Azərbaycan Rusiyanın Suriyada gerçəkləşdirdiyi hərbi əməliyyatları öyrənir və öz torpaqlarında oxşar addımlar ata bilər

Yenidən geniş hərbi əməliyyatlara start veriləcəyi təqdirdə Azərbaycan ordusu axıradək gedəcək

Məlum aprel döyüşləri və Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatından bir ildən artıq vaxt keçsə də, hələ də zaman-zaman həmin döyüşlər barədə bəzi mətləblər üzə çıxır, indiyə qədər ictimaiyyət üçün məlum olmayan informasiyalar, məlumatlar yayılır. Maraqlısı odur ki, bu kimi informasiyalar həm Ermənistan, həm də Azərbaycan tərəfindən səslənir. Bir neçə gün əvvəl Ermənistanın hərbi rəsmilərindən birinin açıqlamasından bir daha aydın olur ki, düşmən ölkə aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri ilə üzləşib və nəticədə  Ermənistan ordusu ciddi itkilərə məruz qalıb. Elə bu günlərdə Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun Rusiyanın RİA Novosti agentliyinə verdiyi müsahibə də Ermənistan Ordusunun Aprel döyüşləri zamanı ciddi itkilərlə üzləşdiyi qənaətini yaradıb. Əslində bu reallıq Azərbaycan cəmiyyətinə bəlli idi. Ancaq bunun rəsmi şəkildə bəyan edilməsi, ermənilərin Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qaldığını bir daha təsdiqləyir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun Rusiyanın RİA Novosti agentliyinə müsahibəsi zamanı Aprel döyüşləri ilə bağlı bəzi məqamlara toxunulur, aydınlıq gətirilir. Azərbaycanın müdafiə naziri müsahibəsində qeyd edir ki, Aprel döyüşləri zamanı hərbi əməliyyatların dayandırılmasını Azərbaycandan xahiş edən şəxslərdən biri də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu olub. Həmçinin qonşu ölkənin baş qərargah rəisi Valeri Gerasimov da Azərbaycan tərəfindən hərbi əməliyyatların dayandırılması xahişini edib. Azərbaycan müdafiə nazirinin məlum müsahibəsi və müsahibədə Aprel döyüşləri ilə bağlı səsləndirdiyi fikirlərə, xüsusilə rəsmi Bakıdan hərbi əməliyyatların dayandırılması barədə edilən xahişlərə münasibət bildirən millət vəkili Sahib Alıyev qeyd edib ki, hərbi əməliyyatların dayandırılması xahişini təkcə Rusiyanın hərbi rəsmiləri etməyib: "Müdafiə naziri Zəkir Həsənovun Rusiyanın RİA Novosti agentliyinə verdiyi müsahibəni yəqin oxuyanlar var. Həm aprel döyüşlərinin niyə dayandığını, həm də təzədən döyüşlər başlanarsa, Azərbaycanın hansı addımları atacağını bilmək baxımından olduqca maraqlı müsahibədir.  Fikir verin, cənab Həsənov deyir ki, döyüşlər zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu ona, həmən ölkənin baş qərargah rəisi Valeri Gerasimov da bizim baş qərargah rəisinə zəng edərək döyüşlərin dayandırılmasını istəyiblər.  Mən fikirləşmirəm ki, döyüşlərin dayandırılması ilə bağlı bizə ancaq adı çəkilən bu iki adam zəng edib. Çox ehtimal ki, zəng edənlərdən biri də Rusiyanın xarici işlər naziri Sergey Lavrov olub. Ancaq döyüşlərin dayandırılması onun deyil də Şoyquyla Gerasimovun təkidli zənglərindən sonra baş tutub. Və nazirimizin dediklərindən o da aydın olur ki, Azərbaycan atəşı azacıq dayandıran kimi havadarlarını qabağa verən haylar bundan cəhbəyə yeni qüvvələr yeritmək üçün faydalanıblar. Təkidlə döyüşlərin dayandırılmasını belə deyək, istəyənlər bunu bilmirdilərmi? "Biz o zaman döyüşləri dayandırmamalı, axıradək getməliydik",- deyənlər müdafiə nazirimizin bu açıqlamalarından sonra yəqin anlayacaqlar ki, biz əks halda böyük təhlükələrlə üz-üzə qalacaqdıq. Həm də ona görə qalacaqdıq ki, sən demə Ermənistandakı "İsgəndər" raketləri də döyüş hazırlığı vəziyyətinə gətirilibmiş. Bu fakt da ilk dəfədir açıqlanır. Haylar bunu öz təşəbbüsləriyləmi etmişdilər? Zakir Həsənovun müsahibəsindən belə anlaşılır ki, yox. Eyni zamanda o da bəlli olur ki, o zaman bizim həmən raketləri məhv edəcək sistemimiz olmasa da, indi var. Üstəlik indi bizdə raketlərin sayı Ermənistandan 50 dəfə çoxdur". Millət vəkili qeyd edib ki,  50 dəfə çox olduğu üçün də Azərbaycan Rusiyanın Suriyada gerçəkləşdirdiyi hərbi əməliyyatları öyrənir və öz torpaqlarında oxşar addımlar ata bilər: "Bunu da general Həsənov çəkinmədən dilə gətirir. Müsahibədən anlaşılan bir də budur ki, yenidən geniş hərbi əməliyyatlara start veriləcəyi təqdirdə Azərbaycan ordusu axıradək gedəcək. Hayların havadarlarının ötən ilin aprelində etdikləri zənglər bu dəfə təkrarlansa belə əvvəlki qədər effektli olmayacaq. "İsgəndər" raketini zərərsizləşdirə bilən kompleksin əldə edilməsi, İsrail, Türkiyə, Pakistan və bir çox başqa ölklərələ hərbi əməkdaşlığa daha çox diqqət yetirilməsi, elə müdafiə naziri Zakir Həsənovun bu açıq ismarıclarla dolu intervüsünün özü də məhz bundan xəbər verir".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR