Ankara və Moskva arasında muxtariyyət savaşı – III RAUND BAŞLANDI

Bu gün Astanada Suriya böhranının nizama salınması üzrə danışıqların üçüncü raundu başlanıb. İki günlük danışıqlarda Rusiya, Türkiyə və İran iştirak edir. ABŞ-ı Qazaxıstandakı səfir Corc Krol təmsil edir.

Publika.az xəbər verir ki, Gazeta.ru-ya danışan danışıqlara yaxın mənbə tərəflərin Suriyada atəşkəs rejiminin təminatı üzrə mexanizmlərini və ölkənin yeni konstitusiyasının layihəsini müzakirə edəcəklərini deyib.

Mənbə görüşün texniki xarakter daşıyacağını bildirib. Onun sözlərinə görə, danışıqların gedişatında heç bir böyük siyasi sıçrayış olmayacaq. "Amma danışıqların davam etdirilməsi faktının özü çox əhəmiyyətlidir", - mənbə qeyd edib.

Gazeta.ru-nun başqa bir həmsöhbəti deyib ki, danışıqlarda həmçinin İŞİD və "Ən-Nüsra" Cəbhəsi terror təşkilatlarının Suriyada yerləşdiyi ərazilər üzrə xəritənin tərtib edilməsi müzakirə ediləcək. İŞİD döyüşçülərinin yerləşdiyi rayonlar haqqında məlumat mübadiləsi olduqca konstruktiv keçir. Rusiyadakı hərbi-diplomatik mənbə "İnterfaks" nəşrinə bildirib ki, "Ən-Nüsra" Cəbhəsi ilə bağlı vəziyyət fərqlidir.

Agentliyin həmsöhbətinin məlumatına görə, Rusiya Astana danışıqlarında Suriyada siyasi nizama salınma məsələlərinin müzakirəsini aktivləşdirməyi planlaşdırır. Rusiya Suriyanın yeni konstitusiyasının layihəsinin müzakirəsini aktivləşdirmək niyyətindədir.

"Biz xatırlayırıq ki, Rusiya Suriya müxalifətinə Suriyanın yeni konstitusiyasının layihəsini verib. Əlbəttə, bu sənədin bəzi bəndləri ilə Türkiyə və Azad Suriya Ordusu tamamilə razı deyil. Layihənin üzərində işləmək və uyğunlaşdırmaq lazım gələcək".

Danışıqlarda Dəməşqin nümayəndələrinin iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Zamin ölkələr - Rusiya, Türkiyə və İran danışıqlarda onların iştirakının təminatı ilə məşğul olurlar. Silahlı Suriya müxalifəti danışıqların bu raundunda iştirakdan imtina edib. Martın 11-də Suriyanın silahlı müxalifətinin nümayəndə heyəti Astana danışıqlarına dəvət edildiyini açıqladı. Lakin müxalifət Astanaya gəlməsi üçün bir sıra şərtlər irəli sürdü. Bunlardan biri, müxalifətin nəzarət etdiyi rayonlarda atəşkəsə rejiminə tam riayət edilməsi, digəri isə danışıqların başlanmasına qədər atəşkəs rejiminə riayət üzrə mexanizmlər haqqında müzakirənin tamamlanması idi. Bundan başqa, silahlı müxalifətin nümayəndə heyəti Astana danışıqlarının martın sonuna keçirilməsini xahiş edirdi. Lakin göründüyü kimi, onların şərtləri qəbul edilməyib.

İordaniya danışıqlara müşahidəçi kimi qatılır. İordaniya danışıqların fevral ayında keçirilən ikinci raundunda Suriyanın cənubunda - İordaniya ilə həmsərhəd rayonlarda yerləşən silahlı müxalifətin iştirakını təmin edib. Həmçinin bildirilirdi ki, danışıqlarda müşahidəçi tərəf kimi Misir iştirak edə bilər. Ancaq, Qazaxıstan Xarici İşlər Nazirliyinin başçısı Kayrat Əbdürrəhmanov deyib ki, onda Misir nümayəndələrinin danışıqlarda iştirakı haqqında informasiyalar yoxdur. Dekabrın sonunda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qahirəni Suriya üzrə danışıqlara dəvət etməyə hazırdır.

Astana danışıqların ikinci raundu 15-16 fevral tarixlərində keçirilib. Tərəflər danışıqların gedişatında İran, Rusiya və Türkiyənin iştirakı ilə Suriyada barışıq üzrə monitorinq qrupunun yaradılması barədə razılaşıblar. Astanda birinci görüş isə yanvarın sonunda baş tutub. Rusiya tərəfi həmin görüşdə Suriyanın yeni konstitusiyasının layihəsini təqdim edib. Layihədə, xüsusi halda, Suriya ərazisində kürd muxtariyyətinin yaradılması əksini tapıb. Suriya müxalifətinin nümayəndələri sənədi müzakirəyə etməkdən imtina etdilər. Onlar bildirdilər ki, ölkənin əsas qanununun hazırlanması deyil, atəşin dayandırılmasının rejimi Suriyada münaqişənin həlli üçün başlanğıc məsələdir.

"Hazırda atəşin dayandırılması rejimi faktiki olaraq Suriyanın bütün ərazisinə yayılıb. Yəni, Astana prosesi bununla öz effektivliyini göstərdi", - Gazeta.ru ilə söhbətində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi və Müasir Türkiyənin öyrənilməsi Mərkəzinin direktoru Amur Hacıyev deyib.

Onun sözlərinə görə, atəşkəs rejiminin təmin edilməsi, keçid prosesi və seçkilər Suriya böhranının nizama salınması üzrə mərhələlərdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR