Qarşılıqlı siyasi münasibətlərdən doğan iqtisadi əməkdaşlıq

Ölkəmizin əlverişli biznes mühiti fransız şirkətlərində böyük maraq yaradır

Azərbaycanın regionda artan nüfuzu, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilməsi, ən əsası zəngin təbii ehtiyatları ölkəmizə olan marağı hər ötən gün artırır. Xüsusilə, rəsmi Bakıya olan bu maraq, diqqət Avropada daha çox özünü büruzə verir. Son vaxtlar qarşılıqlı səfərlərin artması, Avropanın siyasi institutları ilə ikitərəfli formatda çox mühüm müzakirələrin keçirilməsi də deyilənlərin sübutudur.

Məlum olduğu kimi Avropada Fransanın da xüsusi yeri və çəkisi var. Bu baxımdan qoca qitənin inkişaf etmiş ölkələrindən olan Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi də həm Parisin, həm də Bakının maraqları çərçivəsindədir. Vaxtı ilə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfər etməsi, bu günlərdə isə Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin bu ölkəyə səfəri məhz qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunələrindən idi. Ümumiyyətlə, Paris ilə Bakı arasında münasibətlərə nəzər salsaq, aydın görərik ki, Azərbaycanla Fransa təkcə güclü siyasi əlaqələr deyil, eləcə də iqtisadi, mədəni, humanitar və digər sahələrdə yaxından əməkdaşlığa malikdir. Müsbət tərəfi isə ondan ibarətdir ki, bu əməkdaşlıq hər ötən gün daha da inkişaf edir, gələcək üçün yeni-yeni perspektivlər açır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə baş tutan Fransa səfərini də Paris-Bakı münasibətlərinin inkişafı istiqamətində yeni bir mərhələnin başlanğıcı kimi səciyyələndirə bilərik. Həm dövlət başçısının Parisdə keçirdiyi görüşlər və aparılan müzakirələr, həm də iki ölkə arasında imzalanan sənədlər belə bir qənaətə gəlməyə imkan verir. Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev Fransaya səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Klod Bartolon, Fransa Senatının sədri Jerar Larşe və bu ölkənin prezidenti Fransua Ollandla görüşüb. Hər üç görüşdə müzakirə edilən məsələlərin Paris-Bakı əlaqələrinin inkişafına müsbət təsirləri şübhəsizdir. Bu sırada xüsusilə Azərbaycan və Fransa prezidentlərinin görüşü və görüşdən sonra ölkələr arasında imzalanan sənədlər mühüm əhəmiyyət daşıyır. Tərəflər arasında imzalanmış sənədlərə diqqət yetirdikdə də bunu aydın görmək mümkündür və gələcək əməkdaşlıq üçün yeni perspektivlərin açıldığını söyləməmək doğru olmaz. Məlumat üçün qeyd edək ki, dövlət başçılarının görüşündən sonra "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu", Fransanın İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası arasında Kredit Müqaviləsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Fransa Respublikasının Baş naziri yanında Dövlət İslahatları və Asanlaşdırma üzrə Dövlət Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə Fransa Respublikasının İqtisadiyyat, Sənaye və

Rəqəmsal Nazirliyi arasında innovasiya, informasiya və kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

İki ölkə arasında imzalanmış sənədlərə diqqət etdikdə aydın görünür ki, Paris və Bakı arasında siyasi müstəvidə qurulmuş və yüksələn xətlə inkişaf edən siyasi əlaqələr daha geniş iqtisadi əlaqələr üçün də yol açır. Bir sözlə Parisdə imzalanmış sənədlərin Azərbaycan və Fransanı iqtisadi sahədə daha da yaxınlaşdıracağı şübhə doğurmur. Azərbaycan Prezidentinin Fransa səfəri çərçivəsində iqtisadi sferanı əhatə edən bir neçə mühüm əhəmiyyət kəsb edən görüşün keçirilməsi də deyilənləri təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransada səfərdə olduğu müddətdə "Total", "Thales International", "Airbus", "Credit Agricole SA" və digər nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bundan başqa dövlət başçısının Parisdə keçirdiyi ən mühüm görüşlərdən biri də Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub. Sözügedən qurumun iqtisaadi sferada Fransada ən tanınmış təşkilatlardan biri olduğunu nəzərə alsaq, həmin görüşün nəticələrinin də Azərbaycan üçün müsbət sonluqlar vəd edəcəyini söyləmək mümkündür. Elə Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari-Anj Debon da belə tədbirlərin Azərbaycan ilə Fransa şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidernti ilə keçirilən görüşdə iştirak etmək üçün 70-dən artıq iri şirkət rəhbəri MEDEF rəhbərliyinə müraciət edib ki, bu da öz-özlüyündə nüfuzlu şirkətlərin Azərbaycanla iqtisadi sahədə əməkdaşlığa maraq göstərdiyindən xəbər verir. Bu həm də Azərbaycanın iqtisadi mühitinin fransız şirkətləri üçün cəlbedici olduğunu deməyə əsas verir. Əslində təkcə indi deyil, Azərbaycan müstəqillik əldə etdikdən, xüsusilə 1993-cu ilin iyunundan sonra ölkədə siyasi sabitliyə nail olunduqdan sonra Fransa şirkətlərinin Azərbaycana marağı artıb. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi 50-dən çox fransız şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulub, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır.Dövlət başçısının qeyd etdiyi kimi bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir.

Əslində xarici şirkətlərin, xüsusilə də fransız şirkətlərinin Azərbauycana marağı təsadüfi deyil və bu marağı şərtləndirən amilər var. Bu amillər sırasında başlıcası Azərbaycanda mövcud olan əlverişli biznes və yüksək investisiya mühitidir. Eyni zamanda ölkənin böyük inkişaf potensialı dünyanın aparıcı iqtisadi və maliyyə qurumlarının diqqətini cəlb edən başlıca faktorlar sırasındadır.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR