Fransa Azərbaycanın siyasətində strateji yer tutur

İlham Əliyevin Fransaya səfəri siyasi və iqtisadi baxımdan əhəmiyyət kəsb edir
 

Prezident İlham Əliyevin martın 14-də Fransaya səfəri başa çatdı. Dövlət başçısı səfər çərçivəsində həmkarı Fransua Ollandla təkbətək və geniş tərkibdə görüşlər keçirdi. İki ölkə arasında bir neçə dövlətlərarası sənəd imzalandı. Azərbaycan prezidenti qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoq mühüm mərhələyə qədəm qoyub və bir çox sahələrdə mövqelər üst-üstə düşür. Həmçinin Fransa səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. Artıq prezidentlik müddətini başa vurmaqda olan Olland deyib ki, münaqişənin həllinin vaxtı çoxdan çatıb. Qeyd edək ki, İlham Əliyev Paris səfəri zamanı fransız şirkətlərinin rəhbərləri ilə də bir neçə görüş keçirib ki, burada ən mühüm amil fransız şirkətlərin investor kimi Azərbaycana cəlb olunması ilə əlaqəlidir. Maraqlıdır, Azərbaycan prezidentinin Fransaya səfəri iki ölkə arasında daha hansı sahələrdə əməkdaşlığın inkişafına təkan verə bilər? Millət vəkili Eldar İbrahimov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfərini müsbət qiymətləndirilməlidir. Bu səfər Azərbaycanın, ölkə Prezidentinin Avropada və dünyada nə qədər mühüm əhəmiyyətə və böyük nüfuza malik olduğunun nəticəsi hesab edilə bilər. Azərbaycan Prezidentin Fransaya səfər proqramının kifayət qədər geniş və əhatəli olduğunu vurğulayan komitə sədrinin sözlərinə görə, həm rəsmi, həm siyasi, həm də biznes dairələri ilə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. E. İbrahimov qeyd edib ki, gündəlikdə duran ən vacib, ən mühüm məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə son qoyulması və bu məsələdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılmasıdır: "Bildiyiniz kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədrindən biridir və bir çox hallarda da ermənilərə, Ermənistana yaxınlığı, ona dəstəyi ilə seçilən ölkələrdəndir. Bunu da zaman-zaman dilə gətirmişik, sərt mövqeyimizi də ifadə etmişik. Ancaq bununla belə hesab etmişik və edirik ki, Fransa Qarabağ münaqişəsinin həllində böyük rol oynaya, təcavüzkar, işğalçı Ermənistana təsir göstərə bilər. Bizim də həmsədr ölkə kimi Fransadan gözləntimiz budur. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində öz səylərini göstərir. Lakin bu səylər daha konkret, daha prinsipal və daha yüksək səviyyədə olmalıdır. Səfərin məqsədi də əlaqələrin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv informasiyanın Fransa rəsmi dairələrinə çatdırılmasıdır. Səfər zamanı dövlət başçısı da bu məsələdə Azərbaycanın konkret mövqeyini ortaya qoydu, status-kvonun bir daha qəbuledilməzliyini söylədi və bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək gücündədir". Komitə sədri həmçinin bildirib ki, dövlət başçısının Fransa səfəri iqtisadi baxımdan da mühüm əhəmiyyətə malikdir: "Azərbaycan Prezidentinin Fransanın işgüzar dairələri ilə görüşləri, birgə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Azərbaycanda bu gün investisiyalar üçün cəlbedici bir mühit, zəmin, şərait var. Azərbaycan eyni zamanda, Avropaya öz kapitalını, sərmayəsini yatırır və bununla da hər iki tərəf üçün müsbət nəticələr əldə olunur. Ümumilikdə götürdükdə Prezidentin Fransaya səfəri səmərəli və ümidvericidir". Politoloq Elçin Mirzəbəyli deyib ki, ölkə başçısı İlham Əliyevin Fransaya səfəri bu baxımdan mühüm əhəmiyyət kəsb edir: "Səfər zamanı çoxşaxəli görüşlər keçirildi. Keçirilən görüşlər biznes mühitinin bütün sahələrini demək olar ki, əhatə etdi. Bu da iki ölkə arasındakı əlaqələrin vacib elementi kimi dəyərləndirilməlidir. Düşünürəm ki, prezidentin Fransa səfəri bundan sonrakı proseslərdə iki dövlət arasındakı əlaqələrin genişlənməsinə, daha da inkişaf etməsinə zəmin yaradacaq. Bu da öz növbəsində rəsmi Parisin xarici siyasətindəki müəyyən tendensiyalara öz təsirini göstərəcək". Elçin Mirzəbəylinin sözlərinə görə, Fransa Azərbaycanın siyasətində strateji yer tutur. Bu faktı konkret olaraq bir-iki ya da beş - on ilə aid etmək olmaz. Nəzərə almaq lazımdır ki, Fransa Avropanın böyük və nüfuzlu dövlətidir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədridir. Həmçinin bu ölkədə dövlət siyasətinə təsir etmək imkanlarına sahib olan güclü erməni diasporu var. Erməni diasporu Fransa siyasətində qabarıq şəkildə özünü göstərib. Cənab prezident bundan öncəki səfərlərində də Bakı ilə Paris arasında münasibətlərin inkişafı üçün bir çox mühüm addımların atılmasına nail olub: "Fransa Azərbaycanın siyasətində strateji yer tutur. Bu faktı konkret olaraq bir-iki ya da beş - on ilə aid etmək olmaz. Eyni zamanda, Fransadakı dəyişən hakimiyyətlərlə də sıx bağlı deyil. Bildiyimiz kimi hazırki ölkə başçısı Fransua Ollandın prezidentlik müddəti artıq başa çatmaq üzrədir. Bu vaxt başa çatdıqdan sonra onu bir başqası əvəz edəcək. Diqqət yetirsək görərik ki, bu aspektdən yanaşanda Azərbaycan Fransa ilə bağlı çoxşaxəli siyasət yürüdür. Bu özünü fransız şirkətlərlə ölkəmizin yaxından əməkdaşlıq etməsində göstərir. Azərbaycan hakimiyyəti onların ölkəmizə cəlb olunması istiqamətində çox ciddi addımlar atır. Digər amil isə Heydər Əliyev Fondunun iştirakı ilə iki ölkə arasında mədəni-mənəvi əlaqələrin qurulması və genişləndirilməsidir. Daha bir aspekt isə parlamentlər müstəvisində ictimai-siyasi əlaqələrin genişləndirilməsi ilə bağlıdır. Bu çoxqütblü siyasət zamanla öz bəhrəsini verməkdədir. Artıq Fransada Azərbaycanı müdafiə edən insanların sayı artır. Bu da erməni diasporası ilə müəyyən balansın yaradılmasına səbəb olub".

Nurlan 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR