Moskva təlxəyin göz yaşlarına inanacaq?

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya rəsmi səfərə yollanıb. O, Rusiya prezidenti Vladimir Putinlə görüşərək Ermənistan-Rusiya münasibətlərini, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək.
Rəsmi İrəvan səfərin bilavasitə İrəvan-Moskva təmasları ilə bağlı olduğunu desə də, əslində, bu səfər S.Sarkisyanın Kremldə "böyük qardaş" saydığı Rusiya rəhbərliyi qarşısında yeni yalvarışları, istəkləri və təvəqqelərindən ibarət olacaq. 
Ən azı ona görə ki, məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud situasiya Ermənistandakı hakimiyyət üçün həmişəkindən də artıq və ciddi əhəmiyyət kəsb edir. 

Gələn il keçiriləcək prezident seçkilərinə hazırlaşan S.Sarkisyan mövqelərini möhkəmlətmək, potensial rəqiblərini zəiflətmək niyyətindədir. Eyni zamanda Serj Sarkisyanın prezident kürsüsünü tərk edəndən sonra baş nazir postuna yiyələnmək ambisiyaları da nəzərə alınmalıdır. O, sədri olduğu Ermənistan Respublika Partiyasının seçkilərdə qələbəsini təmin etmək, Konstitusiyaya son dəyişikliklərdən sonra "yarıprezident-yarıparlament" təki eybəcər üsul-idarəli ölkəyə çevriləcək Ermənistanda iqtidarı tərk etməmək niyyətindədir.

S.Sarkisyan baş nazir olmağa hazırlaşması ilə bağlı suallardan indiyədək yayınıb: halbuki, onun belə fikri olmasaydı, sadəcə, "yox" cavabı verməklə polemikaya və müzakirələrə son qoya bilərdi. Ermənistan prezidenti bunu etmirsə, deməli, seçkilərdən sonrakı dönəm üçün nəzərdə tutduğu variantlar arasında ən azı belə plan da var.

Ona görə də S.Sarkisyan planının reallaşması yolunda ən ciddi maneələrin Ermənistan daxilində yox, ölkə xaricində, yəni ölkə ilə bağlı geosiyasi maraqlara malik dövlətlərin hakimiyyət dəhlizlərində olduğunu anlayır.

Ermənistanın durumu budur. Təbii ki, Ermənistan böyük dövlətlərin geosiyasi maraqlarının çuğlaşdığı və toqquşduğu Cənubi Qafqaz bölgəsində yerləşdiyindən beynəlxalq siyasətdən, regional proseslərin təsirindən əsla kənar qala bilməz. Real siyasət anlamında istənilən dövlətin hakimiyyət dairələri "böyüklər"in maraqlarını, istəklərini və planlarını mütləq nəzərə almalıdır.
Bu, normal ölkələr üçün yaşam prinsipidir.

Ermənistan isə müstəqilliyini hamiliyə, suverenliyini "böyük qardaşın müdafiəsi"nə qurban vermiş, Rusiyanın Cənubi Qafqazda forporstuna və quberniyasına çevrilmiş dövlət olduğundan rəsmi İrəvan hansısa geosiyasi proseslərin təsir imkanlarını araşdırmaqla yox, ermənilərin bu və digər qərarına Rusiyanın münasibətini təxminləməklə, səhvə yol verməməyə çalışmaqla məşğuldur.

Eynən köpək sahibinin baxışlarından asılı olaraq hürdüyü və ya quyruq bulayıb atılıb-düşdüyü təki.
Ermənistanda hakimiyyətin yürütdüyü siyasətə, daha doğrusu, çoxdan bəri siyasi təlxək sayılan Serj Sarkisyanın idiotik qərarlarına cəmiyyətin təsir imkanları çoxdan bəri sıfır səviyyəsindədir. Əsas təsir rıçaqları Rusiyanın əlində olduğundan İrəvan da davranışını Moskvaya baxaraq tənzimləyir.

Serj Sarkisyanın iqtidarı da normal hakimiyyət sistemi subyekti olmadığından, cəmiyyətin dəstəyini çoxdan itirdiyindən kənardakı güc mərkəzlərindən maksimal dərəcədə asılı vəziyyətə düşüb.
Həmin güc mərkəzləri (ABŞ, Rusiya, İran, Avropa Birliyi) Moskva əlahiddə və həlledici yer tutduğundan S.Sarkisyan da Ermənistanda seçki proseslərinin ən önəmli mərhələsi ərəfəsində məhz şimala yollanaraq dəstək və yardım istəmək niyyətindədir.

Erməni müxalifətçilər "təlxək" adlandırdıqları Serj Sarkisyanın Moskva səfərinin "Rusiyada göz yaşları tökərək yardım istənməsi viziti" kimi dəyərləndirirlər. Bu baxımdan Ermənistan üçün əsas məsələ Rusiyanın S.Sarkisyana inamının hansı səviyyədə olmasıdır. İstənilən halda Moskva tələsik qərar verən deyil və bu qərar mütləq şəkildə İrəvanın bundan sonrakı siyasətini müəyyənləşdirəcək.

... İspaniyanın EFE informasiya agentliyinə səfər ərəfəsində verdiyi müsahibəsində S.Sarkisyan demişdi: "Biz kiçik, balaca ölkəyik və deməli, hadisələrə təsir imkanlarımızı olduğundan artıq dəyərləndirməməliyik. Rusiya ilə Qərb arasında vasitəçi olacağımızı demək də yanlış olardı. Bununla belə, Rusiya və Qərb arasındakı münasibətlərdə əlavə problemlərin yaranmamasına çalışırıq. Çünki ziddiyyətlərdən fayda götürmək cəhdlərinin təhlükəli olduğunu anlayırıq. Bizim kimi kiçik ölkələr belə davranmasa, faciəli sonuclarla qarşılaşa bilərlər".

Bu açıqlama, əslində, Serj Sarkisyanın 2013-cü ildən bəri ermənilərə ünvanlanmış ritorikasının, çıxışlarının və nitqlərinin məğzinin dəyişməsi deməkdir.

Nədən ki, rəsmi İrəvan prezident Sarkisyanın "geosiyasi doktrinası" çərçivəsində həmişə "Ermənistan Rusiya ilə Qərb, Qərblə İran arasında vasitəçi, körpü ola bilər" tipli bəyanatlar verirdi.

Əslində isə belə açıqlamalar S.Sarkisyan üçün ABŞ, Avropa Birliyi, Rusiya və İran arasında manevr etmək, hər kəsə vədlər verib hamıdan nəsə ummaq, hamıya yalan danışmaq üçün imkan idi.
Lakin Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olandan sonra rəsmi İrəvan belə quyruqbulama imkanlarını itirdi, Avropa Birliyi və ABŞ erməni siyasətinin mahiyyətini dəqiq müəyyən etdilər.

Ermənistan indi yeni hakimiyyət, yeni status-kvo ərəfəsində olduğunu, hakimiyyət sistemini dəyişməyə hazırlaşdığını deyir. Proses iki mərhələdən ibarətdir: builki parlament seçkiləri və 2018-ci ilin baharında hökumətin yeni tərkibinin formalaşması.
S.Sarkisyanla birlikdə Moskıaya müdafiə naziri Vigen Sarkisyanın da yollandığını nəzərə alsaq, Ermənistan prezidenti "varis planı"nı hələlik tam bitirməyib. O xələfi qismində indiyədək baş nazir Karen Karapetyanı görürdüsə, indi fikrini dəyişib və müdafiə nazirini də Moskvaya potensial varis statusunun müzakirəsi üçün aparıb.

Buna Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının statusunun və funksiyalarının genişləndirilməsi ilə bağlı yeni anlaşmanın hazırlanması, sənədin Moskvadakı danışıqlarda nəzərdən keçiriləcəyi də dəlalət edir.
Rusiya isə hələlik gözləmə mövqeyi tutub.

Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ münaqişəsi zonasında, cəbhə xəttində insidentlərin müşahidəsi və araşdırılması üçün qrupların yerləşdirilməsi ilə yanaşı, belə insidentlərin cəzalandırılması mexanizmlərinin də hazırlanması təklifi ilə çıxış etməsinin faktiki olaraq mövcud status-kvonun daha da uzadılması olduğunu nəzərə alsaq, Ermənistan üçün Rusiyanın mövqeyi əlahiddə önəm kəsb edir.

Dağlıq Qarabağdakı son situasiya ilə bağlı Rusiyanın güzəştlər həddi harada olacaq, Moskvanın İrəvana təzyiqi işə düşəcəkmi və ya yenə də hər şey ermənilərin forpost statusu ilə bağlı absurd məntiqə söykənəcək, münaqişənin qan qiyməti artacaq?

Ən başlıcası isə Ermənistan prezidenti Serj Sarkisyanın artıq adekvat insan olmadığını Moskva anlayacaqmı?
Suallara cavabların olacağı vaxta çox qalmayıb.

Azərbaycanın dövlət başçısı İlham Əliyev dünən Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatlarını, ermənilərin durumunu dəqiq səciyyələndirib: "Bir neçə gün əvvəl Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını mənə deyəndə təəccübləndim.

O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər.

Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heç bir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar".

Moskva da Ermənistana gülür, amma təlxəyini nəzarətdə saxlayıb ondan faydalanmağa üstünlük verir.

Elçin Alıoğlu
Milli.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR