Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi qeyd edilib

İlham Əliyev: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil"

Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə çıxış edib. İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirilməsini böyük tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, həmin tarixdən təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlayıb. Prezident deyib ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: "Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir". Dövlət başçısı bildirib ki, son 25 il ərzində partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq. Daxili siyasətlə bağlı qarşıda duran vəzifələrə gəldikdə, Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir. Heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı isə Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, biz uzunmüddətli inkişaf strategiyamızı planlaşdıraq. Bu, imkan verir ki, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur və Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ona görə bundan sonra da biz elə işləməliyik ki, Azərbaycan daim inkişaf etsin. Mən şübhə etmirəm ki, Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitlik təmin olunacaqdır". Dövlət başçısı deyib ki, Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcək: "Biz demokratik cəmiyyət qururuq. Bu gün biz demokratiya yolu ilə gedirik. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır. Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək. Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər". Çıxışında Dağlıq Qarabağ probleminə də toxunan Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın". Dövlət başçısı qeyd edib ki,  Ermənistan yenə də çalışır ki, aprel döyüşləri haqqında təhrif olunmuş versiyasını dünya ictimaiyyətinə təqdim etsin, ancaq bu, çox gülünc cəhdlərdir: "Sadəcə onu demək kifayətdir ki, bu gün biz onların işğal edilmiş torpaqlarda vaxtilə qazdıqları səngərlərdə oturmuşuq və o səngərlərdən böyük bir əraziyə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz ərazi bütövlüyünü bərpa edəcək". Yubiley mərasimi geniş konsert proqramı ilə davam edib.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR