Millətə, vətənə çamur atmazlar

Rövşən Məmmədi: "Bəzi siyasilərin üzünə qonşu ölkələrin mehi dəyəndə mövqeyini dəyişir"

Son günlər dərsliklərdə bir-birinin ardınca əksini tapan ciddi nöqsanlar, Azəbaycanın şair və yazıçılarının milli mənsubiyyəti barədə yaradılan şübhələr, eləcə də bu şübhələrə olan fərqli münasibətlər geniş müzakirə predmetinə çevrilib. Xüsusilə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəzi dərsliklərdə fars şairi kimi qələmə verilməsi etirazla qarşılanıb. Məsələ kifayət qədər ciddi xarakter daşıdığından parlamentarilər də sosial şəbəkələrdə, yaxud mətbuata verdikləri açıqlamalarda sözügedən mövzuya toxunublar. Bəziləri Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsini qətiyyətlə pisləyib, bəziləri isə dahi mütəfəkkirin həmin dövrdə farsca yazıb yaratdığını əsas gətirərək onun fars şairi kimi qələmə verilməsində ciddi bir problemin olmadığını söyləyirlər. Təbii ki və haqlı olaraq ikinci arqumentlə çıxış edənlərin fikirləri də etirazla qarşılanıb. Bu baxımdan müstəqil ekspert Rövşən Məmmədli millət vəkili Fazil Mustafanın məhz ikinci arqumentlə çıxış edənlər tərəfində olmasını qətiyyətlə pisləyib: " Azad mətbuat həqiqətən gözəl bir meydandır. Tək ona görə yox ki, hər kəs onu düşündürən, qayğılandıran fikirləri rahat şəkildə cəmiyyətlə bölüşür. Həm də ona görə ki, fikirlərini azad şəkildə deyən şəxslər bu fikirlərinin dəyərinə uyğun da dəyərləndirilir. Onun içinin nə ilə, hansı niyyətlə döyündüyü, düşüncəsinin məna durumu aydın olur. Təfəkküründə sağlam və qeyri-sağlam nöqtələr aşkarlanır və s. Biz bu azad mətbuatda Fazil Mustafa kimi tanıdığımız bir şəxsi də müntəzəm izləmək şərəfinə nail oluruq. Bu deputat əsasən sağlam təfəkkürlü yazılar izhar etməyə qabildir, ancaq elə ki, üzünü cənuba, İrana tərəf döndərdi, nəfəsinə sələfilik qoxusu dəydi, beyni 180 dərəcə çevrilir və tərs fikirlər yayımlayır. Hətta utanmadan, usanmadan Azərbaycanın sevgili üç rəngli bayrağını da tərsinə tutur. Şükürlər olsun bu azad mətbuatı qoruyub saxlayanlara. Onların sayəsində biz Fazil Mustafaların "mustafasın" görə bilirik. Yaxşı ki, bu belədir. Yoxsa bir gün "Səhv düşər yerlər.." Belə "mustafalılar" hakimiyyətin zirvələrində qərarlaşar, sonra Azərbaycanı da tərsinə çevirərlər". Rövşən Məmmədlinin sözlərinə görə, Azərbaycan məktəblərində istifadə olunan dərs vəsaitinin üzərində aşkar yazılır ki; "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır". Fikir verin burada Nizami fars epik ədəbiyyatının ən böyük romantik şairi adlandırılır. Yəni Azərbaycandan başqa bunu kim oxusa yüz faiz Nizamini fars əsilli şair sanacağına heç bir şübhə yeri qalmır. Fazil Mustafa kimi milli görkəm alıb, içindən millətə zərbə vuran "millibaz" sələfi görkəmli dindarlar xalqın gözünün içinə yalanlar söyləyə-söyləyə həmin dərs vəsaitinin üzərində yazılanlarda heç bir "qəbahətin" olmadığını sübuta yetirməyə çalışırlar". Ekspert bildirib ki, Fazil Mustafa deputat da ola, digər vəzifəni də tuta bilər. Ancaq ondan millət övladı olmaz: "Siz millət övladı olsaydınız, elə sayəsində ərsəyə çatdığınız Əbülfəz bəyə sadiq qalardınız, ondan sonra onun milli-demokratik səpkili ideyalarını həyata keçirərdiniz. Ancaq siz birdən Azərbaycanın bayrağını farslara xoş gəlsin deyə tərsinə tutursunuz, birdən ermənilərə xoş gəlsin deyə "Qarabağın əlimizdən birdəfəlik getdiyini" söyləyirsiniz. Siz hansı məzsəbə qulluq edirsiniz, heç aydın olmur. Siz düşünməyin millətin önündə gedənlərdənsiniz. Xeyr, siz öndə gedənlərin sıralarında deyilsiniz, heç ortada da deyilsiniz. Olsa-olsa geridə qalanların önündə olanlardansınız. Odur ki, özünüzü çox da müdrik sayıb Nizaminin türkcə yox, farsca yazmasını əsas götürüb onu farslaşdıranlara züy tutmayın". Ekspert onu da diqqətə çatdırıb ki, Nizaminin öz əsərlərini farsca yazmasının özəl səbəbləri var: "Onlardan biri və birincisi həmin dövrdə fars dilinin şer dili kimi öndə olması və Şərqdə bu dildə şer yazmağın dəb olması idi. Həmçinin bu dildə yazılan şerlərə müəyyən qayğıların olması, rahat yayılması, çap imkanlarının genişliyi və s. idi. Digər tərəfdən indi Çingiz Abdullayevin əsərlərinin demək olar hamısı rus və Avropa dilərində yazılıb. O halda Çingiz Abdullayevə rus yazıçısı deyən varmı? Hamı onu Azərbaycan yazıçısı kimi tanıyır. Ya o boyda Lütfi-Zadə (Tanrı onun qəbrini nurlu etsin) Amerikada yaşadı, icad elədi, cəmiyyət üçün qanunlar kəşf etdi. Ancaq dünyasını dəyişəndə Azərbaycana nəşini gətirib dəfn etdilər. Bütün dünya da buna normal hal kimi baxdı və onu azərbaycanlı alim saydı.. Nizami Gəncədə doğulub, böyüyüb, qəbri, türbəsi də orada. Əsərlərində də türk olduğunu aydınca vurğulayıb. O, Nizaminin bacarığı olub ki, özünü farsdilli dünyada və bu dildə şerləri oxuyan Ərəb dünyasında tanıda bilib. Onda Avropa hələ yarımvəhşi idi. Alman, insilis dilində şer yazmaq heç ağla da gəlməzdi. Nə isə Fazil bəy, özünüzə hörmət edin. Bir də İran tərəflərə baxıb sələfi nəfəsi almayın, elə xalqımıza, ölkəmizə baxın, onda çox yaxşı görünürsünüz. Çalışın ki, həmişə yaxşı görünəsiniz". Rövşən Məmmədli onu da deyib ki, həyatı boyu kimsəyə qərəzi olmayıb, kimsəyə çamur atmayıb: "Ancaq millətimə, vətənimə çamur atanları da əsla bağışlamaram. Hesab edirəm mən olanları düz izhar etdim. Çünki, mən həmişə vətənim Azərbaycanla nəfəs alıram. Düzdür, həm də doğma vətənim Qərbi Azərbaycana da baxıram. Ancaq oranın mövcud nəfəsini almaq üçün yox , ora bir də qayıtmaq üçün. Vətəninə bir də qayıtmaq üçün çalışanlara tanrımız yar olsun. Məndə tanrı sevdası var. Ancaq heç vaxt qoymaram ona hansısa rəng də qarışsın".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR