Politoloq: “Ermənistan isə KTMT-də bir vasitə kimi istifadə olunur”

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) katibliyin Ermənistana keçməsi ilə düşmən ölkə hansısa üstünlük əldə etməyəcək. Ermənilər dəfələrlə təmas xəttindən əlavə, məhz sərhəddə təxribat törədərək KTMT-dən dəstək almağa çalışsalar da, niyyətləri baş tutmayıb". Bunu  politoloq Arzu Nağıyev deyib.

O qeyd edib ki, KTMT-nin üzvü olan digər dövlətlər Azərbaycanla normal münasibətdədirlər və hər hansı gərginliyin artmasında maraqlı deyillər: "Eyni zamanda qeyd etmək istərdim ki, KTMT-nin yaradılması öncə Rusiyanın özünü qorumaq və sığortalaması üçün nəzərdə tutulub. Ermənistan isə KTMT-də bir vasitə kimi istifadə olunur . KTMT üzvləri başa düşürlər ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpasına çalışır və erməni işğalçılarının torpaqlarımızdan çıxmasını tələb edir. KTMT üzvü olan hər bir dövlət BMT çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıyır".

Politoloq bildirib ki, Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməsində məqsədi təşkil etdikləri saxta seçkidən sonra guya vətəndaşlarına hərbi güclərini nümayiş etdirmək və guya öz yollarından dönməyəcəklərini göstərməkdir: "Bununla Ermənistanda həqiqətən də müharibə partiyasının hakimiyyəti ələ keçirdiyi bir daha sübut olunur. Bu isə o deməkdir ki, Ermənistan status-kvonu saxlamağa çalışacaq. Azərbaycan ordusu isə plana uyğun olaraq öz hərbi təlimlərini keçirir. Bu, həm də ermənilərə hər an sarsıdıcı zərbə vurula biləcəyinə bir mesajdır". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR