xələl gətirmək. Və dünyada, ən əsası da Avropada belə bir fikir formalaşdırmaq ki, Azərbaycan hakimiyyəti korrupsiya, rüşvətlə idarə olunur. Və hətta vəziyyət o həddə çatıb ki, Azərbaycan Avropanın bir sıra siyasilərini də rüşvət yolu ilə ələ alıb. Bununla eyni zamanda antiAzərbaycan şəbəkə Bakı ilə beynəlxalq təşkilatlar arasında normal əməkdaşlıq mühitinə zərbə vurmaq, əlaqələrə xələl gətirmək, nüfuzlu beynəlxalq təşkilat və qurumların daxilində Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq xətti də həyata keçirirdi. Ancaq təbii ki, irəli sürülən iddianın heç bir əsası olmadığı və yalnız qərəz şəxsi təxəyyül, Azərbaycana qarşı nifrət hissindən qaynaqlanan bir yanaşma müşahidə edildiyi üçün bu istiqamətdə ciddi araşdırmalar tələb edirdi. Və gözlənildiyi kimi də oldu. Guya Azərbaycandan rüşvət aldığı iddia edilən Avropa Şurası Parlament Assambleyasının Avropa Xalq Partiyasının deputatlar qrupunun sədri Luka Volonte məsələnin hüququ aspektdə araşdırılması üçün şər kampaniyası gündəmə gələn gündən hərəkətə keçdi. Beləliklə, Luka Volontenin timsalında "haqq nazilər, ancaq üzülməz" prinsipi bir daha öz təsdiqini tapdı. Xəbərlərdən də aydın olduğu kimi Azərbaycanla korrupsiya əlqələrində ittiham olunan, AŞ PA Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barəsində İtaliyanın Milan məhkəməsində bəraət hökmü çıxarıldı.

Luka Volonte barədə Milan məhkəməsinin çıxarmış olduğu bəraət hökmü öz-özlüyündə bir neçə məqamın aydınlaşmasına bir daha şərait yaratdı.

Birincisi, ən əsası Azərbaycana qarşı aparılan kampaniya, onu nüfuzdan salmaq cəhdləri Volonte işində olduğu kimi, bundan sonra da iflasa uğrayacaq, heç bir məntiqi nəticəyə çatmayacaq. Çünki yuxarlda da qeyd etdiyimiz kimi bütün bunlar heç bir əsasa söykənmir, yalnız şər, böhtan, qərəz üzərində qurulur. Ona görə də kimin, hansı qüvvələrin nə etməsindən, hansı fəaliyyətdə olmasından asılı olmayaraq bu birmənalıdır ki, yalan ayaq tutar, amma yeriməz. Bunu antiAzərbaycan şəbəkə birdəfəlik dərk etməlidir.

İkincisi, Volontenin bəraət alması əslində ədalətin, haqqın qələbəsidir. Və çox sevindirici haldır ki, biz Avropada bunun əyani şahidinə çevrildik. Bir qayda olaraq Avropadan yalnız ədalətsiz yanaşma, qeyri-obyektiv qərarlar gördüyümüzdən Milan məhkəməsinin qərarı hələ də qoca qitədə haqq, ədalət prinsiplərinin qorunduğunu ortaya qoydu.

Üçüncüsü, Azərbaycan hakimiyyətini korrupsiya, rüşvətxorluqda ittiham edənlərə addım başı nümunə göstərdikləri Avropanın özündən belə tərs sillə vurulmuş oldu. Və ən əsası Azərbaycan hakimiyyətinin korrupsiyadan kənar fəaliyyət göstərdiyi hüquqi prizmada belə təsdiqini tapdı.

İndi top Azərbaycan tərəfindədir və qapıda duranlar antiAzərbaycan şəbəkəsi və onların havadarlarıdır. Çünki rəsmi Bakı da ona atılmış şər və böhtana hüquqi çərçivədə cavab vermək niyyətindədir. Hər halda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə kömıəkçisi Əli Həsənovun son açıqlaması onu deməyə əsas verir ki, ölkəmizə qarşı çirkin kampaniyada yer alan qüvvələrə qarşı hüquqi müstəvidə tədbirlər görüləcək. Prezidentin köməkçisi deyib ki, bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik: "Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib. Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR