Azərbaycan və Bolqarıstan arasında əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevlə görüşüb. Dövlət başçılarının görüşündə birinci xanım Mehriban Əliyeva və Bolqarıstan Prezidentinin xanımı Desislava Radeva da iştirak edib. Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Daha sonra Prezident İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, bolqarıstanlı həmkarı ilə həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz iki ölkə arasında əlaqələrin müxtəlif aspektləri geniş müzakirə edilib: "Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər. Eyni zamanda, bu gün mən Prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək. İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm". Prezident əmin olduğunu bildiirb ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq: "Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq. Bir halda ki, Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq. Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni imkanlar açacaq".

Bolqarıstan Prezidenti Rumen Radev isə deyib ki, ölkələrimiz arasında əmtəə mübadiləsinin həcmi bizi qane etmir: "Biz daha yaxşı nəticələrə nail ola bilərik. Yaxşı xəbər budur ki, Azərbaycan rəhbərliyi artıq gələn il yanvarın 1-dən Sofiya ilə Bakı arasında ilk reysi açmağa hazırdır. Bu, Bolqarıstanın Avropa İttifaqında sədrliyə keçməsi prosesi ilə üst-üstə düşür. Bu cəhətdən Bolqarıstan Azərbaycan Respublikasına öz dəstəyini təsdiq edir. Avropa İttifaqı ilə qarşıdakı hərtərəfli razılaşmanın imzalanması ilə əlaqədar Bolqarıstan Avropa İttifaqının Şərq Tərəfdaşlığını, onun qüdrətli, sabit, perspektivli regiona çevrilməsi cəhətdən səylərini və bu istiqamətdə Azərbaycanın siyasətini, bütün mühüm missiyalarda və NATO-da Azərbaycan kontingentinin iştirakını dəstəkləyir. Biz daha böyük nəticələrə nail ola bilərik. Bolqarıstan Azərbaycanın kənd təsərrüfatının inkişafına, kənd təsərrüfatında, xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycan Respublikasında əczaçılıq istehsalının inkişafının təşkilinə öz töhfələrini verə bilər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR