Ölkədə ictimai nəzarət mexanizmi niyə işləmir?

Mərkəzi və yerli icra hakimiyyəti orqanları ictimai şuraların yaradılmasında maraqlı deyillər

Dövlət başçısının 2014-cü ildə imzaladığı "İctimai iştirakçılıq haqqında" qanundan xeyli müddət keçməsinə baxmayaraq, hələ də bir sıra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuralar yaradılmayıb. Baxmayaraq ki, sözügedn qanunun qəbulu ilə müvafiq strukturlar yanında ictimai şuraların yaradılması məcburi xarakter daşıyır. Digər tərəfdən,  ictimai şuraların yaradılması ilə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət-vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Bu halda isə vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur. Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2014-cü ildə "İctimai iştirakçılıq haqqında" qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da sürətləndirib. Bu məsələnin dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib: "Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki, sadəcə olaraq, insanlardan tələb etsək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir. Hökumət bu məsələ ilə bağlı öz təkliflərini təqdim etsin. Təbii ki, heç bir vaxt israfçılığa yol verilməməlidir, xüsusilə indiki şəraitdə çox ciddi nəzarət olmalıdır". Çox təəssüf ki, araşdırmalar zamanı bəlli olub əksər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu şuralar yaradılmayıb.  Halbuki ctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır. Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır.

Konstitusiya Araşdırmalar Fondunun Prezidenti Əliməmməd Nuriyev ölkə başçısının 2014-cü ildə imzaladığı "İctimai iştirakçılıq haqqında" qanundan xeyli müddət keçməsinə baxmayaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətinin yanında ictimai şuraların yaradılmadığını deyib:  "Bu gün cəmi 6-7 nazirlik yanında belə şuralar yaradılıb. Əsas səbəb isə mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirməməsidir. Onların müvafiq strukturları qəbul olunmuş qanunlarla tanış olmurlar. Son aylarda cənab Prezident bu yöndə vacib mesajlar verir. Bildirir ki, ictimai nəzarət vacibdir və bunsuz inkişafa mane olan halları üzə çıxarmaq çətindir". Onun sözlərinə görə, cənab Prezident bir müddət öncə Appelyasiya Şuralarının yaradılması barədə qərar verdi: "Bu Şuralar sahibkar - dövlət orqanları arasında münasibətlərlə bağlıdır. Məhkəmə prosesləri keçmədən qvardi-məhkəmə strukturlarının yaradılmasını nəzərdə tutur. Sahibkarların şikayətləri araşdırılaraq ona uyğun cavab verilir. Bu sahibkarlıq mühitinin yaradılmasına və sahibkarlığa mane olan inzibati bürokratiyayanın aradan qaldırılmasına xidmət edəcək vasitədir. Eyni zamanda, bu həm də ictimai nəzarətin həyata keçirilməsinin effektiv üsullarından biridir. Azərbaycan Prezidentinin verdiyi qərarlar kağız üzərində qalmamalıdır və müvafiq strukturlar bundan irəli gələn məsələləri doğru-dürüst yerinə yetirməlidirlər. Bu vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına və dövlət orqanlarına etimadın möhkəmlənməsinə gətirib çıxara bilər. Verilən qərarlar zamanı vətəndaşların bu qərarların hazırlıq mərhələsində iştirakı həm şəffaflığa həm də müvafiq qurumlara inamın artmasına səbəb olar. Belə olan halda həmin qərarlar daha effektiv nəticələrlə yekunlaşır. Cənab Prezidentin də dediyi kimi, hər bir məmur xalqın xidmətçisidir. Verdiyi qərarlar zamanı da onunla dialoq aparmalıdır. Düşünürəm ki, ictimai şuraların yaradılması, atılan addımlarda vətəndaşların rəyinin öyrənilməsi baş verə biləcək mənfi fəsadların qarşısnı öncədən ala bilər".

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, ictimai şuranın yaradılması idarəçilikdə qüsurları müəyyənləşdirmək baxımından ən effektiv üsuldur:  "Şura üzvləri heç bir məsləhətləşmə aparmadan müvafiq strukturların iş fəaliyyətinə nəzarət edə bilər. İlk əvvəl Ədliyyə Nazirliyində, ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradıldı. Təəssüf ki, əksər naziliklər, mərkəzi icra hakimiyyəti orqanları hələ də bu Şuraları yaratmayıb. Qanunverici orqanda da bu yöndə qanun qəbul olundu, amma hələ ki nəticə yoxdur. Biz İctimai Şura yaradan bəzi qurumların işində ekspert kimi də iştirak edirik. Orada gedən bütün proseslər bizə bəllidir və lazım gəldikdə bu barədə açıqlamalar da veririk. Nazirlər Kabinetinin 171 və 172 saylı qərarları var ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları ictimai şuraların və ictimai iştirakçılığın digər formalarını tətbiq etməlidir. Müvafiq əsasnamələr qəbul olunub.  Biz 33 rayonda icra hakimiyyətləri üçün bu işlər necə təşkil olunması barədə təlimlər keçdik. Ümumilikdə götürdükdə cəmi 1, ya 2 rayonda və 5-6 mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuralar var. Ölkə başçısının bu barədə son çıxışları da göstərir ki, cənab Prezident bunun reallaşmasını qətiyyətlə istəyir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni təşəbbüslə çıxış edib. İctimai nəzarətlə bağlı daha təkmil qanun ortaya çıxmalıdır". 

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR