Ermənistanın işğalçılıq siyasəti və ona rəvac verən başlıca amillər

Sürətli inkişaf yolu keçən, əldə etdiyi iqtisadi göstəricilərə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada addımlayan Azərbaycan Respublikası bu gün qarşısına çıxan bütün çətinliklər, problemləri də dəf etmək iqtidarındadır. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahədə Azərbaycan qarşısına çıxan hər bir əngəli, maneəni aradan qaldırmaq gücündədir. Yalnız bir problem, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa. Əslində Azərbaycan bu problemin də öhdəsindən gəlmək, onu həll etmək gücü və iqtidarındadır və bunun üçün bütün imkanlara malikdir. Lakin həmin problemi yaradanlar, regiona münaqişə toxumu səpənlər bunda maraqlı deyillər.

Bu gün yetişməkdə olan gənc nəsil Dağlıq Qarabağ probleminin 1998-ci ildən etibarən meydana çıxdığı qənaətində olsa da, əslində bu münaqişənin kökü çox-çox əvvələ, XIX əsrə gedib çıxır. Daha dəqiq desək 1988-ci ildən alovlanan Qarabağ probleminin təməli məhz XIX əsrdən qoyulub və bunun ssenarisi o zamandan hazırlanıb. Yəni, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılmasından start verilib bu prosesə. XIX əsrdən etibarən.

Dağlıq Qarabağın işğalına yol açan proseslər-qeyri-qanuni məskunlaşdırma

Tarixə nəzər yetirdikdə aydın olur ki, XIX əsrə qədər Azərbaycan ərazilərində bir nəfər də olsun erməni yaşamayıb. Bir sözlə Rusiyanın regionla bağlı planları işə düşənədək. Belə ki, XIX əsrdə Şərqi Avropada, eləcə də Rusiyada cərəyan edən hadisələr, Rusiya-Türkiyə, Rusiya-İran müharibələri Azərbaycanın bu ölkənin regionda mövqelərinin zəifləməsinə səbəb olurdu. Cənub sərhəddində müsəlman və türk ölkəsinin mövcudluğu bu narahatçılığı daha da artırır və Rusiyanın regionla bağlı gələcək planlarını demək olar ki, təhlükə altına qoyurdu. Bu səbəbdən Rusiya Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını gerçəkləşdirməyə başladı. Bu şimal qonşumuzun gələcək illərdə regionda təsir dairəsini artırmaq, burada maraqlarını təmin etmək üçün nəzərdə tutduğu planların ilkin mərhələsi sayıla bilərdi. Beləliklə, Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal almağa başladı. Həmin illərdə təkcə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı. Doğrudur, sonralar, 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu. Bundan əvvəl isə Çar Rusiyası erməniləri mərhələli şəkildə Qafqazda məskunlaşdırmaqla gələcək planları üçün əlverişli şərait formalaşdırıb.

XX əsrin əvvəllərində artıq Azərbaycan ərazilərinin böyük bir hissəsi ermənilərin tabeliyinə keçmişdi. 1920-ci ildəAzərbaycanın Zəngəzur bölgəsinə sahib olan ermənilər 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Ancaq həmin dövrdə Nəriman Nərimanovun prinsipial mövqe nümayiş etdirməsi ermənilərin Dağlıq Qarabağla bağlı planını pozdu. Lakin 1922-ci ilin sonlarında Nəriman Nərimanov Moskvaya getdikdən sonra ermənilər 1923-cü ildə Dağlıq Qarabağa muxtariyyət verilməsinə nail oldular. Paralel olaraq ermənilər Dağlıq Qarabağa tam sahib olmaq iddiasından əl çəkmir, dəfələrlə bu barədə məsələ qaldırırdılar.

Ermənilərin işğalçılıq siyasətinin başlanğıcı

1988-ci ildə isə ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddiolduğunu bir daha ortaya qoydu. Bir-birinin ardınca işğalolunan kəndlər, rayonlar Qarabağın qarış-qarış itirilməsinə gətirib çıxarırdı. 1992-ci ildə Xocalıda həyata keçirilən dəhşətli soyqırım aktı və şəhərin işğal edilməsi, sonradan isə Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanın düşmən işğalına məruz qalması ermənilərin zamanında Azərbaycan ərazilərində məskunlaşdırılması siyasətinin məntiqi nəticəsi idi.

Ermənilər Azərbaycan ərazilərini, şəhər və rayonları ard-arda işğal etdiyi bir vaxtda, paytaxt Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Artıq ölkə vətəndaş müharibəsi astanasında idi. Yaranmış vəziyyətdən isə ölkəni yalnız zəngin siyasi təcrübəyə malik bir şəxs çıxara bilərdi ki, o da ümummilli lider Heydər Əliyev idi. Beləliklə, xalqın böyük əksəriyyətinin təkidli tələblərindən sonra Heydər Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitlik yaradılmasını da təmin etdi. Məhz onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Onu da qeyd edək ki, ermənilərin 1993-cü ildə Zəngilan rayonunu işğal etməsi Ermənistan ordusunun cəbhə bölgəsində sonuncu işğalçılıq əməliyyatı oldu. Çünki Heydər Əliyevin hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişmişdi və cəmi bir neçə aydan sonra ölkədə güclü hakimiyyətin mövcudluğu nəzərə çarpmağa başladı. Ümumiyyətlə, Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycan bir çox böyük itkilərə məruz qaldı. Respublikamızın ərazisinin 20 faizindən çoxu işğal edildi, bir milyona qədər insan qaçqın və məcburi köçkün kimi yaşamağa məcbur oldu. Münaqişə nəticəsində 18 mindən çox azərbaycanlı həyatını itirdi,20 mindən çox insan yaralandı, 50 min nəfərdən çox insan isə əlil oldu. 4 mindən çox sənaye və kənd təsərrüfatı müəssisəsi, 660 məktəb və uşaq bağçası, 250 xəstəxana və tibb müəssisəsi, 724 şəhər, kənd və qəsəbə qarət edildi, yandırıldı və dağıdıldı.

Cəbhədə tarixi dönüş

Heydər Əliyevin Zəngilanın işğalından sonra ölkə vətəndaşlarına məşhur müraciəti isə Azərbaycanın ordu quruculuğu tarixinin başlanğıcı oldu. Bu müraciət on minlərlə insanın cəbhəyə könüllü hərbi xidmətə yollanması ilə nəticələndi. Çox qısa vaxt ərzində ordu vahid komandanlığa tabe etdirildi, hərbi sahədə mühüm islahatlar aparıldı və bütün bunlar ictimai-siyasi sabitliyin yaradılması prosesi ilə paralel şəkildə həyata keçirilirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra cəbhə xəttində qazanılmış uğurlar diplomatik müstəvidədə yeni nailiyyətlərlə müşayiət edildi. Azərbaycan Silahlı Qüvvələrinin Horadiz istiqamətində erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbə endirməsi, nəticədə işğal olunmuş 20-dən çox kəndin azad olunması Azərbaycan ordusunun Qarabağ müharibəsi dövründə qazandığı ən böyük qələbə idi. Artıq vəziyyətin bu şəkildə dəyişməsi Ermənistanı ciddi şəkildə narahat edirdi. Beləliklə, Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurlar düşməni işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin mayında Ermənistan dövlət başçısı atəşkəs haqqında sazişin imzalanmasına razılıq verməli oldu. Paralel olaraq ümummilli liderbeynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini işğal faktına yönəltməyə başladı.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı müstəvisində həyata keçirdiyi siyasətin strateji və taktiki tərəflərini dəqiq şəkildə müəyyən edərək bu təşkilatla münasibətləri həmişə diqqqət mərkəzində saxlayırdı. Məhz yürüdülən bu xəttin nəticəsində Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq Birləşmiş Millətlər Təşkilatında açılan müzakirələrdə

Dağlıq Qarabağın Azərbaycana mənsubluğu "BMT və ATƏT arasında əməkdaşlıq" qətnaməsində öz əksini tapdı. BMT-nin Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi məlum 4 qətnamə də məhz bu uğurlu əməkdaşlığın məniqi nəticəsi idi. Azərbaycanın xarici siyasət kursunda, eləcə də Avropaya inteqrasiyada diqqət yetirdiyi məsələlərdən biri də Avropa Şurası ilə əməkdaşlığa nail olmaq idi. Ümummilli lider, mərhum prezident Heydər Əliyev qısa zaman ərzində adı çəkilən qurumla ölkəmiz arasında əməkdaşlığın qurulmasına nail oldu. Həmin dövrdə Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri olan İlham Əliyevin gərgin əməyi sayəsində qurum Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamə qəbul etdi, Avropa Şurasının mühüm sənədlərində Azərbaycanın ərazi bütövlüyünün tanındığı öz əksini tapdı.

Tarixi uğurun təkrarı-Aprel qələbəsi

Sevindrici haldır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici siyasət, diplomatik və hərbi üstünlük bu gün də davam edir və Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər gün daha inamla irəliləyir. Azərbaycan-Birləşmiş Millətlər Təşkilatı münasibətlərinin inkişaf etdirilməsi prezident İlham Əliyevin də xarici siyasət kursunda əsas prioritet hesab edilir. Təşkilatın Baş Məclisinin 59-cu sessiyasında çıxışı zamanı prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılmasının vacib olduğunu vurğulayıb. Təşkilatın Baş Məclisində Azərbaycanın Ermənistan tərəfindən işğal olumuş torpaqlarında vəziyyətlə bağlı qətnamənin qəbul olunmasını da rəsmi Bakı ilə təşkilat arasında uğurlu əməkdaşlıq və Azərbaycanın diplomatik səylərinin daha bir uğuru kimi qiymətləndirmək olar.

Qeyd etdiyimiz kimi, Cənab Prezident İlham Əliyev də ümummilli lider Heydər Əliyev kimi Azərbaycana həm diplomatik, həm də hərbi sahədə uğurlar, nailiyyətlər bəxş edir. Beynəlxalq təşkilatlarda əldə edilən diplomatik üstünlüklər və Aprel qələbəsi bunların əyani sübutudur. Məlum olduğu kimi keçən ilin aprel ayında ermənilər cəbhə xəttində yenidən təxribata əl ataraq işğalçılıq planlarının yeni bir mərhələsini həyata keçirmək niyyətinə düşdülər. Lakin Azərbaycan Silahlı Qüvvələrinin əks və sarsıdıcı zərbəsi, qısa müddət ərzində uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad olunması və erməni tərəfinin verdiyi xeyli sayda itgi İrəvanı 1994-cü ildə olduğu kimi yenidən atəşkəs yalvarışı etməyə məcbur qoydu. Beləliklə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ikinci tarixi qələbəsini qazanaraq işğalçı ölkəyə nəyə qadir olduğunu bir daha sübut etdi. Strateji əhəmiyyətə malik Lələ Təpə yüksəkliyinin işğalçılardan azad edilməsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində əhalinin təhlükəsiz yaşaması üçün şərait və imkan yaratdı. Uzun illərdən sonra Azərbaycan Ordusunun tarixi qələbəyə imza atması, bir ildən az bir müddətində Cocuq Mərcanlı kəndində infrastrukturun yaradılması, yaşayış evləri, məktəb və digər zəruri binaların tikilməsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə kənddə olması həm Azərbaycan xalqında vətənpərvərlik hissini birə beş artırmış oldu, həm də erməni işğalı altında olan digər şəhər və rayonlarımızın da Ali Baş Komandanın rəhbərliyi altında tezliklə işğaldan azad ediləcəyinə əminlik yaratdı. Belə bir əminliyi isə Azərbaycanın gücü, qüdrəti və hərbi potensialı yaradır. Baxmayaraq ki, Azərbaycan problemin sülh yolu ilə həllinə maraqlıdır. Amma, görünən odur ki, nə işğalçı Ermənistan, nə də münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu və həmsədr ölkələr Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini istəmirlər. Əks halda bu vaxta qədər Yerevana işğal altında saxladıqları Azərbaycan ərazilərini boşaltmaq barədə təzyiq göstərərdilər. Deməli, son ümid yeri yenə müharibə və Aprel qələbəsi kimi qələbələrə nail olmaqdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün özdoğma yurdlarına qayıtmalıdır,ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə,torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Bizim səbrimiztükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa olsun,azad edəcəkdir".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının keçirdiyi müsabiqəyə təqdim edilir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR