Erməni fitnəsinə uyan və Milanın biabır etdiyi “mestnıy patriotlar”

Müasir dövrdə dövlət olaraq önə çıxmaq, qalib olmaq üçün 3 əsas metod var: İnformasiya məkanında intellektual mübarizə, lobbi fəaliyyətindən yararlanmaq və dünyada sözü keçən ictimai-siyasi xadimləri (rəy liderlərini) özünə dost etmək.

Qarabağ kimi mühüm problemi, işğal altında torpaqları olan Azərbaycanın isə dünya boyunca -beynəlxalq qurumlarda, beyin mərkəzlərində, aparıcı dövlətlərdə proseslərə təsir etmək imkanında olan şəxsləri, qüvvələri özünə daha çox cəlb etməsi ehtiyacı təbiidir. Bir vaxtlar bəziləri gileylənirdi ki, Azərbaycan beynəlxalq aləmdə təbliğat imkanlarından maksimum yararlanmır, intellektual mübarizədə, informasiya müharibəsində zəifdir və s. Amma biz dövlətimiz naminə təbliğatı gücləndirəndə, beynəlxalq arenada mühüm siyasi postlar daşıyan şəxsləri özümüzə dost edəndə, ermənilərlə intellektual mübarizədə önə çıxanda yuxarıda qeyd edilən - "Azərbaycan informasiya mübarizəsinə əhəmiyyət vermir, dostlar qazanmır"  kimi iddialarda bulunmuş bir çox "patriotların" ermənilərin dəyirmanına su tökməyə başlamasının şahidi olduq...

Söhbət nədən gedir; Azərbaycan xüsusilə 2011-2016-cı illərdə Avropa Şurası Parlament Assambleyasında çox uğurlu, planlı fəaliyyət nəticəsində mövqelərini kifayət qədər gücləndirdi, dövlətimiz əleyhinə erməni təbliğat maşınını sıradan çıxardı. Həmin dövrdə ermənilərin, erməni lobbisinin AŞ PA-da Azərbaycana qarşı hazırladıqları bir çox qətnamələrin qəbuluna imkan verilmədi. Eyni zamanda Azərbaycanın lehinə xeyli qətnamələr çıxarıldı, qərarlar verildi. Bunlardan təkcə birini qeyd etmək kifayətdir ki, bu qurumda ermənilərin burnunu ovduğumuz görünsün. Söhbət bu qurumda o zaman Azərbaycanı AŞ PA-da təmsil edən deputat Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanmış və qəbul edilmiş 2085 (2016) saylı qətnamədən gedir. Bu sənəddə AŞ PA tarixində ilk dəfə olaraq Ermənistan açıq-aydın şəkildə işğalçı kimi tanındı! Həmin qətnamədən sonra AŞ PA-nın o zamankı prezidenti Pedro Aqramunt açıqlama verərək, Ermənistanı təcavüzkar adlandırdı. Ermənilərin bundan narahatlığı və təlaşı bu gün də davam edir. Çünki bu sənəd AŞ PA-nın təsir coğrafiyasında Azərbaycanı tam qoruyur və geriyə dönüşü yoxdur.

Həmçinin qeyd edilən dönəmdə erməni lobbisinin birbaşa sifarişi ilə Azərbaycana qarşı hazırlanan sanksiya xarakterli sənədin qəbul olunmasının qarşısı alındı.

Həmin dövrlərdə Azərbaycanın haqq savaşında, ermənilərin ifşa edilməsi, dövlətimizin Avropa ilə düşmən edilməsi kimi məkrli ermənipərəst siyasətin qarşısının alınmasında bir sıra AŞ PA üzvləri ölkəmizə dəstək verdilər. Bu proseslərdə Azərbaycanı müdafiə edənlər sırasında AŞ PA-nın sabiq vitse-prezidenti, italiyalı deputat Luka Volonte öndə oldu.

Əlbəttə, bütün bunlar erməni lobbisini xüsusi narahat etməyə bilməzdi.   Belə bir həssas, erməni təbliğat maşını darmadağın edildiyi vaxtda -  təxminən 2016-cı ilin ikinci yarısından Azərbaycana qarşı məkrli bir kampaniyaya start verildi. Özü də çox hiyləgərcəsinə hazırlanmış bir plan quruldu ki, Azərbaycan cəmiyyətində də hansısa bir şübhə toxumu səpməyə nail olsunlar. İddia ondan ibarət idi ki, Azərbaycan bu prosesləri pulla idarə edir. Burada bir qeyd edək; hər birimiz dövlətimizin maraqları naminə, Qarabağ mübarizəsində canımızdan keçəcəyimizi dönə-dönə hər zaman vurğulayırıq. Məgər dünya boyunca dövlətimizin maraqları üçün gərəkdiyi anda pulumuzdan keçməməliyikmi?! Lobbi anlayışından xəbərdar olmayanlar, azca dünyanın gərdişinə bir baxsın!..

AŞ PA-da Azərbaycana tam uduzan ermənilər bunu "AŞ PA-da korrupsiya" kimi bəyan edib, bir fitnə saldılar. Azərbaycan üçün AŞ PA-da mühüm işlər görüldüyü bir vaxtda bununla Azərbaycanın dostlarını sıradan çıxarmağa çalışdılar. Xüsusilə Luka Volonteyə qarşı bir proses başladı. Qarabağla bağlı AŞ PA-da qəbul olunmuş iki mühüm qətnamənin müəllifi olan deputat Elxan Süleymanovu da ermənilər və ermənipərəstlər bu böhtan kampaniyasına qatdılar. Ermənipərəst beyin mərkəzlərində hazırlanan hiyləgər projedə Azərbaycana qarşı kampaniyaya nə qədər acı olsa da, "sapı özümüzdən olan baltalar" da qoşuldular. Xüsusilə Əli Kərimlinin ətrafında olan bir qaragüruh kəsim Qarabağ uğrunda gedən bu intellektual mübarizədə öz fərdi maraqları üçün erməni dəyirmanına 2 ildən çox su tökdülər.

Amma sonda nə baş verdi? Erməni kələyi üzrə bu iddialara dair İtaliyada aparılan araşdırmaların sonunda 13 fevral 2018-ci ildə Milan Məhkəməsi Azərbaycana, Volonteyə, Elxan Süleymanova qarşı deyilənlərin şər-böhtan olması qərarını verdi. Faktiki olaraq bu işdə adı keçən Azərbaycanın dostu Volonteyə bəraət verildi. Bu iş aydınlaşdı, şəxslərə, dövlətimizə qarşı iddialar puç oldu. Amma qaragüruhun, daxili düşmənlərimizin (hansı ki, özlərini pafosla "vətənpərvər" elan edirlər) yer aldığı fitnəkar, tormozlayıcı proje nəticəsində biz AŞ PA-da Qarabağ mübarizəsində azı 2 il geri düşdük. Utanırsınızmı?

Elşad MƏMMƏDLİ

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR