Sarkisyan ABŞ prezidentinə qarşı çıxdı - BMT-də zidd fikirlər

Bu mövqe əvvəl-axır müharibəyə gətirib çıxaracaq.

"Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasında dediyi sözlər ondan qabaq orada çıxış edən ABŞ prezidenti Donald Trampın fikirləri ilə tam ziddiyyət təşkil edir. Çünki D.Tramp dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü önə çəkib. Cənab Tramp öz müqəddəratını təyinetmə bəhanəsi ilə dövlətlərin sərhədlərinin pozulmasını qəbulolunmaz hesab edir. O getsin öz cılız təbliğatı və yalanlarını erməniləri himayə edənlərin qarşısında danışsın".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışına münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, Sarkisyanın bu çıxışının beynəlxalq aləmda hansısa dəstək qazanacağı inandırıcı deyil: "Sarkisyan bu yalanlarını ənənəvi olaraq hər yerdə danışır. Axı başqa nə deməlidir? Reqlamentə əsasən, BMT-də çıxış etmək hər bir dövlət başçısının hüququdur, bunun qarşısını almaq mümkün deyil. Əvvəla, Sarkisyanın çıxışı orda nüfuzlu dövlət başçılarının səsləndirdiyi fikirlərlə üst-üstə düşmür. İkincisi, hesab edirəm ki, onsuz da sessiyada çıxış edəcək həm Azərbaycan prezidenti İlham Əliyev Sarkisyanın cavabını artıqlaması ilə verəcək, həm də digər dövlət başçıları dolayısı ilə ona öz yerini göstərəcəklər".


R.Musabəyovun fikrincə, Ermənistan prezidentinin yüksək səviyyəli tribunadan belə absurd fikirlər səsləndirməsinə və mövqe ortaya qoymasına rəğmən, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar davam etdirilməlidir: "Hər halda müharibə getmirsə, danışıqlar aparılmalıdır. Biz məsələnin sülh yolu ilə nizamlanması üçün hər bir imkandan istifadə etməliyik. O ayrı məsələdir ki, Ermənistan rəhbərliyi daim belə bir mövqedə təkid edəcəksə və münaqişənin həllinə doğru heç bir addımın atılmasına səy göstərməyəcəklərsə, bu mövqe əvvəl-axır müharibəyə gətirib çıxaracaq".

Xatırladaq ki, Serj Sarkisyan çıxışında Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisini müstəqil respublika kimi qələmə verib, oradakı xalqın öz müqəddəratını təyin edə bilməsindən, erməniliyin hüquqlarının qorunmasından danışıb və Azərbaycanı inkişaf edən "Artsax" üçün təhlükə adlandırıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münasiqşəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkil olunacağı gözlənilir.

Milli.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR