Prezident: “YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”

"25 il əvvəl 91 vətənpərvər insan ulu öndər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması missiyasını üzərinə götürməyi xahiş edib". Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Dövlət başçısı bildirib ki, ulu öndərin sədrliyi ilə partiyanın Naxçıvanda təsis konfransı keçirilib: "Bu, böyük tarixi hadisə idi. O vaxt AXC-Müsavat cütlüyü partiyanın təsis konfransının Bakıda keçirilməsinə imkan verməyib. Müxtəlif bölgələrdən olan 500-dən çox nümayəndə Naxçıvana gələrək konfransda iştirak edib. Bu, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi".

Heydər Əliyevin bütün dövrlərdə Azərbaycan xalqı qarşısında xidmətlərini vurğulayan prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə ölkə hərtərəfli inkişaf edib: "1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olanlar xalqın inamını itirmişdi, ölkə demək olar ki, idarə olunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya hökm sürürdü, rüşvətxorluq ölkəni bürümüşdü. Torpaqlarımız işğal altında düşmüşdü, iqtisadi və sənaye böhranı yaşanırdı. Bütün bunlar Azərbaycan üçün böyük təhlükə yaradırdı. Xalq etimad göstərdiyi Heydər Əliyevə müraciət etdi və Yeni Azərbaycan Partiyasının yaradılması zərurətə çevrildi. Partiyanın yaradılması Azərbaycanın müstəqilliyə gedən yolunu açdı. Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir".

Azərbaycan prezidenti deyib ki, iqtisadi islahatlar, onların təməli məhz o illərdə qoyulub: "Biz beynəlxalq aləmdə fəal siyasət apararaq Azərbaycanı tanıtmaq istiqamətində böyük işlər görə bildik. O vaxt ölkə iqtisadiyyatının inkişafı üçün xarici sərmayənin cəlb edilməsi əsas şərt idi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bunu da bacardı. 1993-2003-cü illərdə Azərbaycanda aparılmış böyük işlər ölkəmizi gücləndirdi. Azərbaycan bütün çətin sınaqlardan şərəflə çıxa bildi. Ondan sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Təkcə BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə seçilməyimiz faktını qeyd etmək kifayətdir ki, beynəlxalq aləm görsün Azərbaycana dünya miqyasında nə qədər böyük rəğbət və dəstək var". Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR