Qeyri-neft sektorunun inkişafı yeni mərhələdə

Prezident Yevlaxda iş adamları qarşısında mühüm vəzifələr qoydu

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahədə ciddi nailiyyətlərin əldə olunması artıq 10 ildən çoxdur ki, əsas priortet olaraq qarşıya qoyulub. Bu mənada 2004-cü ildən etibarən mərhələli şəkildə həyata keçirilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"ları qeyri-neft sektorunun inkişafı istiqaməində qurulan bünövrənin təməl daşı da hesab edilə bilər. 2014-15-ci illərdə dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra ölkədə qeyri-neft sektorunun hazırkı səviyyədən bir qədər də yüksək şəkildə inkişaf etdirilməsinə xüsusi diqqət göstərilir. Bu mənada Azərbaycan Prezidentinin turizm sahəsi ilə bağlı imzalamış olduğu fərman və sərəncamlar, kənd təsərrüfatının inkişafı məqsədilə əlavə tədbirlər haqqında sərəncam, eləcə də bu kimi digər sənədlər qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar həm də onu göstərir ki, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi birbaşa dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin keçən il Sabirabad rayonunda, bu ilin martında Saatlı rayonunda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə keçirdiyi müşavirələr, eləcə də aprelin 17-də dövlət başçısının sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi deyilənlərin təsdiqidir.

Bir nömrəli vəzifə-daxili tələbatı yerli məhsullarla təmin etmək

Əvvəla onu qeyd etmək lazımdır ki, dövlət başçısının iştirakı ilə Yevlaxda keçirilən məlum müşavirə xüsusi əhəmiyyət kəsb edirdi. Birincisi, ilk dəfə idi ki, ölkədə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilirdi. İkinci əhəmiyyətli məsələ ondan ibarət idi ki, həmin müşavirə birbaşa dövlət başçısının sədrliyi ilə reallaşırdı. Yəni bundan sonra qarşıya qoyulan vəzifələr, məqsədlər, irəlidəki hədəflər sahibkarlara, iş adamlarına birbaşa ölkənin birinci şəxsi tərəfindən çatdırılırdı. Bu həm iş adamlarında bir əminlik yaratmaqla yanaşı, həm də onların bundan sonra daha məsuliyyətli fəaliyyətlərini şərtləndirirdi.

Yuxarıda da qeyd etdiyimiz kimi müşavirədə çıxışı zamanı dövlət başçısı qeyri-neft ixracatçıları, ümumiyyətlə sahibkarlar qarşısında bir sıra mühüm vəzifələr qoydu. Eyni zamanda bundan sonra görüləcək işləri, həyata keçiriləcək tədbirləri müəyyənləşdirmiş oldu. Dövlət başçısının ilk diqqət yetirdiyi məsələ ixrac potensialını artırmaqdan ibarət idi. Bu baxımdan prezident müşavirədə bildirib ki, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir: "Biz bu yolla gedirik".

Keçən il "Azexport" portalının yaradıldığına diqqət çəkən prezident İlham Əliyev qeyd edib ki, "Azexport" portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib: "Bu portala maraq getdikcə daha böyük olacaq. İndi əsas vəzifəmiz ondan ibarətdir ki, biz xaricdən sifariş olunan malların istehsalını təmin edə bilək. İndi bəzi hallarda sifariş olunur, ancaq ixraca göndəriləcək kifayət qədər məhsulumuz hələ ki, olmur. Ancaq "Azexport" portalının yaradılması çox müsbət hadisədir və getdikcə bu portala dünyada maraq artacaq. "Made in Azerbaijan" brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır".

Qeyd etdiyimiz kimi Prezidentin müşavirə zamanı sahibkarlar, qeyri-neft ixracatçıları qarşısında qoyduğu bir nömrəli vəzifə daxili tələbatı yerli məhsullarla təmin etməkdən ibarət idi: "Növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Veriləcək tapşırıqlar, qarşıya qoyulacaq vəzifələr, əlbəttə ki, icra edilməlidir və ediləcəkdir. Onların icrası nəticəsində biz daha da böyük ixrac potensialına nail olacağıq". Prezident hər zaman vurğuladığı kimi, son müşavirədə də bird aha qeyd edib ki, daxili tələbatı yerli məhsullarla təmin etmək olduqca zəruridir: "Əlbəttə ki, qeyri-neft ixracını artırmaq üçün, ilk növbədə, daxili tələbatı yerli məhsullarla təmin etməliyik və biz buna yaxınlaşırıq. Hər il regional inkişaf proqramına yekun vururuq. Bu mövzu daim gündəlikdə olur ki, biz hansı məhsullarla özümüzü nə qədər təmin edirik, hər il də dinamikanı görürük. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Ona görə də hesab edirəm, növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək".

Sahibkarlara dövlət qayğısının bariz nümunəsi

Prezident İlham Əliyevin qeyri-neft ixracatçıları ilə keçirdiyi müşavirədə diqqət çəkən digər önəmli məqamlardan biri sahibkarlarla bağlı idi. Dövlət başçısı seçilən ilk gündən sahibkarlara dövlət dəstəyini əsirgəməyən Prezident İlham Əliyev onlara hər zaman arxa, dayaq durduğunu Yevlaxdakı müşavirə zamanı bir daha təsdiqlədi. Məlumat üçün qeyd edək ki, İlham Əliyev müntəzəm olaraq sahibkarlara görüşlər keçirərək onların üzləşdikləri problemləri iş adamlarının öz dilindən eşidir, eyni zamanda qeyd edilən problemlərin həlli istiqamətində qısa müddətdə biznes mühitinin daha da yaxşılaşdırılmasına yönəlik addımlar atır. Sahibkarlarla baölı əsassız yoxlamaların aradan qaldırılması, onlara qarşı məmur özbaşınalıqlarına son qoyulması, eləcə də bu kimi mühüm addımlar iş adamları tərəfindən yüksək qiymətləndirilir. Ancaq bu da birmənalıdır ki, sahibkarlar da öz növbələrində onlara yaradılan şəraitin qarşılığında ortaya səmərəli fəaliyyət qoymalı, iqtisadiyyatın inkişafına töhfə verməlidirlər. Elə Prezident İlham Əliyev də sözügedən müavirədə bu məqama xüsusi diqqət çəkib: "Sahibkarlar yaxşı bilirlər ki, onların fəaliyyətinə dövlət tərəfindən çox böyük dəstək, həmçinin siyasi dəstək verilir. Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən nəinki biznes maraqları, ümumiyyətlə ölkə qarşısında duran vəzifələrin, o cümlədən sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onlar maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar.O ki qaldı dövlət siyasətinə, bir daha demək istəyirəm, sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir". Prezident qeyd edib ki, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib: "Bu kreditlər, eyni zamanda, sahibkarların qoyduqları vəsaitlər hesabına icra edilən layihələr bu gün deməyə əsas verir ki, biz qeyri-neft ixracımızı artırırıq. Çünki əgər bu kreditlər olmasaydı, bir çox layihələr icra edilməmiş qalardı və bu gün nəinki ixrac potensialımızın artırılmasından, ümumiyyətlə, daxili tələbatın ödənilməsindən söhbət gedə bilməzdi. Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verən əsas amillərdən biridir. Sahibkarlar bəlkə də ilk anlarda inanmırdılar ki, dövlət onlara bu güzəşti də edəcək. Bəzi hallarda buna təəccüb edirdilər. Ancaq indi görürlər ki, əgər o, ixracyönümlü məhsulu istehsal edirsə və onu dünya bazarlarına çıxarırsa, dövlət onun qiymətinin müəyyən faizini ona qaytarır. Yəni, bu, çox böyük stimul verən təşəbbüsdür. Dövlət tərəfindən atılmış bütün bu addımlar əlbəttə ki, sahibkarlar üçün yeni imkanlar yaradır. Beləliklə, biz bundan sonra bu gözəl nəticələr əsasında işimizi daha da təkmilləşdirməliyik, fəaliyyətimizi genişləndirməliyik".

Qarşıda duran növbəti hədəf İxracda şaxələndirməyə nail olmaq

Ümumiyyətlə, prezidentin aprelin 17-də qeyri-neft icxracatçıları ilə keçirdiyi müşavirədəki çıxışı demək olar ki, proqram xarakterli idi ə dövlət başçısı geniş və məzmunlu çıxışı ilə bir növ yeni bir Dövlət Proqramını açıqlamış, onun prioritetlərini ortaya qoymuş oldu. Dövlət başçısının müşavirədə diqqət çəkdiyi digər mühüm məqamlardan biri də ixrac prosesində şaxələndirməyə nail olmaqla bağlı idi. Yəni, dövlət başçısı bununla iş adamlarının diqqətinə çatdırmış oldu ki, qeyri-neft sektorunda yalnız bir iqtiqamət deyil, müxtəlif istiqamətlər üzrə inkişafa

təkan versinlər, iş qursunlar. Bir növ Azərbaycan iqtisadiyyatı kimi qeyri-neft sektoru da şaxələndirilmiş şəkildə inkişaf etsin. Təbii ki, qeyri-neft sektorunun şaxələndirilmiş şəkildə inkişafı isə ixracın şaxələndirilməsinə müsbət təkan verən amillərdən ola bilər. Elə Prezident İlham Əliyev də müşavirədə bu məqama xüsusi diqqət çəkib: " Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. İxracatda isə biz bunu hələ ki, deyə bilmərik. İxracımızın böyük hissəsi hələ ki, neft və qazla bağlıdır. Bu da yəqin ki, indiki dövr üçün təbiidir. Çünki biz neft-qaz potensialımızı artırırıq. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Necə ki, buna ümumi daxili məhsulda nail olmuşuq, ixracda da buna nail olmalıyıq. Bu ilin göstəriciləri də çox sevindiricidir. Bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini verib. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Üç ay ərzində səksən mindən çox yeni iş yeri yaradılıb. Ticarət dövriyyəmiz 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. Müsbət saldomuz 1 milyard dollardan artıqdır. Biz üç ayda 1 milyard dollar vəsait qazanmışıq. Bizim valyuta ehtiyatlarımız artır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz il ərzində daha da böyük nəticələrə gəlib çatacağıq".

Göründüyü kimi, artıq Prezident İlham Əliyev növbəti illər üçün qarşıda duran hədəfləri açıqlayıb. İndi əsas məsələ bu hədəflərə nail olmaq və prezidentin müəyyən etmiş olduğu xətt, istiqamətlə hərəkət edib yeni-yeni nailiyyətlər əldə etməkdir. 2016-cı ilin nəticələri cari ildə bu uğurların davamlı olacağı qənaətini formalaşdırır.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR