Elmar Məmmədyarov vyetnamlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına rəsmi səfəri çərçivəsində Vyetnamın xarici işlər naziri Fam Binh Minhlə görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə,  nazir Elmar Məmmədyarov Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlər dərin tarixi köklərə malik olduğunu bildirərək, bu xüsusda, 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd edib. Şimal-Cənub nəqliyyat dəhlizinin imkanları barədə həmkarına məlumat verən nazir E.Məmmədyarov Avropaya ixracın artırılmasında maraqlı olan Vyetnamın da bu layihədən faydalana biləcəyini və nəticə etibarilə, Vyetnamdan Avropaya olan nəqliyyat marşrutunun qısalacağını diqqətə çatdırıb. Daha sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğulayıb. Nazir Fam Binh Minh rəsmi səfərlərin iki dövlət arasında yüksək səviyyəli əməkdaşlığın formalaşmasında əhəmiyyətli rol oynadığını deyib. Uğurlu siyasi dialoqun iqtisadi sahədə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, ticarət dövriyyəsinin artırılması üçün potensial olduğunu bildirib. Həmçinin, Azərbaycanın uğurlu enerji siyasətindən bəhrələnərək, bu sahədə əməkdaşlığın intensivləşdirilməsini təklif edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR