AŞPA-da qəbul edilən hesabatlar ...

Azərbaycana qarşı aparılan kampaniyalarda iştirak edən deputatlar tərəfindən hazırlanıb

Onlardan ikisi, müxtəlif hesabatlarda adları erməni lobbisi ilə bağlı olduqları göstərilən parlamentarilərdir

Nəhayət ki, Avropa Şurası uzun müddətdən bəri nəzərdə tutduğu qəzəbi, kini Azərbaycanın üzərinə tökdü. Zaman-zaman ölkəmizə qarşı müəyyən təzyiq və təsir vasitələrindən istifadə etməklə Azərbaycanı öz müstəqil siyasət kursundan döndərmək, Cənubi Qafqazın digər iki respublikası kimi Bakının da diqtə ilə işləməsinə çalışmaq kimi planlar baş tutmadığından, sözügedən qurum öz aləmində daha təsirli addımlar atmağı qərarlaşdırdı. Və beləliklə, Avropa Şurasının baş katibinin təşəbbüsü ilə Azərbaycanın qurumdan uzaqlaşdırılması məsələsi gündəmə gəldi. Təşkilat rəhbərliyi, eləcə də onları idarə edən erməni lobbisi hesab edirdi ki, bununla Azərbaycan geriyə addım atacaq və Avropanın, Qərbin bu və ya digər tapşırıqlarını qeyd-şərtsiz icra edəcək. Nəticə etibarilə, Azərbaycan da Qərbin, Avropanın barmağı ilə idarə olunan, müstəqil siyasət kursu həyata keçirə bilməyən bir dövlətə çevriləcək. Lakin avropalıların bu iddiaları və arzularına elə Azərbaycan Prezidenti İlham Əliyev son qoydu və bir neçə gün əvvəl Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə dövlət başçısı açıq şəkildə elə avropalı diplomatların dilindən onların ağalarına çatdırmış oldu ki, Azərbaycana qarşı təzyiqlərin heç bir nəticəsi olmayacaq və ölkəmizi müstəqil siyasət kursundan döndərmək cəhdi əbəsdir. Azərbaycan prezidentinin Bakının hətta Avropa Şurasından çıxma mümkünlüyünü də açıqca bəyan etməsi əslində Avropadakı antiAzərbaycan şəbəkə üçün soyuq duş effekti idi. Açıq desək, Avropada Azərbaycanın belə bir sərt mövqe ortaya qoyacağını gözləmirdilər. Və yuxarıda qeyd etdiyimiz kimi düşünülürdü ki, Azərbaycana qarşı artan təzyiqlər fonunda Bakını hansısa prinsipial məsələlərdə güzəştə sürükləımək mümkün olacaq. Ancaq nəzərdə tutulan plan baş tutmadı və Azərbaycan Avropa Şurasından daha qətiyyətli göründü. Təbii ki, belə olan halda sırada Azərbaycanla balı növbəti planlar vardı və bir növ Azərbaycanın siyasi iradəsi və qətiyyətinə qarşı Avropa öz aləmində cəza növünü seçdi. Beləliklə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) belçikalı parlamentar Alen Desteksenin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub. Həmçinin  Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə  14403 saylı Qətnamə də qəbul edilib. Bir gündə Azərbaycanla bağlı iki qərəzli və heç bir məntiqə sığmayan, obyektivlikdən kənar qətnamələrin qəbul edilməsi açıq şəkildə ölkəmizə qarşı qərəzi, kini ortaya qoyurdu. Təsadüfi deyil ki, istər Avropa Şurası Parlament Assambleyasında təmsil olunan azərbaycanlı deputatlar, istərsə də müstəqil ekspertlər, analitiklər də belə düşünür ki, AŞPA-da qəbul edilən son iki qətnamə Azərbaycana qarşı olan qərəz, düşmənçilik münasibətinin bariz nümunəsidir. Və bu prosesdə Avropadakı erməni lobisi xüsusi fəallıq göstərib. O da təəssüf hissi ilə qeyd edilib ki, dünyaya, Avropaya, üzvü olduğu ölkələrə ədalət dərsi keçən avropalılar əslində erməni lobbisinin çirkli pullarının qarşılığında ədalət məfhumunu tamamilə itiriblər.

Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Vüsal Hüseynov da təəssüf hissi ilə qeyd edir ki, qurumda keçirilən dinləmələr zamanı həqiqətdən uzaq, məntiqi baxımdan uyğun olmayan, bir-biri ilə ziddiyət təşkil edən, qeyri obyektiv mənbələrə istinad edən, çoxsaylı əsassız iddiaları özündə əks etdirən əlavələr təklif edilmiş və bir qismi qəbul edilmişdi. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqları, ölkəmizdə yoxsulluğun səviyyəsinin azalması, müsbət statistik faktlar, son dövrlər həyata keçirilən hüquqi islahatlar və ümumi olaraq müsbət tədbirlər məhdud sayda qeyd edilib və ya qərəzli olaraq çıxarılıb: " Azərbaycan Avropa Şurası üçün sadiq tərəfdaş olub və Avropa Şurası standarları və konvensiyalarının tələblərini yerinə yetirir. Bu irəliləyişlər Avropa Şurasının alt qurumları olan Moneyval, GRECO, CEPEJ və CPT tərəfindən qeyd edilir. Biz Azərbaycandan CPT Hesabatlarını dərc etməyi tələb edirik. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, bu Hesabatların bir neçəsi bu yaxınlarda dərc olunub. Ancaq biz CEPEJ və GRECO-nun Hesabatlarında qeyd olunmuş müsbət irəliləyişləri qeyd etmirik. Avropa Şurasının Məhkəmə sisteminin effektivliyinə qiymət verən orqanı CEPEJ-in Azərbaycanda məhkəmə sistemində islahatların və inkşafın olduğunu qeyd etməsinə baxmayaraq, biz necə Azərbayandakı məhkəmə sisteminin etibarlılığını sual altına ala bilərik. Mənim qeyd etmək istədiyim başqa bir məsələ açıq mənbələrdə olan məlumatlar və iddialardır. Dünən Komitə iclasında biz Hesabatlara müxtəlif düzəlişlər qəbul etdik və bu düzəlişlərin tək məqsədi sənədin dilini daha da sərtləşdirmək idi. Mən bu düzəlişlərin müzakirə olunduğu əvvəlki Komitə iclasında iştirak etmişdim və eyni təklif edilən düzəlişlər həmin Komitə iclasında qəbul edilməmişdi. Ancaq qəribə olaraq, dünən onların hamısı qəbul edildi. Bu düzəlişlərə Assembleya çağırış edir sözlərinin təkid edir sözləri ilə əvəz edilməsi kimi baxılmamalıdır. Bu məsələ bizim hesabatlara münasibətdə necə etinasız olduğumuzun göstəricisidir. Çünki biz açıq mənbələrdə olan iddiaları öz hesabatlarımıza daxl etməklə onlara legitimlik verir və gələcəkdə bu sənədlərin bəzi dairələrin kampaniyalarının alətinə çevrilməsinə və bizim fəaliyyətimizə təsir etməsinə imkan yaradırıq. Mənim üçün əsas olan narahatlıq budur, etinasız yanaşma". Millət vəkili qeyd edib ki, hesabatda Azərbaycanda bəzi saxlanılmış şəxslərin adı qeyd olunur: "Bəs biz niyə əfv və amnistiya aktları ilə və humanistləşdirilmə islahatları nəticəsində yüzlərcə insanın azad olunduğunu qeyd etmirik? Biz qeyri-hökumət təşkilatları barədə narahatlıqlarımızı qeyd edirik, ancaq biz bu sahədə bürokratik əngəlləri ləğv edən və bizim bu sahədəki narahatlıqlarımızı aradan qaldıran bir pəncərə prinsipini təqdim edən Fərman haqqında danışmırıq. Ümumiyyətlə, hesabatlar və onlara təklif edilən düzəlişlər haqqında demək istəyirəm ki, əlavələrin əksəriyyəti Azərbaycana qarşı aparılan kampaniyalarda iştirak edən həmkarlarımız tərəfindən təqdim olunub. Onlardan ikisi, müxtəlif hesabatlarda adları erməni lobbisi ilə bağlı olduqları göstərilən cənab Omtzigt və cənab Şvabbedir".

Politoloq Ramiz Alıyev də hesab edir ki, AŞPA-da qəbul edilən son iki qətnamə Azərbaycana qarşı qərəzin, kinin göstəricisidir: "Avropada, Qərbdə bir qayda olaraq müstəqil siyasət kursu həyata keçirən, diqtə ilə işləməyən, öz yolu ilə inkişaf edən ölkələri sevmirlər. Hansısa yolla çalışırlar ki, həmin dövləti özlərinə tabe etsinlər, ona asanlıqla diqtə edib istədiklərinə nail olsunlar. Azərbaycan da məhz bu qəbildən olan ölkələrdəndir ki, öz müstəqil siyasət kursu ilə uğurlu inkişaf yolu keçir. Onu da qeyd etmək yerinə düşər ki, dünyada Azərbaycan kimi yalnız bir-iki belə ölkə var ki, xaricin diqtəsi ilə deyil, məhz xalqın diqtəsi, sifarişi, istək və arzusu ilə addımlar atır. Və atııan addımlar da ona uğur, nailiyyət qazandırır, onun inkişafını şərtləndirir. Təbii ki, bu tendensiya da qərbdəkilər, avropalıları narahat edir və ciddi cədhlə çalışırlar ki, Azərbaycanı da öz yolundan döndərib, onun müstəqil siyasət kursu həyata keçirməsinin qarşısını alsınlar". Ramiz Alıyev qeyd edib ki, Azərbaycan Avropa Şurasının üzvü olduğu 16 il ərzində müntəzəm olaraq belə təhdidlər, təzyiqlərlə üzləşib. Lakin Bakını öz yolundan döndərmək mümkün olmayıb: "Çünki bu yol doğru, xalqın maraqlarına xidmət edən, hansısa dövlətlər və ya təşkilatların sifarişlərini, diqtəsini qəbul etməyən bit yoldur. Ona görə də Azərbaycanın belə bir siyaət həyata keçirməsi həmin dairələri narahat edir. Məhz bu narahatçılığın nəticəsi olaraq ötən gün AŞPA-da Azərbaycan əleyhinə iki qətnamə qəbul edildi". Ramiz Alıyev bildirib ki, bu kimi ədalətsiz davranışlar, qərəzli münasibət Azərbaycanı yolundan döndərə bilməz və Avropa Şurası Parlament Assamblyasının qəbul etdiyi qətnamələr də əhəmiyyətsizdir: "Xaricdə, Qərbdə, Avropada fəaliyyət göstərən antiAzərbaycan şəbəkənin layiqli cavabını Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir neçə gün əvvəl avropalı diplomatlarla keçirdiyi görüşdə verdi. Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə keçirdiyi görüşdə dövlət başçısı açıq şəkildə bəyan etdi ki, hətta Avropa Şurasından çıxmaq belə Azərbaycan üçün fəlakət sayıla bilməz və bundan Azərbaycan heç nə itirməyəcək. Ona görə də bu kimi təzyiq vasitələrini mən qeyri-ciddi hesab edirəm". Politoloq deyib ki, bu məsələdə yalnız bir nüans narahatçılıq doğurur ki, o da avroöpalı parlamentarilərin erməni lobbisinin quluna çevrilməsidir: "Məhz erməni lobbisinin pulla ələ aldığı parlamentarilərdir ki, onlar da Azərbaycana qarşı düşmənçiliklərini, qərəzlərini açıq şəkildə ortaya qoyurlar. Digər tərəfdən Avropa Şurası və onun Parlament Assambleyasının qəbul etmiş olduğu bu kimi qərəzli qəraralar, qətnamələr getdikcə ona olan inamı azaldır və AŞPA-nı Avropanın baş qaxıncına çevirir. Hesab edirəm ki, bu qurum artıq ədalət, insan hüquq və azadlıqları, demokratiya anlayışlarını bir kənara qoyaraq açıq şəkildə təsir, təzyiq məngənəsinə çevrilib. Bu cür fəaliyyətlə ilə isə uzağa getmək olmaz".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR