Yeni anlaşma ölkəmizə "Əsrin müqaviləsi"ndən daha böyük perspektiv vəd edir

"Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqda Heydər Əliyev Mərkəzində imzalanan yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük dvident və perspektiv vəd edir.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, teleaparıcı Sahib Alıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, yeni anlaşmanın imzalanması o deməkdir ki, Qərbdəki bəlli çevrələrin təzyiqlərinə və həm də bu təzyiqlərin nəticəsi olaraq qlobal mediada dövlətimizə qarşı aparılan qarayaxma kampaniyasına baxmayaraq, anlaşma, ilk növbədə, Azərbaycanın maraqları, irəli sürdüyü şərtlər nəzərə alınmaqla bağlanıb: "Məndə olan bilgiyə görə, Qərbdə istəyirdilər ki, yeni anlaşmada da şərtlər 1994-cü ildəki kimi olsun. Ancaq onu unudurdular ki, axı Azərbaycan artıq 1994-cü ildəki ölkə deyil. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında da vurğulandığı kimi, əgər 1994-cü ildəki anlaşmada SOCAR-ın payı 11,6 faiz idisə, yeni anlaşmada bu 25 faizə qaldırıldı. Yəni iki dəfədən çox artım var. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Üstəlik, xarici investorlar bizə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Demək, yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük divident və perspektiv vəd edir".

Onun sözlərinə görə, yeni anlaşmanın milli maraqlarımıza cavab verməsində Azərbaycanın yürütdüyü siyasətin rolu olub: "Belə də düşünənlər var ki, "Azəri", "Çıraq" və "Günəşli" yataqları artıq 20 ildir istismar edildiyindən orada elə də çox yanacaq qalmayıb. Ancaq xatırladaq ki, "Əsin müqaviləsi" imzalananda həmin yataqların 511 milyon ton ehtiyatının olduğu bildirilirdi. İndiyədək bu üç yataqdan 436 milyon ton neft çıxarılıb. Ancaq artıq müəyyən edilib ki, həmin yataqlarda daha 500 milyon tona yaxın yanacaq ehtiyatı var. Cənab İlham Əliyev keçmişdəki proqnozları xataırladaraq haqlı olaraq deyir ki, əslində, bu ehtiyatlar daha çox ola bilər. Yəni indi daha əlverişli şərtlərlə imzalandığından "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının istismarının ikinci mərhələsindən əldə edəcəyimiz gəlirin birinci mərhələsindəkindən təqribən iki dəfə çox olacağı gözlənilir. Bu isə artıq həm də o deməkdir ki, Azərbaycanın bir dövlət kimi güclənməsi, ilk növbədə, milli maraqlara dayanılaraq yeridilən qətiyyətli siyasəti yeni neft anlaşmasında da öz müsbət rolunu oynadı".

S.Alıyev hesab edir ki, bu anlaşma ölkədə sabitliyin qorunub saxlanmasına da müsbət təsir edəcək: "Bu anlaşma Azərbaycanın Qərblə strateji eneri əməkdaşlığının, deməli, eyni zamanda balanslaşdırma siyasətinin davam edəcəyini, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının ikinci mərhələsinin işlənməsinə 2050-ci ilədək 40 milyard dollardan artıq yatırım qoymağı planlaşdıranların burada sabitliyin qorunub saxlanmasında istər-istəməz maraqlı olacaqlarını ortaya qoyur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR