Regionda yeni əməkdaşlıq imkanları

Türkiyə - Ukrayna - Azərbaycan formatı realdırmı?

Son vaxtlar Azərbaycanın siyasi və iqtisadi sahədə daha sıx əməkdaşlıq etdiyi ölkələrdən biri Ukraynadır. Qarşılıqlı səfərlər və ondan doğan müsbət nəticələr Kiyev-Bakı əməkdaşlığı üçün yeni perspektivlər açır. Bu perspektivlər özünü daha çox iqtisadi sahədə göstərir. Bu günlərdə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ukrayanaya səfəri də iqtisadi sahədə yeni əməkdaşlıq formalarının axtarışı xarakteri daşıyırdı desək yanılmarıq. Məlumat üçün qeyd edək ki, azərbaycanlı nazir Kiyevdə Ukraynanın baş naziri Vladimir Qrosyman və digər ukraynalı nazirlərlə görüşdən sonra prezident Pyotr Poroşenko tərəfindən də qəbul olunub. Kiyevdəki görüşlərdə tərəflər müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı genişləndirmək barədə razılıq əldə ediblər.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, Şahin Mustafayevin Kiyevə səfərinin əsas nəticəsi Kiyevdə Azərbaycan Ticarət Evinin açılması barədə razılığın əldə olunmasıdır: "Tərəflərin fikirincə, Ticarət Evinin açılışı ikitərəfli ticarəti stimullaşdıracaq və Ukraynaya Azərbaycan investisiyalarının cəlbini artıracaq. Şahin Mustafayev görüşlərdə qeyd edib ki, Azərbaycan Ukrayna ilə maşınqayırma sahəsində birgə müəssisələrin yaradılmasına maraqlıdır. Nazir həmçinin kimya sənayesi, kənd təsərrüfatı və turizm sektorlarında dövlətlərarası əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb. Ümumiyyətlə Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında Ukraynanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsi 347 milyon dollar təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 17,7 faiz çoxdur. Başqa müsbət nümunə: 2014-cü ildə Ukraynadan Azərbaycana və əks istiqamətdə cəmi 450 varonda mal daşınıbsa, 2016-cı ildə bu rəqəm 3 minə çatıb. Demək daşımada potensial hələ böyükdür". Politoloq onu da qeyd edib ki, Azərbaycan-Ukrayna əməkdaşlığı, öz -özlüyündə Kiyev-Bakı-Ankara formatını da aktuallaşdırır. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin Kiyevə səfərindən sonra bu ölkənin baş nazirinin Türkiyəyə səfəri heç də təsadüfi qarşılana bilməz: " Ukraynanın baş naziri Vladimir Qrosyman Şahin Mustafayevlə görüşdən sonra Türkiyəyə rəsmi səfərə getdi. Bu səfər də uğurlu oldu. Ukrayna ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə ölkələrarası səfərlərin həyata keçirilməsi qərarının verlməsi bu uğurun tərkib hissəsidir. Türkiyədə son illərdə dincələn ukraynalı turistlərin sayı 1 milyonu ötüb. Yeni razılaşma bu sayın daha da artmasına gətirib çıxaracaq. Eləcə də Türkiyə vətəndaşları rahat şəkildə Ukrayaya səfərlər edəcək, həm dincələcək, həm də işgüzar əlaqələr quracaqlar. Kiyevlə Ankara arasında təmasların artması Ukrayna iqtisadiyyatı üçün xeyirlidir. Türkiyənin investisiya imkanları genişdir və Ankara yeni bazarlar axtarır. Ukrayna çox münbit bazardır və Avropaya çıxış imkanları var. Türkiyə Ukraynanın bank sektorundakı rolunu da artıra bilər. Bundan başqa iki ölkə arasında sərnişin təyyarəsi istehsal edən birgə müəssisənin yaradılması müzakirə predmetidir. Ukraynada böyük təyyarə zavodları var ki, istehsal zəifləyib və Türkiyə bu istehsala dəstək verə bilər. Türkiyə şirkətləri Ukrayna müəssisələrinin özəlləşdirilməsində də fəal iştirak edə bilərlər". Bəs görəsən Kiyev-Bakı və Kiyev-Ankara arasındakı münasibətlər Kremldə necə reaksiya doğura bilər?. Politoloq hesab edir ki, Kreml qonşu ölkələrin Ukrayna ilə münasibətlərini diqqətlə izləyir: "Buna baxmayaraq, Türkiyənin və Azərbaycanın Ukrayna ilə münasibətlərini genişləndirməsi Ankaranın və Bakının Kremllə əlaqələrinə mənfi təsir etməyəcək. Çünki Ankara və Bakı Kiyevlə sıx əlaqələrdən Rusiyaya qarşı istifadə etmir. Məsələn, Azərbaycanın Ukrayna ilə ticarət həcmini artırması, ortaq layihələrə maraq göstərməsi, Dövlət Neft Şirkəti bu ölkədə yanacaqdoldurma məntəqələrinin sayını artırması sırf iqtisadi qazanc baxımından qiymətləndirilir. Rusiya Ukraynanın Mərkəzi Asiyaya çıxışını bağlayıb. Hazırda Ukrayna Qara dəniz, Gürcüstan və Azərbaycan dəmiryolları üzərindən Mərkəzi Asiyaya mal daşıyır. Yəni Azərbaycan bir növü Ukraynanı Rusiyanın iqtisadi mühasirəsindən qurtarıb. Bunda da siyasi məsələ yoxdur. Rəsmi Bakı Ukraynaya Azərbaycan ərazisindən mal daşımağa imkan verirsə, bu sırf iqtisadi amillərlə bağlıdır. İki dövlət arasındakı münasibətlərə üçüncü dövlət müdaxilə edə bilməz. Ona görə də həm Ankara, həm də Bakı Kiyevlə əlaqələrini genişləndirmək xəttini götürüblər və bu doğru siyasətdir. Bu hamı üçün faydalıdır. Hətta mümkündür ki, Şahin Mustafayevin Kiyevə, Vladimir Qrosymanın isə Ankaraya uğurlu səfərləri bölgədə yeni Türkiyə-Ukrayna-Azərbaycan formatının yaradılmasına yol açsın".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR