Prezidentliyə namizədin xaricdən dəstək axtarışı

Yaxud VİP sədrinin İrana dəvətinin arxasında dayanan gizli mətləblər

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi hərəkətlilik də artır. Müxalifətin radikal düşərgəsini çıxmaq şərti ilə əksər siyasi partiyalar demək olar ki, seçki hazırlığındadır. Hakim Yeni Azərbaycan Partiyasından tutmuş müxalif siyasi qüvvələrə qədər. Artıq hakim Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevlə yanaşı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Partiyasının sədri Fuad Əliyev, AXCP sədri Razi Nurullayev, VİP sədri Əli Əliyev 11 aprel prezident seçkilərində iştirak edəcək namizəd kimi göstərilir. Eyni zamanda heç bir partiya mənsubiyyəti olmayan  millət vəkili Zahid Oruc da öz iddiasına ortaya qoyaraq seçkilərdə ölkənin bir nömrəli postu uğrunda mübarizə aparmaq niyyətini açıqlayıb. 

Hər seçki ərəfəsində olduğu kimi bu dəfəki seçkilər zamanı da seçki mübarizəsinə qatılan müxalif düşərgəsində maraqlı, maraqlı olduğu qədər də zərərli bir tendensiya müşahidə edilir. Söhbət həmin düşərgədən seçki mübarizəsinə qoşulmaq niyyətini açıqlamış bu və ya digər namizədin daxildən, Azərbaycan cəmiyyətindən daha çox xaricdən dəstək axtarışına çıxmasıdır. Əgər ötən seçkilərdə bu kimi zərərli tendensiya əsasən radikal müxalifət düşırgəsində özünü büruzə verirdisə, bu dəfə eyni funksiyanı bir qədər konstruktiv görünməyə çalışanlar, əksəriyyət məsələlərdə radikallarla bir mövqeni bölüşməyən siyasi qüvvələr icra edir. Konkret desək Vətəndaş və İnkişaf Partiyasının timsalında bu aydın görünür.

Xəbərlərdən də aydın olduğu kimi prezidentlik uğrunda mübarizəyə qoşulmaq niyyətində olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu günlərdə cənub qonşumuza səfər edib. İran İslam Respublikasının elan olunmasının 39-cu ildönümü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etmək məqsədi daşıyan səfər zamanı VİP sədrinin bir sıra görüşlər keçirəcəyi, hətta İran prezidenti Həsən Ruhani ilə də görüşəcəyi partiyanın mətbuat xidmətinin yaymış olduğu açıqlamada yer alırdı. Əslində  bir çoxları deyə bilər ki, VİP sədri Əli Əliyevin İslam Respublikasına səfərində hansısa qaranlıq məqam axtarılmasına zərurət və ya əsas yoxdur. Amma səfərin hansı şəraitdə və zamanda həyata keçirilməsinə diqqət yetirdikdə kifayət qədər əsaslar ortaya çıxır.

Əvvəla, Əli Əliyevin İran İslam Respublikasına səfərinin vaxtı diqqət çəkicidir. Yəni prezident seçkiləri ərəfəsi. Düzdür, bu arqumenti VİP-çilər əsassız hesab edə bilərlər. Və bunu belə əsaslandırarlar ki, İran İslam Respublikasının elan edilməsinin 39 illiyi məhz bu ərəfəyə təsadüf edir. Hətta bir qədər də irəli gedib belə bir fikir səsləndirmələri də mümkündür. "Əli Əliyevdən ötrü İran İslam Respublikası elan olunmasının 39-cu il tədbirlərini ertələyəsi deyildi ki ". Bir qədər məntiqli yanaşmadır. Amma qeyd etdiyimiz kimi partiya sədrinin cənub qonşumuza səfərinin seçki ərəfəsinə təsadüf etməsi heç də məntiqli deyil.

Bir qayda olaraq əksər dövlətlərdə siyasi partiya rəhbərliyi, hətta hakimiyyətdə olan partiya belə seçki ərəfəsində bütün xarici səfərlərini ertələyir, təxirə salır. Əsas diqqəti seçki hazırlıqlarına, daxili auditoriyayla işləməyə yönəldir. Nəzərə alsaq ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir, o halda VİP sədrinin məntiqli olaraq İran səfərindən imtina etməsi başadüşülən olardı. Amma biz tamam fərqli bir situasiyanın şahidi olduq. Yəni, Əli Əliyev İrana səfər etdi.

Səfərin xüsusi dəvət əsasında, özü də prezident seçkiləri ərəfəsində baş tutması bəzi qaranlıq məqamlardan xəbər verir. Bəs, qaranlıq məqamlar nələrdir?

Birincisi, Əli Əliyev müxalifət partiyası sədrləri arasında yeganə şəxsdir ki, İran İslam Respublikasına səfərə dəvət olunub. Azərbaycan müxalifəti içərisindən nə üçün məhz VİP sədrinin İslam İnqilabının 39-cu ildönümü ərəfəsində İrana dəvət edildiyi Əli Əliyevin prezidentliyə namizəd olması ilə daha çox əlaqəli görünür. Sirr deyil ki bir qayda olaraq Azərbaycan bu və ya digər seçkilər ərəfəsində olanda xarici dairələrin, yaxın və uzaq ölkələrin də maraq dairəsinə çevrilir. Xüsuilə qonşularımız, ən əsas da İran ciddi cəhdlə Azərbaycanda onun maraqlarına daha çox uyğun gələn birinin hakimiyyətdə olmasını arzulayır. Əgər yaxın tarixə nəzər salsaq 2005 və 2010-cu illərin parlament seçkiləri zamanı da İran açıq və ya gizli formada ölkədə keçirilən seçki prosesinə müdaxilə etmək istəyində olub. O zaman istəyinə nail ola bilməyən Tehran hesab edir ki, indi onun üçün əlverişli şərait yetişib. Daha dəqiq desək Əli Əliyevin prezidentliyə namizədliyi İranın işinə yaraya bilər, Elə VİP sədrinin Tehranda keçirəcəyi görüşlər də belə deməyə əsas verir. Hər halda partiyanın yaymış olduğu açıqlamada bildirilirdi ki, Əli Əliyev İran səfəri zamanı bu ölkənin prezidenti Həsən Ruhani ilə yanaşı bir sıra rəsmi şəxslərlə də görüşəcək. İranda əsas idarəçiliyin Ali dini liderin əlində cəmləndiyini və son məlumatlara görə onun xəstə olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, molla rejiminin seçki ilə bağlı təlimatlarını VİP sədrinə məhz Həsən Ruhani çatdıracaq. Amma Tehran razılaşmasının alınıb-alınmayacağı da sual altındadır. Bəlkə də elə bu səbəbdəndir ki, bu günlərdə yığılan VİP Məclisi prezident seçkilərində iştirakla bağlı yekun qərar qəbul edə bilməyib və Məclis qərara alıb ki, məsələ Əli Əliyevin səfərindən sonra bir daha müzakirə olunub yekun qərar qəbul ediləcək. Deməli, hər şey cənub qonşumuzun təlimatından asılı olacaq.

VİP sədri barədə şübhələrin meydana gəlməsinin ikinci səbəbi isə onun Bakı kəndlərinə daha çox bağlı olmasıdır. Məlumdur ki, partiyanın rəhbər strukturlarında Bakı kəndlərindən kifayət qədər tanınmış simalar təmsil olunur. Həmçinin VİP-in Bakı kəndlərində yerli təşkilatları da nəzərə çarpacaq dərəcədə fəaldır. Məsələyə bu aspektdən yanaşsaq və İranın da Bakı kəndlərinə, xüsusilə Nardarana təsir dairəsinin olduğuna diqqət yetirsək belə qənaətə gəlmək olar ki, Tehran öz aləmində quşu gözündən vurub. Amma cifayda. Çünki həm Tehrana, həm də elə VİP ssdrinin özünə də bəllidir ki, ölkədə seçkilərin taleyini xalq həll edir. Conlar, aleksandrlar, ayətullahlar deyil.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR