Təl-Əviv-Bakı münasibətləri inkişaf edir

Məhəmməd Əsədullazadə: "İsraildən alınacaq yeni silah partiyaları, Ermənistana ciddi təzyiq mexanizmidir"

Azərbaycanın xarici siyasətində İsraillə əməkdaşlıq, bu ölkə ilə əlaqələri daha da inkişaf etdimək mühüm istiqamətlədən birini tutur. Müsbət tendensiya bundan ibarətdir ki, rəsmi Təl-Əviv də öz növbəsində Bakı ilə əməkaşlıqda maraqlı görünür və Cənubi Qafqazda Azərbaycanın yeri və rolunu xüsusi qiymətləndirir. Hər halda İsrail rəsmilərinin bir neçə dəfə Azərbaycana səfər etməsi deyilənlərin təsdiqidir. Məlumat üçün qeyd edək ki, prezidenti Şimon Peres, baş nazir Benyamin Netanyaho Azəbaycana gələrək burada rəsmi və qeyri-rəsmi görüşlər keçiriblər. Sonuncu dəfə İsrail baş nazirinin Azərbaycana səfərindən sonra isə Bakı ilə Təl-Əviv arasında əlaqələr nəzərə çarpacaq dərəcədə inkişaf edib və ikitərəfli münasibətlərdə yeni bir mərhələ başlayıb.

İsrailin Cənubi Qafqazda Azərbaycanla sıx əməkdaşlığı isə heç şübhəsiz ki, işğalçı Ermənistanı ciddi şəkildə narahat edən məsələlərdəndir və İrəvan, eləcə də erməni lobbisi müntəzəm olaraq xarici mediada Azərbaycan-İsrail əlaqələrinə zərbə vurmaq, bu münasibətlərə xələl gətirmək üçün cəhdlər edir, media qurumlarında məqalələr dərc edir. Elə bir müddət əvvəl İsrail mətbuatında Azərbaycan hakimiyyətini tənqid məqsədi daşıyan yazı da məhz buna hesablanmışdı. Ancaq bütün cəhdlər və ermənilərin, erməni lobbisinin Təl-Əvivlə Bakı arasında münasibətlərə zərbə vurmaq cəhdlərinə baxmayaraq Azərbaycanla İsrail arasında əlaqələr inkişaf edir, hər ötən gün ikitərəfli münasibətlərdə yeni bir yaxınlaşma, yanaşma baş verir. Artıq belə demək mümkünsə hər iki ölkə bir-birinə strateji tərəfdaş kimi baxır. Ölkələr arasında tam mənada qarşılıqlı anlaşma mühiti mövcuddur. Bu arada bir məqamı da xüsusi qeyd etmək yerinə düşər ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu əfv sərəncamı ilə ölkə qanunlarımızı pozan və qeyri-qanuni şəkildə işğal altında olan ərazilərə səfər edən blogger Aleksandr Lapşinin azadlığa buraxılması Təl-Əviv-Bakı münasibətlərinin qarşılıqlı anlaşma şəraitində olduğunun göstəricisidir. Bütün bu kimi müsbət faktorlar qeyd etdiyimiz kimi hər ötən gün İsrail-Azərbaycan əməkdaşlığına yeni bir rəng qatır. Elə bu günlərdə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri də bütün bu deyilənlərin sübutudur. Məlumat üçün qeyd edək ki, Zakir Həsənov İsrailə səfəri çərçivəsində bu ölkənin hərbi rəsmiləri ilə bir sıra görüşlər keçirib. Təl-Əvivlə Bakı arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Birmənalı olaraq qeyd etmək lazımdır ki, İsraillə hərbi əlaqələrin inkişaf etdirilməsi hazırkı situasiyada Azərbaycan üçün çox önəmlidir. Çünki müharibə şəraitində olan Azərbaycanın hərbi qüdrətini artırmaq üçün İsrail kimi ölkələrlə əlaqələri inkişaf etdirməsi zəruridir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun İsrailə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın uğurla inkişaf edəcəyindən xəbər verir. Onun sözlərinə görə, hərbi nazir səviyyəsində Azərbaycanın İsrailə ilk yüksək səviyyədə gerçəkləşdirdiyi bu səfər, İsrail-Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində mövcud vəziyyət, bəzi dairələrin xüsusilə erməni lobbisinin İsraildə Azərbaycan əleyhinə kampaniyalarına qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edəcək: "Qeyd edim ki, Təl-Əvivlə-Bakı arasında yüksək səviyyədə siyasi əlaqələr mövcuddur. Buna baxmayaraq, Azərbaycan tərəfindən müəyyən məsələlərə görə İsrailə açıq səfərlər edilmirdi. Görünür, regionda gedən proseslər artıq, rəsmi Bakının qarşılıqlı səfərlər etməsini açıq müstəviyə keçirdi. Belə bir səfərlərin təşkilində İsrail də maraqlıdır. İsrail çalışır ki, Azərbaycan bu ölkədə səfirlik səviyyəsində təmsil olunsun və qarşılıqlı səfərlər mütəmadi xarakter alsın". Politoloqun qənaətincə, Bakı tərəfindən müdafiə nazir səviyyəsində ona görə, belə bir səfər həyata keçirildi ki, İsraillə hərbi -müdafiə sahəsində əməkdaşlıq bir neçə ildir davam edir və bu sahədə İsraillə əməkdaşlıq ölkəmizin müdafiə qabiliyyətinin yüksəlməsinə xidmət edir: "İsraildən alınacaq yeni silah partiyaları, Ermənistana ciddi təzyiq mexanizmidir. Qeyd edim ki, Birləşmiş Ştatlarda erməni lobbisi çalışlrdı ki, Yəhudi lobbisinə təsir etsin və nəticədə İsrail Azərbaycana silah satmasını azaltsın. Ötən ay Azərbaycan əleyhinə yazılan məqalələr məhz buna hesablanmışdı. Görünür, erməni lobbisinin bu fəaliyyətinin qarşısını almaq üçün rəsmi Bakı bu ölkəyə müdafiə nazirini göndərdi. Müdafiə naziri təbii ki, təkcə hərbi deyil, bu ölkə ilə siyasi və digər məsələlər ətrafında müzakirələr aparacaq. İsrail hökumətinin hərbi-siyasi kabinet olduğunu nəzərə alsaq, belə bir səfərin hərbi nazir səviyyəsində təşkili yerinə düşdü". Məhəmməd Əsədullazadə bildirib ki, iki ölkə arasında müsbət proseslərdin davamında Təl-Əvivdə diplomatik korpusun yaradılması həyata keçirilməlidir: "İsrail ilə ölkəmiz arasında hərbi-siyasi əməkdaşlıq İranın reaksiyasına səbəb olsa da, buna fikir fikir vermək lazım deyil. İran ilk növbədə Azərbaycana işğalçılıq siyasətini davam etdirən Ermənistanla əlaqələrini aşağı səviyyəyə endirməlidir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR