Azərbaycanda gözəl investisiya mühiti mövcuddur

Prezident: "İnvestisiya təşviqi mexanizmini işə salmaqla görün, biz investisiya üçün nə qədər vəsait cəlb etmişik"

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Əslində ölkədə belə tədbirlərin həyata keçirilməsini təsadüfi hesab etmək olmaz. Ona görə ki, Azərbaycanın iqtisadi potensialı buna imkan verir. Təsadüfi deyil ki, Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. İqtisadiyyat nazirliyindən bildirilib ki, ölkəyə investisiyaların cəlb edilməsi üçün bütün mümkün imkanlar yaradılıb. Nəzərə almaq lazımdır ki,  Azərbaycan Respublikasının investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya Şuralarının təşkili, "İnvestisiya fəaliyyəti haqqında", "Xarici investisiyaların qorunması haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. Prezident İlham Əliyev də müşavirədə qeyd edib ki, artıq qısa müddət ərzində investisiya təşviqi üzrə 130 sənəd verilmişdir: "Bu proqram çərçivəsində ölkə iqtisadiyyatına sahibkarlar tərəfindən 1 milyard 250 milyon manat həcmində sərmayə qoyulur və qoyulacaqdır. Yəni, bu investisiya təşviqi mexanizmini işə salmaqla görün, biz investisiya üçün nə qədər vəsait cəlb etmişik. Sahibkarlar özləri bunu təşkil edirlər. Dövlət, əlbəttə ki, öz dəstəyini göstərir".

Ölkədə investisiya mühitinin bərqərar olması üçün digər bir vacib məsələ lisenziyaların verilməsidir ki, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli 650 nömrəli Fərmanına əsasən, 2015-ci ilin 2 noyabr tarixindən İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyi ilə bağlı hallar istisna olmaqla lisenziyaların "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli 713 nömrəli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar müddətsiz elan olunmuş, yeni verilən lisenziyalar isə müddətsiz müəyyən edilmiş, lisenziyanın verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya verən dövlət orqanların sayı 23-dən 4-ə, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilmiş, lisenziya verilməsi üçün tələb olunan prosedurlar isə sadələşdirilmişdir.

Bununla yanaşı, ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilmişdir. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına, vergi bəyannamələrin elektron qəbuluna başlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetin 8 sentyabr 2014-cü il tarixli 300 nömrəli Qərarına əsasən elektron imzanın alınması müddəti 2 gündən 1 günə endirilmişdir. Həmçinin, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları"nın tələbinə uyğun olaraq, tikinti layihələrinin ekspertizasının "bir pəncərə" prinsipi ilə həyata keçirilməsinə başlanılmışdır.

Paralel olaraq  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilmişdir ki, həmin sənəd Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. Müvafiq olaraq Vergi Məcəlləsinə 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq olaraq mənfəət və gəlirin 50 faizinin vergisini, müvafiq əmlakına görə əmlak vergisini və mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə torpaq vergisini, həmçinin onların idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üzrə idxalda əlavə dəyər vergisini ödəməkdən 7 il müddətinə azad edilmişdir. Həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda 2016-cı il 19 yanvar tarixində edilmiş dəyişikliklərə əsasən investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar, habelə sənaye, yaxud texnologiyalar parklarının rezidentləri tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə, sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə idxal rüsumlarından azad edilmişdir. Həmçinin, "Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016-cı il tarixli 811 nömrəli Fərmanına əsasən, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac gömrük bəyannaməsində nəzərdə tutulan dəyərin 3% baza olmaqla (məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə əmsallar tətbiq edilməklə) ixrac təşviqi ödəniləcəkdir. Eyni zamanda "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması və s. kompleks məsələlərin həlli ilə bağlı tapşırıqlar müəyyənləşdirilmişdir.

Azərbaycanda yaradılan investisiya mühiti ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, "Doing business 2017" hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. Bundan başqa, "Doing Business 2017" hesabatının "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə dünyada ilk beşliyə daxil olub və ən yaxşı təcrübəyə malik ölkələrdən biri kimi qeyd edilib. Bundan başqa, "Əmlakın qeydiyyatı" (22), "Kiçik investorların maraqlarının qorunması" (32), "Vergilərin ödənilməsi" (40), "Müqavilələrin icrasının təmin edilməsi" (44) indikatorları üzrə Azərbaycan öz mövqelərini yaxşılaşdıraraq, 190 ölkə arasında ilk 50-likdə qərarlaşıb. Həmçinin Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksi 2016-2017" hesabatı - Azərbaycan bu hesabatda 138 ölkə arasında 37-ci yerdə qərarlaşmışdır. Ölkəmiz artıq 8 ildir ki, sözügedən hesabatda MDB ölkələri arasında 1-ci yerdə qərarlaşır. Hesabatda Azərbaycan "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə 26-cı, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 39-cu yerdədir.

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR