Yerli özünüidarə orqanları icra hakimiyyətlərindən asılı vəziyətə düşüblər

Deputat: "Bələdiyyələr yerli İcra hakimiyyəti ilə cinayət sövdələşməsinə gedirlər"

Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənilib. Hesabatı təqdim edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, 1 978 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Qanunvericiliyə uyğun olmadığı üçün 740 akt ləğv edilib, 714-ü isə dəyişdirilib. Nazir müavini bildirib ki, 2017-ci ildə 2 636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub: "Həmin torpaq sahələrinin bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb". V. Zahirovun sözlərinə görə, ötən il bələdiyyə aktları vaxtında təqdim edilmədiyi üçün 98 inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 20 işə isə hazırda baxılır. Əlavə edib ki, ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı 2252 müraciət daxil olub ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavab verilib: "41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini tapıb". Nazir müavini qeyd edib ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: "24 belə fakt olub, həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat bələdiyyəsində, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı, Zərdab rayonunda və başqa bələdiyyələrdə aşkar edilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb".V. Zahirov deyib ki, ötən il bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub: "Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır".
Hesabatın müzakirəsi zamanı çıxış edən millət vəkili Elmira Axundova deyib ki, Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtı bu vəzifələri icra etməyə hazır olmurlar. Buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir: "Düzdür, ötən il təlimlərin sayı artsa da, tədris kursları artırılmalıdır.Ötənilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir". Deputat onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi icra hakimiyətlərindən asılı olmalarıdır. Deputat Çingiz Qənizadə qeyd edib ki, "İctimai iştirakçılıq haqqında" qanun qəbul edilməzdən 7-8 il öncə Ədliyyə Nazirliyində ictimai komitə yaranmışdı. Burada aparılan islahatlar şəffaflıq, ictimai komitənin üzvlərinin iştirakı ilə həyata keçirilir: "Ona görə də Ədliyyə Nazirliyinin digər orqanlarında müəyyən ictimai bnəzarəti həyata keçirməklə bağlı həm də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə də yaxından tanışam. Mən bugünkü hesabata qədər də müəyyən faktlara malik idim". Deputat qeyd edib ki, bu qurumda son illərdə aparılan işlər birdən-birə sıçrayışla özünü göstərməyə başladı: "Biz bir fakta nəzər salsaq görərik ki, 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktının baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır iş yükünün olması deməkdir.Yəni, bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib. Amma yerdə qalan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. 60 min ərizəyə bir orqan tərəfindən yoxlanılması ciddi faktdır". Deputat Qüdrət Həsənquliyev bildirib ki, hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökümətdən qanun layihələri parlamnetə daxil olmur: "Ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur. Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli İcra hakimiyyətiləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir". Deputat diqqətə çatdırıb ki, Ədliyyə Nazirliyi bu qanunsuzluqarın qarşısının alınmasında xüsusi rol oynamalıdır: "Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyektini qanunsuz halda icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur". Bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmamasının təəssüf doğurduğunu deyən millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, bələdiyyələrin fəaliyyəti ilə bağlı eyni məzmunlu şikayətlərin sayı azalmır. Deputat vurğulayıb ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək olar. O həmçinin bələdiyyə torpaqlarının əhəmiyyətindən danışıb və bildirib ki, həmin torpaqların səmərəli istifadə edilməsi ilə bağlı görülə biləcək işlərə baxmaq lazımdır: "Vətəndaşların bələdiyyələrdən gözləntiləri çoxdur, ona görə də bu qurumlara müraciətlər çox edilir".
Hesabat təsdiq olunduqdan sonra vitse-spiker Valeh Əlsgərov "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi barədə məlumat verib. Sənədin I oxunuşda müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, əmək qaydaları, zonada ətraf mühitin mühafizəsi, mübahisələrin həlli ilə bağlı maddələr yenidən işlənilməli və yaxud qanunvericilikdən çıxarılmalıdır: "Azərbaycanın bir hissəsində xarici invesotlar üçün güzəştlər nəzərdə tutulur. Bu müsbət haldır. Ancaq söhbət ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqdan gedirsə, burda güzəşt etmək olmaz". Millət vəkillərinin qaldırdıqları məsələlərə aydınlıq gətirən spiker Oqtay əsədov bildirib ki, qanun layihəsi birinci oxunuşdan müzakirəyə çıxarılıb və əsasən konseptual təklifləri irəli sürülməlidir. Spiker bildirib ki, söhbət investorlar üçün əlverişli şəraitin yaradılmasından gedir: "Nə üçün bir əcnəbi bura investisiya qoymaqda maraqlı olmalıdır? Bunun üçün müvafiq şərait yaradılmalıdır, investor bilməlidir ki, burada qazanc var. Məlumat üçün deyim ki, dünyada 3500 azad iqtisadi zona var, lakin onların cəmi 150-si normal işləyir. Niyə? Çünki normal şərait yaradılıb. Təklif edirəm ki, qanun layihəsinə konseptual yanaşaq". Sənəd birinci oxunuşda qəbul edildikdən sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR