Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb

Prezident: " Bu, son illərdə apardığımız siyasətin nəticəsidir"

Dünya ölkələrində davam edən maliyyə böhranının Azərbaycana təsirinə baxmayaraq, ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir, nəzərdə tutulmuş proqramlar, investisiya layihələri uğurla icra olunur. Heç şübhəsiz, bütün bunlar dünyanın bir sıra nüfuzlu iqtisadi mərkəzləri tərəfindən də rəğbətlə qarşılanır, Azərbaycanın iqtisadi inkişafı yüksək qiymətləndirilir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafını labüd edib. Məhz bunun nəticəsidir ki, ölkəmizdə kənd təsərrüftı, turizm kimi sahələrin inkişafı prioritet hesab olunur. İnsafən qeyd edilməlidir ki, bu sahədə ciddi uğurlar da əldə edilib. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. Prezident İlham Əliyev qeyd edib ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd edib ki, Azərbaycanda qeyri-neft sektoru uğurla inkişaf edir: "Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib ki, 2017-ci ilin doqquz ayının yekunlarına diqqət yetirsək görərik ki, ən pozitiv məqamlardan biri qeyri-neft sektorundakı artım tempinin qorunub saxlanılmasıdır. Bu, əslində, çox vacibdir. V.Bayramov bildirib ki, iqtisadiyyatın xüsusən də qeyri-neft sektoru üzərində formalaşması və bu sektordakı artım hesabına inkişafı dayanıqlılıq baxımından çox vacibdir. Onun sözlərinə görə, üç rübün yekunları göstərir ki, doqquz ayda Azərbaycanda qeyri-neft sektoru 3,1, aqrar sektor 2,8 faiz, xarici ticarət dövriyyəsi isə 7 faiz artıb: "Diqqət çəkən əsas məqamlardan biri məhz Azərbaycanın valyuta ehtiyatlarının artmasıdır. Bu artım tempinin davam etməsi isə Azərbaycanın valyuta ehtiyat strukturunun keyfiyyətli olması deməkdir. Valyuta ehtiyatlarının 4,5 milyard dollar artması neftin dünya bazar qiymətinin aşağı olduğu və neft satışından gəlirlərimizin azaldığı bir dövrdə müsbət haldır. Bu həm də iqtisadiyyatın maliyyə təminatı baxımından vacibdir. Nəzərə alsaq ki, 2018-ci il ölkə Prezidenti tərəfindən daha sürətli iqtisadi artımın bərpa ediləcəyi il kimi elan olunub. Bu kontekstdə valyuta ehtiyatlarımızdakı artım tempinin qorunub saxlanılması və ölkənin daha çox valyuta ehtiyatlarına malik olması çox mühümdür. Valyuta ehtiyatlarının artması həm də büdcə konsultasiyası siyasətinin davam etdirilməsi ilə bağlı idi ki, bu da vacib islahatlardan biridir. Bu, xərclərin yeni gəlirlərə, bütövlükdə neftin dünya bazar qiymətinin yeni səviyyəsinə uyğunlaşdırılması və iqtisadiyyatın yeni transformasiya dövrünün həyata keçirilməsi ilə bağlıdır. Bu ondan xəbər verir ki, iqtisadiyyatın yeni qiymətə uyğunlaşması prosesi uğurla başa çatır və artıq Azərbaycan iqtisadiyyatının xərclər və gəlirlərinin uyğunlaşdırılması müşahidə edilməkdədir". İqtisadçı-ekspertin fikrincə, 2017-ci ilin doqquz ayının yekunu növbəti illər üçün nikbinlik formalaşdırır. V.Bayramov qeyd edib ki, qeyri-neft sektorundakı artım tempi növbəti illərdə neftdən asılılığın aradan qaldırılması üçün zəmin formalaşdıracaq: "Üstəlik, 2018-ci ildə Bakı-Tiflis-Qars dəmiryolu, 2019-cu ildə TAP və TANAP layihəsi istifadəyə veriləcək. Bu fonda Azərbaycan praktik olaraq dövlət gəlirlərinin artımı baxımından gələn ildən yeni mərhələyə qədəm qoymaq imkanlarına malikdir. Beynəlxalq maliyyə qurumları 2019-cu ildə Azərbaycan iqtisadiyyatının təxminən 4 faizə yaxın artacağını proqnozlaşdırırlar. Bu da ondan xəbər verir ki, 2017-ci ildəki stabillik həm də növbəti illərdə iqtisadi artımın bərpa edilməsinə zəmin yaradır". Qeyd edək ki, ölkəmizin davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynamışdır. Məhz bunun nəticəsidir ki, son illər ərzində iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi artmışdır.

 Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR