Politoloq: “Rusiya başa düşür ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək”

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşündən sonra hər iki ölkənin XİN rəhbərlərinə tapşırıq verilib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşlər keçirsinlər, əməli formatda müzakirələr aparılsın. Hər hansı texniki məsələlər ortaya çıxarsa onlar mövqe bildirsinlər". Bu fikirləri  politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Cenevrə danışıqlarından sonra regiona ilk dəfə səfər edəcək.

Lavrovun səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürə biləcəyi təklifə münasibət bildirən politoloqun fikrincə, Rusiyanın təklifi ondan ibarət ola bilər ki, Azərbaycan torpaqlarının azad edilməsi müqabilində Azərbaycan hansısa addımlar atsın: "Bu təkliflər regionda xüsusilə Rusiyanın sülhməramlı qoşunlarının yerləşdirilməsi, hansısa hərbi və iqtisadi bloklara qoşulmaq ola bilər. İnanmıram ki, biz maraqlarımıza zidd addım ataq. Biz dəfələrlə prinsipial mövqeyimizi bildirmişik. Lavrovun səfəri zamanı da mövqeyimizi bildirəcəyik".

Politoloq əlavə edib ki, Rusiya başa düşür ki, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək: "Müsbət amil ondan ibarətdir ki, Dağlıq Qarabağ məsələsi yüksək səviyyələrdə müzakirə predmetinə çevrilib. Biz düzgün yoldayıq və bu məsələdə axtarışlar davam edir". Azadinform.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR