Azərbaycan dövlətçiliyinin qırmızı xətti

İlham Əliyev: "Azərbaycan həmişə öz müstəqilliyini, suverən hüquqlarını qoruyacaq"

Azərbaycanın siyasi və iqtisadi inkişafı, artan beynəlxalq nüfuzu ölkənin müstəqilliyinin daha da möhkəmlənməsini təmin etməkdədir. Artıq qətiyyətlə demək olar ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda heç bir təşkiat, birlik tərəfindən müzakirə predmeti ola bilməz. Hazırda Azərbaycan beynəlxalq birliklərlə bərabər bir sıra ölkələrdə təhlükəsizliyin təmin edilməsi prosesində yaxından iştirak edir. Ölkəmizin beynəlxalq əlaqələri getdikcə genişlənir, ikitərəfli, bərabərhüquqlu siyasi, iqtisadi əməkdaşlığı artan xətt üzrə inkişaf edir. Məhz ölkəmizin artan beynəlxalq nüfuzu inkan verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəti mövqeyini ortaya qoysun.

Qeyd edilməlidir ki, son illər ərzində Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq tribunalardakı çıxışı, xarici səfərlərdəki görüşlərdə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, ölkəmizin Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalıb. Dövlət başçısı Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir daha bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır: "Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir". Göründüyü kimi prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təminatçısı kimi çıxış edir və bunun təmin olunması məqsədilə səylə çalışır. Siyasi, iqtisadi, diplomatik gedişlərlə işğal altında olan torpaqların geri qaytarılmasını əsas vəzifə hesab edir. Buna nail omağın bir yolu da Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsidir ki, artıq buna da nail olunub: "Bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib. Bizim xarici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq, buna nail olmuşuq. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır. Xarici siyasətimiz milli maraqlarımızı təmin edir və beynəlxalq arenada Azərbaycan, bir daha demək istəyirəm ki, böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir".
Beynəlxalq aləmdə Azərbaycanla Ermənistanın mövqeyinə ötəri nəzər yetirmək kifayətdir ki, düşünmədən üstünlüyün ölkəmizin xeyrinə olduğu qənaətinə gələ bilək. Məlumat üçün qeyd edək ki, hazırda İslam dövlətlərinin demək olar ki, hamısı Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanıyır və Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Azərbaycandan fərqli olaraq Ermənistanın Qarabağ planı onun son havadarları olan bəzi qüvvələrin dəstəyini itirib. Ermənilərin əsas himayədarları artıq onları dəstəkləmir, hərbi baxımdan da onlar aprel hadisələrindən sonra çaşqın və alçaldılmış bir vəziyyətdədir. Belə bir vəziyyətdə Ermənistanın mövcud hakimiyyətinin ancaq bir çıxış yolu qalır ki, təxribatlarla bəzi dövlətləri bu məsələyə cəlb etsin. Həmçinin, iflasa uğramış Ermənistan rəhbərliyi çalışır ki, hərbi yolla öz siyasi hakimiyyətini uzatsın. Əslində isə Ermənistan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən iflasa uğrayıb, nəticədə ayrı-ayrı dövlətlərdən asılı vəziyyətə düşüb.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirdi. Ölkə başçısının bu istiqamətdə səsləndirdiyi fikirlər müşavirədən bir neçə gün öncə Avropa siyasətçiləri, parlamentariləri ilə Bakıda keçirdiyi görüşdə kəskin şəkildə öz əksini tapmışdı. Onun sözlərinə görə, prezident həmişə birmənalı olaraq bəyan edir ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil: "Azərbaycan heç vaxt ərazisinin işğal altında qalmasına dözməyəcək. Biz torpaqlarımızı hökmən işğaldan azad edəcəyik. Ancaq Azərbaycan tərəfi olaraq biz istəyirik ki, bu məsələ danışıqlar yolu ilə olsun. Cənab Prezident məlum müşavirədə vurğuladı ki, əgər ermənilər həmişə olduğu kimi yenə danışıqlardan boyun qaçırsalar və yaxud danışıqlar baş tutsa orada imitasiya xatirinə iştirak edib konstruktiv mövqe tutmasalar o zaman biz başqa yollara əl atmalı olacağıq. Təbii ki, bu olmayandan sonra yeganə yol güc yoludur. Biz istəməzdik elə olsun. Amma işğalçı dövlətin və onu müdafiə edənlərin ədalətsiz, qeyri-konstruktiv mövqeyi bizi buna məcbur edəcəkdir. Ölkə başçısı bu fikrini səsləndirməklə təkcə terrorçu, işğalçı düşmən dövlətə yox, eyni zamanda onu himayə edənlərə də bir mesaj verdi. Bununla belə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə və BMT kimi dünyanın ən böyük bir beynəlxalq təşkilatına da mesaj göndərdi ki, bizi hərbi yola əl atmağa məcbur edən sizin laqeyidliyiniz, problemə ikili standartlarla yanaşmağınızdır".
Deputat Aydın Mirzəzadə deyib ki, Nazirlər Kabinetinin iclasında ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaişəsi ilə bağlı aparılan danışıqların əsas məzmunu barəsində çox konkret bir açıqlama verdi: "Cəmiyyət bir daha gördü ki, dövlət rəhbəri Azərbaycanın ərazi bütövlüyü məsələsini danışıqlarda qətiyyətli bir prinsip kimi müdafiə edir. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman Ermənistan tərəfi ilə müzakirə edilməyib və ölkəmizin bir qarış torpağı da işğalçıya verilə bilməz. Eyni zamanda məsələnin həllinin ancaq Azərbaycanın ərazi bütövlüyü daxilində və həmin əraziyə yüksək muxtariyyət verilmə həllini bir daha Ermənistan tərəfinin diqqətinə çatdırdı. Nəzərə alsaq ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir və rəsmi İrəvan artıq danışıqlara gələndə Azərbaycanın hansı prinsiplərə söykənəcəyini yaxşı bilməlidir. Məhz bu mövqe Azərbaycan dövlətçiliyinin qırmızı xəttidir. Azərbaycan həmişə öz müstəqilliyini, suverən hüquqlarını qoruyacaq. Eləcə də bütün ərazisi üzərində suverenliyini bərpa etmək üçün daima bütün istiqamətlərdə iş aparacaq".

 Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR