Məşhur “John Batchelor Show” radio proqramının növbəti verilişində Azərbaycanın uğurlarından danışılıb

Beş hissədən ibarət veriliş Bakıda "Araz" radiosunun studiyasından yayımlanıb

ABŞ-ın məşhur radio aparıcılarından olan Con Batçelorun müəllifi olduğu "John Batchelor Show" radio proqramı çərçivəsində Bakıda "Araz" radiosunun studiyasından Azərbaycanın xarici siyasəti, geosiyasi mövqeyi, iqtisadi inkişafı, ölkəmizdəki multikultural və tolerant mühit, elm-təhsil və qadın siyasəti haqqında beş hissədən ibarət veriliş yayımlanıb. "John Batchelor Show" proqramı dünyanın 100-dən artıq ölkəsində ingilisdilli auditoriyalar tərəfindən dinlənilir. Proqramın bir neçə milyonluq daimi dinləyici auditoriyası var. Veriliş 200-dən artıq radio tərəfindən təkrar yayımlanır.

Azərbaycan haqqında hazırlanmış silsilə verilişlərdə Con Batçelorun tərəfmüqabilləri Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn və Corc Taun Universitetinin professoru Brenda Şaffer olublar.

Verilişdə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, CBC televiziya kanalının baş direktoru Azər Xəlilov iştirak ediblər.

Aparıcı Con Batçelor Azərbaycanın tolerant ölkə olduğunu qeyd edərək burada müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgəyaşayışını təqdirəlayiq hal kimi yüksək qiymətləndirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aparıcının bu barədə sualını cavablandıraraq ölkəmizdə tolerantlığın qədim tarixə malik olduğunu söyləyib. Azərbaycanın tarixinə nəzər salan Hikmət Hacıyev ölkəmizin vaxtilə ciddi çətinliklərlə üzləşdiyini, böyük imperiyaların mübarizə meydanı olduğunu və xalqımızın uzun illər bundan çox əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, buna baxmayaraq, müstəqil Azərbaycan bütün çətinliklərin öhdəsindən gəlməyi bacardı, beynəlxalq birliyin bərabərhüquqlu üzvünə, etibarlı tərəfdaşına çevrildi.

XİN rəsmisi Azərbaycanın uğurlu xarici siyasəti barədə də ətraflı məlumat verib. O deyib ki, müstəqilliyini bərpa etdiyi ötən 25 il ərzində Azərbaycan ilk növbədə qonşuları, beynəlxalq ictimaiyyətin digər üzləri ilə mehriban münasibətlər qurub. Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının və digər Avropa təşkilatlarının üzvüdür. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verir. Bir neçə gün əvvəl Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. İki il əvvəl Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi və bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirdi. Hazırda isə Bakıda İslam Həmrəyliyi Oyunları keçirilir və Azərbaycan dünyaya müsəlman həmrəyliyi mesajını çatdırır. Azərbaycan radikalizmə, islamofobiyaya qarşı mübarizə aparır. Azərbaycanda keçirilən daha mühüm bir idman tədbiri isə Formula-1 yarışlarıdır. Bu yarışlar həm də Azərbaycanın dünyada tanıdılması üçün yaxşı imkandır.

Mətbuat katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılması barədə də söhbət açıb.

Müzakirələrə qoşulan CBC telekanalının baş direktoru Azər Xəlilov Azərbaycanın əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi ölkə olduğunu bildirib. O deyib ki, Azərbaycan dünyanın nadir ölkələrindən biridir. Burada çoxlu dildə - ingilis, rus, ərəb, ivrit, Ukrayna, gürcü, fars və s. dillərdə danışan insanlara rast gəlmək mümkündür. Bu da ölkədə artıq həyat tərzinə çevrilmiş tolerantlığın yüksək olmasından xəbər verən amillərdən biridir.

Rəhbərlik etdiyi CBC telekanalının fəaliyyəti barədə məlumat verən A.Xəlilov müxtəlif dillərdə yaydıqları proqramlar vasitəsilə Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırdıqlarını, həm ölkə daxilində, həm də xaricdəki tamaşaçı auditoriyasının gündən-günə artdığını diqqətə çatdırıb.

Azərbaycandakı multikultural mühit barədə sualı cavablandıran millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov deyib: "Azərbaycan dünyanın çox azsaylı ölkələrindən biridir ki, burada multikulturalizm dövlət siyasətidir. Multikulturalizm həm də Azərbaycanda həyat tərzidir. Azərbaycan multikulturalizmi ilə bağlı üç amili qeyd etmək olar. Birincisi tarixi amildir. Azərbaycan tarixən tolerant ölkə olub. Burada müxtəlif dinlərə, millətlərə mənsub insanlar əsrlərdir sülh, harmoniya şəraitində yaşayırlar, bir-biri ilə əməkdaşlıq edirlər. İkincisi coğrafi amildir. Azərbaycan coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Azərbaycan tarixən ticarət yollarının keçdiyi, fərqli sivilizasiyaların qovuşduğu məkandır.

Üçüncü amil isə dövlətin roludur. Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Azərbaycan Prezidenti multikulturalizmə böyük önəm verir. 2014-cü ildə dövlətimizin başçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaratdı, 2016-cı il Azərbaycanda "Multikulturalizm İli" elan olundu. Azərbaycan dövləti multikulturalizmin təşviqi, inkişafı istiqamətində böyük işlər görür. Multikulturalizm artıq xalqımızın önəmli dəyərinə çevrilib. Bu, insanların gündəlik həyat tərzində özünü büruzə verir".

Aparıcı Con Batçelor Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə edilməsinə verdiyi töhfələrə də toxunub. O deyib ki, Qələbənin əldə edilməsində Bakı neftinin müstəsna rolu olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin 70 faizdən çoxu Azərbaycanın payına düşürdü. Müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Bir sözlə, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan böyük rol oynayıb. İndi isə XXI əsrdir və Azərbaycan zənginləşib, hər yerdə tikinti-quruculuq işləri gedir.

Aparıcının bununla bağlı sualına Hikmət Hacıyev cavab verib. O deyib ki, Azərbaycan həqiqətən də faşizm üzərində Qələbənin əldə edilməsində və dünyanın faşizmin təhlükələrindən xilas edilməsində həlledici rol oynayıb. Azərbaycanın hazırkı inkişafına gəlincə, ölkəmiz digər postsovet dövlətləri kimi müstəqilliyinin ilk illərində çətinliklərlə, problemlərlə üzləşib. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan özünün enerji resurslarını dünyaya çıxarmaq imkanı əldə etdi. Azərbaycan dövləti bu imkanlardan xalqımızın rifahının yaxşılaşdırılması üçün istifadə etdi. "Əsrin müqaviləsi"nin imzalanması ilə xarici neft şirkətləri Azərbaycanda neft-qaz sektoruna sərmayələr qoymağa başladılar. Lakin Azərbaycanın iqtisadi inkişafı təkcə neft amili ilə məhdudlaşmır. Əldə edilən uğur, ilk növbədə, yaxşı idarəçiliklə bağlıdır. Neftdən gəlirlərin daxil olması əsas deyil, əsas yaxşı və səmərəli idarəçiliklə həmin gəlirlərdən ölkənin inkişafı üçün necə istifadə edilməsidir. Azərbaycan bu gəlirləri həm də təhsilin inkişafına sərf edir. Bu prosesin "qara qızılın insan kapitalına çevrilməsi" adlandırılması təsadüfi deyil. Digər vacib məqamlardan biri də şəffaflıqdir. Azərbaycan neft-qaz sahəsində tam şəffaflıq yaradıb. Bu məqsədlə yaradılmış Dövlət Neft Fondunun gəlirlərindən bu gün strateji məqsədlər, ölkənin inkişafı üçün istifadə olunur. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə neft ixrac edən ölkələrin çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan inkişaf yolu ilə gedir. Bu da məhz qeyd etdiyim yaxşı idarəçiliklə bağlıdır. Biz bu gün qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetiririk. Azərbaycanın qeyri-neft sektoru inkişaf edir və ölkənin tərəqqisinə töhfələr verir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov ölkəmizdə ailə, qadın və uşaq məsələləri ilə bağlı həyata keçirilən dövlət siyasətindən, əldə edilən nailiyyətlərdən və görüləcək işlərdən danışıb. Bildirib ki, Azərbaycan hökuməti ailələrin rifahını, qadın və uşaqların hüquqlarının qorunmasını daim diqqətdə saxlayır. Azərbaycanda hər bir ailənin rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görülür.

Veriliş zamanı aparıcı Con Batçelor Azərbaycan haqqında təəssüratlarını bölüşərkən deyib ki, Xəzərin sahilində yerləşən bu ölkə qədim ənənələri, müasirliyi, İslamı, xristianlığı, iudaizmi, tolerantlığı özündə birləşdirir. Məftunedici ölkə olan Azərbaycan digər dövlətlər üçün nümunədir.

Corc Taun Universitetinin professoru Brenda Şaffer Azərbaycanda mövcud olan multikultural, tolerant mühiti yüksək qiymətləndirib. O, ölkəmizdə başqa xalqların, dinlərin nümayəndələrinə göstərilən tolerant münasibətin təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın ərazisinin bir hissəsi işğal edilib, yüz minlərlə insan öz doğma torpaqlarından didərgin düşüb. Amerikalı professor doğma yurdlarından qovulan insanlar arasında onun da tanışlarının olduğunu bildirib, onlarda heç vaxt zorakılıq, nifrət əlamətlərini hiss etmədiyini, onların dilindən heç vaxt terror kəlməsini eşitmədiyini söyləyib. O deyib: "Lakin beynəlxalq ictimaiyyət bunun müqabilində nə edir? Heç nə. Beynəlxalq birliyin bu biganəliyi ədalətsizlikdir".

"Araz" radiosunun bu maraqlı verilişi Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlaynın Azərbaycan haqqında aşağıdakı fikirləri ilə başa çatır: "Hər kəs xəritəyə baxaraq görə bilər ki, Azərbaycan Amerikanın təhlükəsizliyi əsas rol oynayan ölkələrdən biridir. Hər bir ölkəni tənqid etmək olar, amma təəssüf ki, burada gördüyümüz müsbət inkişafdan bir çoxları danışmaq istəmir. Azərbaycana sözdə yox, əməli işdə dəstək verilməlidir". 

AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR