Avropa Şurası simasını tamamilə itirib

Lobbilərin təsiri altında olan deputatlar üzv dövlətlərə meydan oxuyurlar

AŞ PA-nın payıs zessiyasında Azərbaycan daha bir təzyiq vasitəsilə üzləşdi, daha bir ikili standartın şahidi oldu. Belə ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" 14397 saylı Qətnamə qəbul olunub. Başdan-ayağa qərəz və kin üzərində qurulan sözügedən hesabatlarda Azərbaycanda insan hüquq və azadlıqlarının guya kobud şəkildə pozulduğu, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı, bir sıra şəslərin siyasi baxışlarına görə həbs edildiyi kimi iddialar səsləndirilir.
AŞ PA yenə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirdi. Yenə ikili standartlar, yenə erməni lobbisinin "əl izi". Açıq-aşkar görünür ki, qurumda təmsil olunan, lakin erməni lobbisinin təsiri altında olan bir sıra avropalı deputatlar sessiyaya hazırlıqlı şəkildə təşrif buyurublar. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, hətta heç vaxt təşkilatın iclaslarına qatılmayan deputatlar bu dəfə Azərbaycana qarşı xüsusi fəallıq nümayiş etdiriblər. Beləliklə bəlli olur ki, xüsusi ssenari ilə iclasa qatılan həmin deputatlar nə təmsil etdikləri ölkələrin, nə təmsil olundiqları qurumun mənafelərini nəzərə almayaraq yalnız şəxsi maraqlarını güdüblər. Deməli, Avropada tüğyan edən korrupsiya və rüşvət amilləri həmin deputatlaın vicdanlrını əlindən alıb, şərəflərini ermənilərin ayağı altına atıb. Bu isə insanlığın son həddi deməkdir.
 Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir. Şübhəsiz ki, bu qətnamələr də erməni lobbisinin təsiri altında olan anti-Azırbaycan qüvvələri tərəfindən hazırlanıb. Nəzərə almaq lazımdır ki, AŞ PA-da təmsil olunan Aərbaycanı istəməyən qüvvələr belə sənədlərdən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər.
 Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, AŞ PA-da Azərbaycanla bağlı qəbul olunan sənədlər ölkəmizə qarşı olan təzyiqlərin kulminasiya nöqtəsidir: "Azərbaycan Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) üzvlük müddətində mütəmadi olaraq bu qurumun haqsız təzyiq və tələbləri ilə üzləşib və bu gün AŞ PA-da qəbul olunan sənədlər də həmin təzyiqlərin kulminasiya nöqtəsidir". E.Məmmədov qeyd edib ki, uzun illərdir Avropa Şurası islama, müsəlman ölkələrinə qarşı düşmən mövqe nümayiş etdirir: "Müsəlman dövləti deyəndə bunların fikrindən ancaq bir şey keçir - qarışıqlıq, qeyri-stabillik, münaqişələr, müharibələr, parçalanma, aclıq, dövlət çevrilişləri və s. Onlar müsəlman dövlətlərini ancaq belə görmək istəyir. Bu gün müstəqil siyasət aparan, beynəlxalq aləmdə nüfuzu, hörməti, hərbi potensialı gündən-günə artan Azərbaycan onların xoşuna gəlmir". Deputat bildirib ki, AŞ PA bu cür sənədlər qəbul etməklə heç nəyə nail ola bilməyəcək: "Bu gün Avropa Azərbaycana olduğundan çox, Azərbaycan Avropaya lazımdır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyi layihələrində iştirak edir. Qərb bundan nəticə çıxarmalıdır. Guya biz Avropa Şurasının üzvü olmasaq, dövlət kimi mövcud ola bilməyəcəyik?! Nə sənəd qəbul edirlər etsinlər, sonda özləri peşman olacaqlar". Milli Məclisin deputatı Asim Mollazadə isə deyib ki, Avropa Şurası Parlament Assambleyasının sesiyasında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məsələlərin qeyd olunduğu sənədlərin qəbul edilməsi Azərbaycan haqqında mənfi imic yaratmaq məqsədi güdür. A.Mollazadə bildirib ki, bu hadisələrin arxasında erməni lobbisi ilə yanaşı, ermənilərin real sahibləri də durur: "Çox qəribə bir vəziyyət yaranıb. Belə ki, bəzi qüvvələr AŞ PA-da Azərbaycan əleyhinə sənədlər qəbul etdirirlər. Onlar istəyirlər ki, Azərbaycan haqqında mənfi imic yaratsınlar. Deputat hesab edir ki, eyni zamanda Azərbaycana qarşı təzyiqlərin arxasında enerji, nəqliyyat və digər sahələrdə Azərbaycanla rəqabətdə olan güclü ölkələr dayanır: "Onlar zəncirvari bir ideyaya bağlı olan, Azərbaycana qarşı informasiya müharibəsi aparan əsas qüvvələrdir. Yəni Azərbaycana qarşı müharibə sadəcə səngərlərdə deyil, informasiya sahəsində də aparılır".
Heç şübhəsiz ki, sözügedən qətnamə Azərbaycana qarşı yönəldilmiş qərəzli və əsassız yanaşmanın daha bir nümunəsidir. Çünki Azərbaycanda mövcud siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz və fikir azadlığı, o cümlədən çoxsaylı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının fəaliyyətinin təmin olunması göz önündədir. Əslində bütün bunlar hər hansı beynəlxalq təşkilat tərəfindən alqışlanmaq üçün deyil, məhz Azərbaycan xalqının mənafeyi naminə təmin edilib. Ərazisinin 20 faizi Ermənistanın təcavüzü nəticəsində işğala məruz qalan, işğal edilmiş ərazilərdə və eləcə də Ermənistanın özündə etnik təmizləmə aparılması nəticəsində doğma yurdlarından qovulmuş bir milyondan çox qaçqın və məcburi köçkünü olan ölkəyə dəstək vermək əvəzinə təzyiq dili ilə danışılır. Nəzərə alınmır ki, Azərbaycanın AŞ PA-dan çıxması ölkəmiz üçün heç nəyi dəyişməyəcək.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR