Azərbaycanın torpaq, insan itkisini kompensasiya edəcək bir razılaşma yoxdur

İlqar Altay: "Dünyada bir insanın haqqı üçün üz cıran təşkilatlar bütöv bir millət, dövlətin haqqı barədə niyə susurlar?"

Yenə Azərbaycana qarşı ikili standartlar, haqq və hüququmuzun tanınmaması, hətta bir çox hallarda tapdalanması kimi mənfi situasiya ilə baş-başayıq. Özü də bu proses sanki mərhələli şəkildə, ötür-ötür oyunu ilə davam edir. Əgər bir müddət əvvəl Azərbaycan Qərbdən, Avropadan bu cür yanaşma, qeyri-obyektiv mövqe ilə qarşılaşırdısa, indi Qərbi, Avropanı şimal qonşumuz əvəzləyib. Yanaşma, Azərbaycanın mövqeyinə sayğısızlıq indi daha çox Rusiyadan müşahidə edilir. Hansı ki, Azərbaycan qarşı tərəfə hər zaman sayğı ilə yanaşıb, ikitərəfli münasibətlərdə qonşuluq əlaqələrini əsas meyar tutub. Hətta beynəlxalq səviyyədə təhdid və təzyiqlərə baxmayaraq Bakı Moskvanı bir sıra prinsipial məsələlərdə müdafiə edib, onun mövqeyindən çıxış edib. Ancaq təəssüflər olsun ki, eyni münasibəti, mövqeni biz şimal qonşumuzdan görmürük. Xüsusilə, Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə. Planlı şəkildə bu münaqişəni alovlandımaqla 30 ilə yaxındır Azərbaycan üçün bir npmrəli problem yaradan Kreml onun ədalətli həllinə də mane olur. İstər danışıqlar yolu, istərsə də hərbi yolu ilə. Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərini geri qaytarmaq hüququnu tanımaq istəməyən Rusiya bu azmış kimi vasitəçilik missiyasına tərs mütənasib olaraq olaraq vaxtaşırı işğalçı ölkənin maraqlarına uyğun olan addımlar da atır və ona hüquqi don geydirməyə çalışır. Elə bu günlərdə Rusiyanın öz ərazisində yaşayan erməni əsilli vətəndaşların Azərbaycana səfər etmələrinə icazə verilməsi barədə rəsmi Bakı qarşısında məsələ qaldırması da deyilənlərə sübutdur. Təbii ki, şimal qonşumuzun bu təşəbbüsü, yanaşması ədalətsiz, milli maraqlarımıza zidd olduğu üçün Azərbaycan cəmiyyəti də buna birmənalı olaraq etiraz edir. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu fikirdədir. O, bildirib ki, ermənilər 2 yaşlı məsum körpəmizi vurub öldürdüyü, xalq yas içində olduğu, ölkələr başsağlığı verdiyi halda, Rusiya isə, Azəbaycana qıcanır ki, neçə yüz min söydaşını Ermənistandan qovan, milyon vətəndaşını Qarabağdan didərgin salıb torpağını işğal edən düşmənini, ermənini burax rahatca Bakıya gəlsin-getsin: "Niyə? Çünki, onların Rusiya pasportu var. Rusiya onlara toxunulmazlıq verib. Elədirsə, regionda böyük qardaşlıq edirsənsə, onda Ermənistan, İrəvandan qovulmuş neçə yüz min azərbaycanlıya da o pasportdan ver, onlar da ev-eşiyinə gedib gələ bilsin. Müasir dövrümüzdəki dövlət səviyyəli qoçuluq, hegemonluq, reketin, aşağılamanın son həddidir bu. Bu həm də beynəlxalq ədalətsizliyin görünməmiş həddidir. Elə bil, bu millətin yiyəsi yoxdur, dünya, beynəlxalq aləm, haqq-ədalət yoxa çəkilib. Bu milləti Arazla bölüb, böldüyünü də əzib, sıxıb veriblər rus-erməni məngənəsinə. Günah keçisi kimi. Bütün hər şeyi, Sovetlərin dağılmasını da, Ermənistanın yoxsul gününü də, hətta 1915-ci il erməni "soyqırımını" da bu 9 milyonluq kiçik xalqdan görürlər. Heç SSRİ, hətta, Çar Rusiyası dövrü belə, Azərbaycan xalqı bu səviyyədə erməninin ayağına verilməyib. Torpağı da ver, nə qədər qətlə yetirilən, itkin-girov, qaçqın-köçkün və

üstəlik də ermənilər Bakıya dönsün, və bu da azdır. Xüsusi mühafizə qüvvəsi ayır, onların Bakıda toxunulmazlıq və təhlükəsizliyini təmin et. Ancaq ortada da Azərbaycanın torpaq, insan itkisini kompensasiya edəcək bir razılaşma yox. Hanı dünya birliyi, beynəlxalq təşkilatlar, demokratiya, millətlər və dövlətlərin azadlığı, türk birliyi-qardaşlığı, islam həmrəyliyi?". İlqar Altay qeyd edib ki, dünyada bir insanın haqqı üçün üz cıran təşkilatlar bütöv bir millət, dövlətin haqqı barədə niyə susurlar? "Millət, xalq da həmin insanlardan təşkil olunur də, ağaclardan, daşlardan yox. Hanı burada məntiq? Hanı ATƏT, Minsk Qrupu, o barışdırıcılar, vasitəçilər? Bəlkə arada nəsə bir barışıq, razılaşma var? Bəlkə, bizim də insanların İrəvana qayıtması, torpaqların böşaldılması, itkilərin ödənilməsi barədə saziş var? Elədirsə, bu məxfidirsə, bu barədə yüngül də olsa, ATƏT-dir, Mİnsk Qrupu, Moskvadır, elan eləsin ki, səbr edin, işlər düzələnə gedir, bu başlanğıcdır, başlanğıcın da Bakıdan başlanması məsləhət bilinib. Bu camaat da əsəbin, gərginliyin içində həyacan keçirməsin".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR