Azərbaycanın inkişafını istəməyən qüvvələr var

Amma dövlət başçısının qətiyyətli siyasəti belə qüvvələrin istəyini puç edir

Azərbaycan bütün qlobal təhdid və iqtisadi böhrana baxmayaraq öz inkişaf yolunu davam etdirir. İstər keçən ilin yekunları, istərsə də cari ilin birinci rübü ilə bağlı açıqlanan statistik göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz bundan sonra da öz inkişaf yolunu davam etdirəcək. Elə millət vəkili Məlahət İbrahimqızı da bu qənaətdədir. Deputat hesab edir ki, qlobal miqyasda baş verən iqtisadi böhrana rəğmən Azərbaycan özünü bu mənfi tendensiyalardan sığortalaya bilir: "Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi və ötən dövr ərzində əldə olunan nəticələri müsbət qiymətləndirdi. Dövlət başçısı həmçinin, qarşıda görüləcək işlərlə bağlı hökumətə ciddi tapşırıqlar verdi. Ümumiyyətlə, ölkəmizin 2017-ci il üçün əsas prioriteti qeyri-neft sektorunun sürətli inkişafıdır. Bu ilin birinci rübünün sosial-iqtisadi göstəriciləri də bu reallığı təsdiqləyir. Bilirsiniz ki, hazırda dünyada iqtisadi böhran yaşanır. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etdiyi üçün müəyyən məsələlərlə üzləşdi. Bu böhranın arxasında müəyyən siyasi maraqlar var. Müəyyən beynəlxlaq güclər dünyada neftin qiymətini aşağı endirməklə bir sıra dövlətlərə təsir etmək istəyirlər. Amma Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan öz inkişafını qoruyub saxlayır. Dövlət başçısının Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında söylədiyi kimi Azərbaycan özünün valyuta ehtiyatlarını qoruyub saxladı və bu çox müsbət göstəricidir. Təbii ki, Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Hazırda sənaye və kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir. Ölkəmiz öz resurslarından səmərəli istifadə edərək inkişafını davam etdirir. Eləcə də, bölgələrimiz sürətlə inkişaf edir. Regionlarda insanların rifahının yüksəlməsi üçün tədbirlər göürülür, yeni yollar çəkilir, kəndlərimiz qazlaşdırılır və s. Əlbəttə ki, bütün bunlar insanlarımıza xidmət edir. Bir sözlə, çətin dövr arxada qalıb. Hazırda həyata keçirilən islahatlar nəticəsində qarşıdakı dövrdə daha yaxşı inkişaf edəcəyik. Bu gün Azərbaycanın məhsullarının xarici bazarlara çıxarılması üçün mühüm işlər görülür. Azərbaycan brendlərinin dünyada tanıdılması üçün görülən işlər təqdirəlayiqdir. Şübhə yoxdur ki, görülən bu işlər gələcək inkişafımızı daha yüksək səviyyədə təmin edəcək". Millət vəkili hər zaman olduğu kimi hazırda da bəzi xarici dairələrdə Azərbaycanın inkişafını istəməyən qüvvələrin olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində Azərbaycanın keçdiyi böyük inkişaf yolu həmin dairələri ciddi narahat edir: "Biz ötən il dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etdik. Bu illərdə baş verən proseslər, əldə olunan nailiyyətlər bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasəti, Heydər Əliyev yolu alternativsizdir. Hazırda bu siyasətin layiqli davamçısı, Prezident İlham Əliyev Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən liderdir. Azərbaycan mürəkkəb coğrafiyada yerləşir. Təbii ki, belə bir geostrateji məkanda yerləşən Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Amma dövlət başçısının qətiyyətli siyasəti belə qüvvələrin istəyini puç edir. Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Azərbaycan ərazi baxımından kiçik dövlət olmasına baxmayaraq, dünyada nüfuzlu dövlətdir. Təbii ki, bu amilin əsasında Prezident İlham Əliyevin beynəlxalq aləmdə nüfuzu və Onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lideri olması dayanır. Həmçinin, Azərbaycan qlobal layihələrin təşəbbüskarı və müəllifi kimi də beynəlxalq müstəvidə söz sahibidir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan "G-20", Nüvə sammitlərində və digər mötəbər beynəlxalq tədbirlərdə iştirak edir. Cənab Prezidentin hər zaman milli maraqlarımızı qətiyyətlə qoruması hər bir vətəndaşda qürur doğurur. Müstəqilliyimizi bərpa etdikdən sonra qazandığımız ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (2012-2013-cü illər) üzv seçilməsidir. Bu məsələdə dünyanın 155 dövlətinin Azərbaycana səs verməsi də ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir.

Biz ötən illərdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə etmişik. Bu gün ölkəmizdə dünyanın ən mötəbər tədbirləri keçirilir, Azərbaycan humanitar, sivilizasiyalararası dialoqların məkanıdır. Burada tolerantlıq, multikultural dəyərlər qorunur və inkişaf edir. Bütün bunların fonunda Avropada multikulturalizm məhv olub, irqçilik, rasizm, ayrıseçkilik genişlənib. Bu gün münaqişələr, etnik qarşıdurmalar, terrorizm dünyanın bəlasına çevrilib. Belə bir şəraitdə Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Biz bununla fəxr edirik və bu sabitliyi, əmin-amanlığı qorumağa hər birimiz məsuliyyət daşıyırıq". Millət vəkili deyib ki, bu gün Azərbaycanın yeganə problemi torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır: "Dövlətimizin qarşısında dayanan əsas vəzifə ərazi bütövlüyümüzün bərpa olunması və qaçqın-məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasıdır. Hazırda Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqlar prosesi gedir. Əgər Ermənistan sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsə bu vəzifəni ordumuz yerinə yetirəcək. Keçən ilin aprel döyüşləri bunu sübut etdi. Ümumiyyətlə, aprel döyüşləri işğalçı Ermənistana ağır zərbə oldu, düşmən tərəf ordumuzun gücünü gördü. Bu döyüşlər xalqımızda ruh yüksəkliyini daha da artırdı. Xalqımız inanır ki, Prezidentimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək. Bir məqamı da qeyd edim ki, Azərbaycanda sabitlik və inkişaf bütövlükdə regiona müsbət təsir edir. Ermənilər anlasaydılar bu inkişafdan yararlana bilərdilər. Regionda mühüm enerji layihələri, dəmir yolu layihələri həyata keçirilir ki, bütövlükdə bölgənin inkişafını şərtləndirir. TANAP və TAP layihələri icraya başlayandan sonra bu inkişaf daha da sürətlənəcək. Yəni Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu bu layihələr təkcə ölkəmizə deyil, region və Avropa xalqlarına da xidmət edir. Ona görə də bütün bunlarla bizim qürur duymağa haqqımız var". Yaxın günlərdə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarına toxunan millət vəkili deyib ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları da mühüm əhəmiyyət kəsb edir: "Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim

İslam dünyasına öz töhfələrini verməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdir və İslam dünyasında böyük nüfuz sahibidir, ölkəmiz İslam dini dəyərlərinin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Prezident İlham Əliyev qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Dövlətimizin başçısı bildirib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Bildiyiniz kimi, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərir. Xatırladım ki, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban xanım idi. Məhz onun rəhbərliyi ilə bu Oyunlar yüksək səviyyədə keçirildi. İlk Avropa Oyunları göstərdi ki, Azərbaycan ən yüksək tədbirlərə ev sahibliyi etməyə qadirdir. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının da çox yüksək səviyyədə keçiriləcəyinə əminik. Bu tədbir bir daha Azərbaycanın dünyada tanıtımı olacaq".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR