Partiya sədrindən müxalifətə irad

Strategiyanı dəyişmək lazımdır

Məlum olduğu kimi bu il ölkədə seçki ili olsa da, lakin siyasi çevrələrdə o qədər də fəallıq, aktivlik nümayiş edilmir. Hətta əksəriyyət partiyalar belə prezident seçkilərində iştirak edib-etməyəcəyini belə müəyyənləşdirməyib. Məsələn, radikal siyasi düşərgə kimi tanıdığımız Müsavat Partiyası və Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasında seçki ab=havası müşahidə edilmir. Yaxud əsasən cəbhəçilərdən ibarət olan Milli Şuranın seçki ilə bağlı heç bir aktivliyi nəzərə çarpmır. Yalnız bir neçə partiya seçkidə iştirak barədə mövqe bildirib ki, onlar da prosesi rəsmiləşdirməyiblər.

Bəs, bu passivlik, seçkiyə olan buganəlik nə ilə bağlıdır? Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev bildirib ki, partiya olaraq onlar seçkiyə hazırlıqlarını davam etdirirlər: "Seçkidə də iştirakımız qətidir. Ancaq bizi narahat edən ölkədə seçki abi-havasının olmaması, vətəndaşların passivliyi və seçkiyə inamının azalmasıdır. İndi gərək ölkədə siyasi həyat qaynar qazana bənzəyəydi. Bir tərəfdən, siyasi həyat zəifləyib, iqtidar müxalifətin seçki gündəmini çək-çevir etməsində maraqlı deyil, seçicilər də daha çox sosial həyatlarının yaxşılaşmasında maraqlıdırlar. Əfsuslar olsun ki, vətəndaşlar başqa ölkələrdə olduğu kimi seçkilərə dəyişiklik kimi baxmırlar. Bütün bunlara baxmayaraq, seçki mühitinin yaradılması üçün əlimizdən gələni edirik və kifayət qədər nəticə də var. Bunu sosial şəbəkələrdə get-gedə artan fəallıqla görmək olar. Düşüncəm ondan ibarətdir ki, rejim, diktatura, rüşvətxorluq və korrupsiya sözlərini hər gün təkrar etməklə, hakimiyyəti öğru adlandırmaqla, pafoslu çıxışlarla xalqı inandırmaq və fəallaşdırmaq mümkün deyil. Mən proqram və fərqliliklərlə xalqın önünə çıxmağın və ona seçim imkanı tanımağın tərəfdarıyam. Xalq eyni tənqidləri və tutuquşu kimi eyni sözlərin təkrarını eşitməkdən bezara gəlib. Elə bu baxımdan biz strategiyanı dəyişmişik və xalqla təmasımız proqramımız və ölkədə hansı dəyişiklikləri görmək istəyimiz müstəvisində qurulur. Kifayət qədər interaktiv təmaslarımız var. İnanıram ki, daha sıx bağlantılar yaratmaq imkanları tükənməyib, xalqı seçkiyə gəlməyə və seçdiyi proqramı dəstəkləməyə inandıra biləcəyik". Partiya sədri deyib ki, seçkini ölü nöqtədən çıxarmağın daha iki qolu üzərində işləyirlər. Onun sözlərinə görə, ilk növbədə beynəlxalq aləmin, beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərə maraq göstərməsi vacibdir: "Əfsuslar ki, bəzən xalqımız onların bir ümidverici sözünü cümlə müxalifətin yüz sözündən daha üstün tutur. Hazırda beynəlxalq aləm susqundur və bunu dəyişmək üçün səylər göstərirəm. Məsələ burasındadır ki, bizlər Əbülfəz Elçibəy kimi xalqın sevgisinin zirvəsinə qalxa bilməmişik. Onun üçün də yerli siyasətçilərin sözündən daha çox beynəlxalq aləmdən gələn mesaja xalq inanır. Bunun dəyişilməsi üçün xeyli çabalarımız və nəticələrimiz var. Problem isə ondadır ki, eyni adda iki partiya var, həm mən, həm Əli Kərimli AXCP adına iddia edir, bu da effektiv əlaqələr qurmağa maneçilik törədir. Əslində isə, mənim beynəlxalq aləmlə iş qabiliyyətim və bacarığım yüksək səviyyədədir. Bir neçə ay ərzində bütün dünyanı dolanıb, elə bir fırtına qopararam ki, qarşısı alınmaz siyasi dalğa yaranar. İnşallah, bunun da bir hüquqi və digər yollarını arayıram və əminəm ki, nəticə olacaq. Məhkəmələrin isə hər iki tərəfi havada saxlaması yol verilməzdir. Mütləq bu məsələnin bir hüquqi çözümü lazımdır. Ikinci çözüm isə, özümüz tərəfindən seçki günü alternativ seçkinin keçirilməsidir. Bu alternativ seçki dediyimiz - seçki ilə ekzitpoll arasında olan bir təsisatdır. Biz seçicilərimizi seçki məntəqələrinə gətiririk, onlar səs verir, çölə çıxan zaman isə bizə səs verməsi ilə bağlı uygun sənədi imzalayır və biz bu nəticələr tanınmazsa, onu BMT səviyyəsinə çıxarırıq. Bunu necə edəcəyik və BMT-yə necə çıxaracağıq? Bunu sirr kimi saxlayıram ki, önləyici tədbirlər həyata keçirilə bilməsin, amma BMT-də bunun müzakirəyə çıxarılmasına və qərarın da qəbul olunmasına bacarığımız, bilik və savadımız yetər".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR