"Xocalıda insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər"

Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər. Bunu İstanbul Universitetinin tarix elmləri doktoru Mehmet Bora Perinçek bu gün Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələri, həmçinin Xocalı faciəsinə gətirib çıxarmış dönüş nöqtələrini anlamaq üçün erməni millətçiliyinin yaranması və xüsusiyyətləri ilə bağlı məsələlərin araşdırılması vacib əhəmiyyət kəsb edir:

"Erməni millətçiliyi Qərb və Çar Rusiyasının layihələrində paralel olaraq, əsasən də 19-cu əsrdə Osmanlı Türkiyəsinə qarşı erməni separatizminin istifadəsi ilə bağlı inkişaf edirdi. Erməni millətçiliyinin kollaborasionizmə meyilliyi və fanatizm və aqressivliyin kökləri onun ideoloqlarının nəşrləri və sənədlərində aydın görünür".

Alim bildirib ki, bu planda erməni millətçiliyinin birinci ideoloqu Qriqori Yeremeyeviç Artsruni (1845-1892) olub. Onun ideyaları və yaratdığı bazis erməni millətçiliyinin səbəblərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir:

"1872-ci ildə Q.Artsruni Tbilisidə erməni millətçiliyinin ən vacib və təsirli çap orqanı olan "Mşak"ı (Zəhmətkeş) nəşr etdirməyə başlayır. "Mşak"ın əsas vəzifələri arasında Türkiyə və Rusiya ermənilərini yaxınlaşdırma və Avropanı erməni xalqı ilə tanış etmək olub. Bu məşhur qəzetin səhifələrində Artsruni nəticədə "təcrübədə tətbiq olunmuş" daşnak ideologiyasının bazis tezislərini işləyib hazırlamağa başlayır. Artsruni ilk dəfə olaraq erməni burjua ideologiyasının mahiyyətini təsvir edir və beləliklə də Daşnaksütyunun ideya atası olur. Daşnaklar Qriqori Artsrunini özlərinin nəzəriyyəçilərindən biri kimi qəbul edirdilər və həmişə qeyd edirdilər ki, daşnak ideologiyası Qriqori Artsruninin fikirlərinin təbii davamıdır".

Tarix elmləri doktoru deyib ki, erməni millətçiliyinin ilk nəzəriyyəçilərindən olaraq Q.Artsruni öz fəaliyyətində Avropa xalqlarını Asiyanın erməni və digər xristian xalqları ilə birgə türk xalqlarına qarşı mübarizə aparmaq və məhv etməyə çağırır: "O bunu "vəhşi millətlərə qarşı sivil millətlərin", ari və semit tayfalarının turan tayfasına qarşı müharibələri adlandırırdı. Artsruni slavyan, yunan, erməni, assuriyalı, gürcü və yəhudilərin "onlara zülm verən monqol əsarəti"nə qarşı müharibəsini vacib hesab edir. Erməni liberalizmi və faşizmini ilk kəşf edən olan Artsruninin iddialarına əsasən, nə türklər, nə də ki vəhşi kürdlərin nə keçmişi, nə tarixi, nə ədəbiyyatı, nə məktəbləri, nə iqtisadi istehsalatı, nə də zəhmətə sevgiləri var. Bununla belə, o özünün digər xalqları məhv etməklə bağlı çağırışları ilə razılaşmayan erməniləri "kütbeyinlər" adlandırır".

M.Perinçek əlavə edib ki, Q.Artsruninin ideyaları ilə tərbiyələnmiş erməni millətçiləri Osmanlı Türkiyəsində qırğın törətdilər və erməni əhalisinə qarşı cavab hərəkətlərinə səbəb oldular: "Artsruninin ideyaları ilə böyümüş erməni millətçilərinin yeni nəsilləri SSRİ-nin süqutu dövründə Qarabağ münaqişəsini qəsdən törətdilər, Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törətdilər, indi isə Ermənistan hakimiyyətində möhkəmləniblər. Bunların hamısı Artsruni kimi ideoloqlar tərəfindən yüz il əvvəl səpilmiş millətçilik, irqçilik və faşizm ideyalarının indiki zamanda necə dəhşətli nəticələrə səbəb olduğunu aydın olaraq göstərir". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR