Jan-Fransua Manselin bəyanatı

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri ilə bağlı Fransa parlamentinin üzvü, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti cənab Jan-Fransua Mansel Bəyanatla çıxış etmişdir.

Azərbaycan və Ermənistan arasında sülh və həqiqət naminə

Respublika Prezidentinin dəvəti ilə Ermənistan və Azərbaycan prezidentlərinin ölkəmizə ardıcıl səfərləri bəzi həqiqətləri tam qərəzsiz şəkildə xatırlatmaq və bir arzumu ifadə etmək üçün bir fürsətdir.

Öncə həqiqətlər barədə.

1991-1992-ci illərdə Ermənistan silah gücünə Dağlıq Qarabağ vilayətini və Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edən 7 rayonunu işğal etmişdir. Bu işğal 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd dəfə pislənmişdir. İşğal nəticəsində bir milyona yaxın mülki azərbaycanlı hər şeylərini itirmiş və bir daha öz doğma torpaqlarına qayıda bilməyən bu insanlar bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar. Ən dəhşətlisi isə odur ki, Ermənistan 1992-ci il fevralın 26-da 614 nəfər mülki şəxsin - kişi, qadın və uşaqların vəhşicəsinə qətlə yetirilməsinə səbəb olan Xocalı soyqırımını törədib. Bunu bir qədər sonralar Ermənistanın prezidenti olmuş Serj Sarkisyan 2000-ci ildə belə etiraf etmişdi: "Xocalı hadisələrindən əvvəl azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat edə bilərdilər, onlar ermənilərin mülki əhaliyə hücum edəcəyinə inanmırdılar. Biz bu inamı (stereotipi) qıra bildik. Baş verənlərin hamısı çox yaxşıdır."

Beləliklə, nə qədər güclü olsalar da, Fransadakı erməni diasporunun nümayəndələri işğalçıları "işğala məruz qalmışlar" kimi, cəlladları isə "məsum qurbanlar" kimi qələmə verərək həqiqətə başqa don geyindirə bilməzlər!

Azərbaycanda demokratiya ilə bağlı tənqidi fikirlər səsləndirənlər hansı haqla hakimiyyətin seçki ilə formalaşdığı, hələ 1918-ci ildə qadınlara seçki hüququ vermiş, 1998-ci ildə ölüm hökmünü ləğv etmiş, başqa yerlərdə bir-birini didib dağıdan sünnü və şiə müsəlmanların xristianlar və yəhudilərlə bir arada harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşamını təmin edən müstəqil bir dövlətə bu qədər lovğalıqla dərs vermək istəyirlər? Bütün bu nailiyyətlər üçün hamı Prezident Əliyevə borcludur.

Nəhayət, bir arzumu da bəyan etmək istəyirəm.

Ermənistanda yaşayan ermənilərin həyatı onların daim köç etdikləri Parisli "vəkillərinin" həyatına nisbətən çox ağırdır. Bu barədə düşünməyin vaxtı deyilmi?

Yüz minlərlə azərbaycanlı ailələrin öz ev-eşiklərinə qayıtmasına imkan yaratmağın vaxtı deyilmi?

Hər il hər iki tərəfdən tökülən qanlara və axıdılan göz yaşlarına son qoymağın vaxtı deyilmi?

Hər şeyə rəğmən, hər iki ölkə ilə saxladığı daimi əlaqələr və beynəlxalq ictimaiyyətin ona etibar etdiyi vasitəçilik rolu sayəsində Fransa bu işə öz töhfəsini verə bilər.

Hərəkətə keçməyin vaxtı çatmışdır.

Jan Fransua Mansel

Deputat

Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR