Ermənistanın aqressiyası və ona şərait yaradan amillər

Bu amillər işğalçının yeni təxribatlara əl atacağını mümkün edir

Cəbhədə hər ötən gün gərginlik artmaqdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gündəlik cəbhə xəttindəki vəziyyətlə bağlı açıqladığı məlumatlardan da aydın görünür ki, ermənilər tərəfindən atəşkəsin pozulması halları artıq intensiv xarakter alıb. Demək olar ki, keçən ilin aprel döyüşlərindən sonra ilk dəfədir ki, gündəlik erməni tərəfindən atəşkəsin pozulması halları 100-dən artıq təşkil edir. Təmas xəttində kifayətqədər gərginliyin olduğu ermənilərin atəşkəsin pozulması zamanı istifadə etdikləri silahların kateqoriyasından da aydın görünür. Əgər son həftələrə qədər ermənilər yalnız avtomat silahlardan istifadə etməklə atəşkəs rejimini pozurdularsa, indi ermənilər pulemyotlar və minaatanlardan belə istifadə edirlər. Bu ərəfədə Ermənistanın işğal altında saxladığı Ağdam rayonu ərazisində hərbi təlimlər keçirməsi, o cümlədən İrəvandan Bakıya yönəlik təhdid mesajları Ermənistanın cəbhədə yenidən təxribatlara əl atacağından xəbər verir. Elə Azərbaycan tərəfi də ermənilərin bu xislətindən xəbərdar olduğu üçün aprelin 16-dan başlayaraq 30 min şəxsi heyət və texnikanın səfərbər edildiyi hərbi təlimlər keçirdi. Düzdür, Azərbaycanın Ermənistana gözdağı xarakteri daşıyan hərbi təlimləri İrəvanı bir qədər ehtiyatlı davranmağa vadar etsə də, bu o demək deyil ki, işğalçı ölkə cəbhə xəttində dinc dayanacaq və növbəti təxribatlara əl atmayacaq. Xüsusilə, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdiyi ərəfədə ermənilərin cəbhə xəttində gərginliyi daha da artıracağı və yeni təxribatlara rəvac verəcəyi şübhə edilmir. Bütün bunlar isə Qarabağda sülhün əldə edilməsi üçün aparılan danışıqlar prosesini zərbə altında qoymuş olur, regionda müharibə riskini artırır. Maraqlıdır ki, yaranmaqda olan bu mənfi tendensiya problemin nizamlanması ilə məşğul olan həmsədr dövlətləri də qəti şəkildə narahat etmir. Əksinə dolayısıyla Ermənistana göstərilən dəstək onun daha da aqressiv olmasına imkan yaradır. Elə bir neçə gün əvvəl Ermənistanın Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatına baş katibliyinin reallaşması da məhz İrəvana verilən dəstəklərdən biri kimi xarakterizə edilə bilər. Birmənalı olaraq hər kəsə bəllidir ki, Ermənistan hər zaman Dağlıq Qarabağ münaqişəsinə məhz bu təşkilatı cəlb etməyə çalışıb və KTMT-nin hərbi imkanlarından Azərbaycana qarşı istifadə etməyə cəhd göstərib. İndi situasiyada da Ermənistan eyni mövqedədir. İrəvanın bu mövqeyini bildiyi halda onun KTMT-yə baş katibliyinin reallaşdırılması doğru qərar deyildi. Yəni, sözügedən hərbi qurumun yaradıcısı Rusiyanın Ermənistanı bu iddiadan çəkindirməsi mümkün idi. Lakin göründüyü kimi Kreml bu təsir imkanlarından istifadə etməyərək Ermənistanın hərbi gücünə bir növ əlavə hərbi güc qatmış oldu. Təbii ki, bu amil də İrəvanın aqressivliyini artıran amillər sırasındadır.

Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O, bildirib ki, Rusiyanın formalaşdırdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi blokdan savayı, əsasən siyasi bir təşkilat kimi funksiyaya malikdir. Onun sözlərinə görə, ancaq KTMT siyasi təşkilat kimi də ciddi bir təzyiq mexanizminə malik olmayaraq, BMT tərəfindən tanınmır: "Rusiya Mərkəzi Asiyada və Cənubi Qafqazda geosiyasi dayaqlarını qorunması üçün bu təşkilatdan istifadə etmək istəyir. Hələ ki, bu təşkilat ciddi bir struktur olaraq, Rusiyanın maraqlarını müdafiə edə bilmir və edə bilməz də. KTMT üzvlər arasında fikir ayrılığı hökm sürməkdədir və ümumi çevik qoşun hissəsinə malik deyil. KTMT sabiq katibi Bordyuja daima Azərbaycan əleyhinə Ermənistanın siyasətini dolayı dəstkləyən bəyanatlar verirdi. Çalışılırdı ki, KTMT Azərbaycana qarşı təzyiq alətinə çevrilsin. Ermənistanda zamanla KTMT Qarabağ münaqişəsinə qatmaq istəyirdi. Belarus və Qazaxıstanın Azərbaycanla sıx siyasi əməkdaşlığı çərçivəsində bunun qarşısı alınırdı. İl yarımdı boş qalan KTMT katibliyinə məhz Nazarbayev və Lukaşenkonun prinsipləri nəticəsində Ermənistan rotasiyaya uyğun baş katib postuna yiyələnə bilmirdi. Bişkeşdə Rusiyanın birbaşa dəstəyi ilə Ermənistana baş katiblik verildi, Ermənistan Baş Qərargahının rəisi Yuri Xaçaturov baş katibliyi ələ keçirdi". Politoloq hesab edir ki, Ermənistan bununla Azərbaycana siyasi-hərbi təxribatlara əl atsa da bu səmərəsiz olacaq: "Kollektiv Təhlükəsizliyi Müqaviləsi Təşkilatı əsasən rəsmi Kreml tərəfindən idarə olunur. Ermənistanın sədrliyi formal xarakter daşıyır. Ermənistan bununla heç bir nəticəyə malik olmayacaq. Görünür, Rusiya müəyyən məsələlərdə Azərbaycana təzyiq etmək istəyir. KTMT faktorunu qabardmaqla Ermənistana demarş edir. Rusiyanın KTMT Ermənistana yer verməklə, Azərbaycanın gələcəkdə. bu təşkilat,barədə siyasətini qətiləşdirmiş oldu. Rusiya bundan sonra Azərbaycana KTMT üzvlük barədə təklifləri artıq həmişəkimi təklif olaraq qalacaq. Artıq, Vaşinqtondan da Ermənistanın təhrikçi və müharibə ritorikasına qarşı sərt təpkilər gəlməkdədir. Düşünürəm ki, Birləşmiş Ştatlar Ermənistanın KTMT katibliyini mənfi qəbul edir".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR