Sədr müavini: “Vətəndaşlarımızın seçkilərdə iştirakına dair təlimat mövcuddur”

"Azərbaycanda gedən istənilən proseslər xaricdə yaşayan soydaşlarımız, Azərbaycan xalqının nümayəndələri tərəfindən birmənalı şəkildə böyük əhəmiyyət və maraq kəsb edir. Soydaşlarımızın xaricdə yaşamalarına baxmayaraq, Azərbaycanla çox sıx əlaqədədirlər və məlumat əldə edirlər. Təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsi də bu işdə rolu danılmazdır". Bunu  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) sədrinin müavini Ramin Məmmədov deyib.

DİDK rəsmisinin sözlərinə görə, Azərbaycan Respublikasında keçirilən istənilən səpkidə seçkilərdə (referendum, prezident seçkiləri və s.) xaricdə yaşayan Azərbaycan vətəndaşları aktiv şəkildə iştirak ediblər: "11 aprel 2018-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində də həmin insanlar yaradılacaq seçki məntəqələrinə gələrək Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarından istifadə edərək ölkəmizin inkişafına səsvermələri istisna edilmir. Ötən prezident seçkilərində 40-a yaxın Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində fəaliyyət göstərən seçki məntəqələri yaradılıb. Müxtəlif ölkələrin ərazi böyüklüyünü nəzərə alaraq diaspor təşkilatları paytaxtda həmin diplomatik nümayəndəliklərin fəaliyyət göstərdikləri şəhərlərə Azərbaycan Respublikası vətəndaşlarının seçkidə aktiv iştirak etmələri, səsvermə hüququndan istifadə etmələri üçün müxtəlif logistik problemləri aradan qaldırıblar. Almaniyadan bir neçə şəhərdən Berlin istiqamətində avtobus marşurutları təşkil olunmuşdur. Bunu eyni zamanda Ukraynaya, Rusiyaya və s. şamil etmək olar. Bunları sadalamaqda məqsədim ondan ibarətdir ki, Azərbaycan diaspor nümayəndələri sadəcə olaraq səsvermə hüquqları olmayan bir soydaşlarımız kimi proseslərdən kənarda qalmamış tam əksinə səsvermə hüququna malik olan vətəndaşları bu işə təşviq etmək, bu problemləri təbliğ etmək, ölkəmizin uğurlarını sevinərək yaxın qonşularına, müxtəlif təşkilatlara ünvanlamaq, onları məlumatlandırmaq istiqamətində ciddi addımlar atıblar.

2013-2015-ci il parlament, prezident seçkilərindən sonra seçkilərin nəticələrinə dair obyektiv, müsbət rəy yazan beynəlxalq təşkilatların Azərbaycana göndərdiyi nümayəndə heyətlərinin hər birinə diaspor təşkilatları tərəfindən müxtəlif təşəkkür məktubları göndərilmişdi. Bildiyiniz kimi xaricdə yaşayan Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakına dair təlimat mövcuddur. Təlimat DİDK-nın internet saytında yerləşdirilib. Bundan əlavə təlimatlar bu gün hər bir şəxsin, gəncin istifadə etdiyi sosial şəbəkələr və digər çap materialları vasitəsilə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın diqqətinə çatdırılır ki, hüquqlarını bilsinlər. Prezident seçkiləri nəticəsində ölkənin bir neçə il bundan sonrakı mərhələsində Azərbaycanın həm beynəlxalq aləmdə siyasəti, iqtisadi inkişafı həm də sosial rifahı təyin ediləcəkdir. Təbii ki, Azərbaycan diaspor nümayəndələri də ölkəmizlə sıx bağlılığı olduğu üçün Azərbaycanın gələcəyinə laqeyd qala bilməzlər". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR