Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər mövzusunda konfrans keçirilib

Sentyabrın 13-də  Azərbaycan Respublikasının Səfirliyi və Vyetnam Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə Hanoyda " Vyetnam-Azərbaycan əlaqələrinin 25 illiyi: nailiyyətlər və gələcək perspektivlər" mövzusunda konfrans təşkil edilib. "Olaylar" xəbər verir ki, Konfrans Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.  Konfransda giriş nitqi ilə çıxış edən nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafında 1959-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri, həmçinin 1983-cü ildə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini qismində Vyetnama səfərini xüsusi qeyd etdi. İki ölkənin hakim partiyaları və parlamentləri arasında mövcud sıx əməkdaşlığa toxunan nazir Elmar Məmmədyarov humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafını yüksək qiymətləndirdi. Nazir, çıxışında enerji, sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, təhsil, mədəniyyət və digər müxtəlif sahələrdə Azərbaycanın əldə etdiyi nailiyyətləri barədə məlumat verdi və Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri barədə danışdı. Daha sonra nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verərək, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğunun münaqişənin həllinə əsas maneə olduğunu vurğuladı. Nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu bir daha bəyan etdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR