Bakı-Riqa münasibətləri yeni mərhələdə

İlham Əliyev: "Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq"

Raymonds Veyonis: "Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır"

Latviyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 17-də dövlət başçımızın rəsmi qarşılanma mərasimi olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Latviyanın dövlət başçısı Raymonds Veyonis arasında əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Görüşdən sonra hər iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb.

"Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni Prezident İlham Əliyev və Prezident Raymonds Veyonis imzalayıblar. Həmçinin "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş"i,  "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i də imzalanan sənədlər sırasında yer alıb. Sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra hər iki ölkənin prezidenti mətbuata bəyanatlarla çıxış ediblər.

Latviya Prezidenti Raymonds Veyonis çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Riqada rəsmi səfəri çərçivəsində qəbul etməkdən şərəf duyur. Azərbaycanın Latviyanın mühüm tərəfdaşı olduğunu deyən Raymonds Veyonis qeyd edib ki, ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır: "Əminəm ki, bu gün imzalanan digər sənədlər - təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək. Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib". İstər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi səfəri çərçivəsində keçirilən biznes forum, istərsə də  iyun ayında təşkil olunmuş hökumətlərarası komissiyanın iclasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Latviya prezidenti deyib ki, bunlar iki ölkə arasında həm iqtisadi, həm qarşılıqlı ticari imkanları genişləndirəcək: "Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq. Əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında - Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir. Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər". Latviya prezidednti Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirib: "Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək. Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir. Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək. Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün əsl mənasında, çox ümid edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairələrimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik.

Azərbaycan Prezidenti İlham Əliyev şəxsinə və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə latviyalı həmkarına minnətdarlığını ifadə edib. Dövlət başçısı yenidən Latviyada olmağından məmnunluğunu bildirib: "Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq. Siz də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir. Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram". Prezident İlham Əliyev görüşdə regional problemlərə də toxunulduğunu deyib və təhlükəsizlik məsələlərinin müzakirə edildiyini söyləyib: "Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik. İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək. Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə, qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir. Mən hökumətlərarası birgə komissiyanın fəaliyyətini qeyd etmək istərdim. Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək işinə uğurlar arzulamaq istərdim. Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sayı daha da çox olsun". Azərbaycan Prezidenti deyib ki, nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var: "Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar. Cənab Prezident qeyd etdiyi kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir. Əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir". İlham Əliyev diqqətə çatdırıb ki,  Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir: "Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq. Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR