Fransadakı Azərbaycan icması: "İlham Əliyevin Qarabağ münaqişəsinin həlli üzrə siyasətini dəstəkləyirik"

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri ilə bağlı Fransada yaşayan Azərbaycan icması bəyanatla çıxış edib. Bu barədə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun üzvü, millət vəkili Cavanşir Feyziyev məlumat verib.

Bəyanatda qeyd olunur: "Biz, Fransada yaşayan Azərbaycan icması 2017-ci ilin 13-14 mart tarixlərində Azərbaycan Prezidentinin Fransaya rəsmi səfərini dəstəkləyirik. Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr çox yüksək səviyyəyə çatıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, hökumətlər və parlamentlər arasında sıx əlaqələrin qurulması, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı iki ölkə arasında əməkdaşlıq meydanını genişləndirir ki, bu da qarşılıqlı əlaqələrin getdikcə möhkəmləndiyinin göstəricisidir.

Fransa Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Bu il Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 25 illik yubileyi hər iki ölkədə qeyd olunur.

Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz həllini tapmadığını qeyd etmək olduqca vacibdir. Bu münaqişə 1988-1994-cü illərdə qarşıdurmalara gətirib çıxarıb, Azərbaycan ərazilərinin 20%-ni təşkil edən Dağlıq Qarabağ və onun ətrafında yerləşən daha 7 rayonun işğalı və bu rayonlardan azərbaycanlı əhalinin məcburən çıxarılması ilə nəticələnib. Bu gün əhalisinin 1 milyondan çoxu qaçqın və məcburi köçkün olan Azərbaycan qaçqın və məcburi köçkünlərin əhali sayına nisbətinə görə dünyada ilk yeri tutur.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın hərbi qüvvələri tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində işğal olunmuş ərazilərdə bir nəfər də olsa Azərbaycanlı qalmayıb. Etnik təmizləmənin kulminasiya nöqtəsi isə bir neçə gün öncə 25 illik anım tarixini qeyd etdiyimiz, 1992-ci ilin 25-26 fevral tarixlərində törədilmiş Xocalı soyqırımı olub. Xocalı soyqırımına şəxsən rəhərlik etmiş indiki Ermənistan prezidenti Serj Sarkisyan bu soyqırımı beynəlxalq mətbuata verdiyi müsahibələrdə dəfələrlə etiraf edib.

BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı və BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələri münaqişənin həlli üçün hüquqi əsasları yaradıb. Bu qətnamələr Azərbaycana qarşı güc işlədilməsini və onun ərazilərinin işğal olunmasını qətiyyətlə pisləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edib, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinin yolverilməz olduğunu qeyd edib. Bu qətnamələr işğalçı qüvvələrin tamamilə və qeyd-şərtsiz Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir. BMT-nin, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin 2005 və 2016-cı illərdə qəbul etdiyi qətnamələrə, eləcə də ATƏT-in Minsk qrupunun və bütövlükdə dünya ictimaiyyətinin səylərinə baxmayaraq, bu münaqişə bu gün də həll olunmamış qalır. 1994-cü ildə əldə edilmiş atəşkəs haqqında razılaşmadan sonra da Ermənistan qoşunların təmas xəttində yerləşən mülki əhaliyə hücumlarını dayandırmır və beynəlxalq təşkilatlar tərəfindən irəli sürülən sülh təkliflərinin heç birini qəbul etmir. Bu gün məcburi köçkün həyatı yaşayan hər bir aAzərbaycanlının yeganə arzusu öz doğma torpaqlarına qayıtmaqdır və bu işğal sonsuzadək davam edə bilməz.

Fransada yaşayan azərbaycanlılar icması adından Azərbaycanın ərazi bütövlüyün sülh yolu ilə bərpa olunması üçün bu işğalın pislənməsini və bu istiqamətdə əməli tədbirlər görülməsini ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan və beynəlxalq birlikdən tələb edirik.

Bütün həqiqətlərin əksinə olaraq özünün başladığı təcavüzdə hər vəchlə özünü münaqişənin qurbanı kimi qələmə verməyə çalışan Ermənistanı Dağlıq Qarabağın işğalını sonsuzadək davam etdirməyin mümkün olmayacağını anlamağa çağırırıq.

Azəraycan Prezidenti İlham Əliyevin Fransaya səfərini nəzərə alaraq, biz cənab Prezidentin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində apardığı siyasətə dəstəyimizi bildirir və bu siyasətin münaqişənin tezliklə və birdəfəlik həllinə gətirib çıxaracağına ümid edirik". 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR