"Ərdoğan bütün dünya müxalifəti ilə mübarizə apararaq qələbə qazandı" 

"Ümumiyyətlə, Türkiyənin  Konstitusiyaya dəyişiklik etməsinin səbəbi nəhayət vahid güc mərkəzinin yaradılması idi. Çünki Atatürkdən sonra Türkiyənin Konstitusiyasına demək olar ki, dəyişiklik edilməyib". Bunu  Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşən Musayev deyib.

Onun sözlərinə görə,  dünya inkişaf edirsə, müasir dünya yeni formatları ortaya qoyursa, o zaman Konstitusiyaya  dəyişiklik edilməsinə ehtiyac yaranır: "Çox nadir dövlətlər var ki onlar 100 il boyunca  Konstitusiyasına dəyişiklik etməsinlər. İndiyədək Türkiyədə baş verən terrorlar, iğtişaşlara birbaşa şəkildə müdaxilə olunmurdu. Prezident hər hansı qərarla bağlı mütləq şəkildə parlamentə demək məcburiyyətində qalırdı.  Parlament bəzən çətin məqamlarda yığışa bilmirdi. Belə olan halda, Türkiyə üsul idarəsini dəyişməli idi. Lakin buna nail olmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təkcə müxalifətlə mübarizə aparmadı. O Avropanın böyük gücləri ilə mübarizə apararaq qələbə qazandı".

E. Musayev qeyd edib ki, Türkiyədə keçirilən referendum seçkilərində Ərdoğanın 51 faiz səs toplamasını kiçiltməyə, uğursuzluğu kimi qələmə verməyə çalışsalar da, əslində bu belə deyil: " O, 51  faiz səs çoxluğunu bütün dünya müxalifətinə, ona qarşı olanlarla mübarizədə qazandı ki, bu da böyük qələbə idi. Çünki, Türkiyədə keçirilən referendumla bağlı bir sıra nüanslar və təxribatlar ölkənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasına (AKP) mane olmağa çalışırdı. Hətta seçkidə CHP-nin güclənəcəyi ilə bağlı fikirlər irəli sürülür. Amma bu, belə deyil. Türkiyədə mövcud olan müxalifət Azərbaycandakı müxalifətlə eynidir. Türkiyədə Ərdoğana olan inam güclüdür və bunun nəticəsində o, üstünlük qazana bildi". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR