Azərbaycan prezidenti: "Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir"

Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Hesab edirəm ki, bu gün bizim çox yüksək səviyyədə iqtisadi əlaqələrimiz var. Bir çox layihələr icra olunmuşdur, bir çox Fransa şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Fransaya səfərimdən öncə əldə etdiyim məlumata görə, 50-dən çox Fransa şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr, əsasən, enerji sektoruna qoyulmuşdur, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırkı mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hökumət qurumları və Fransa şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır. Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, Fransa biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir".

Prezident əlavə edib ki, eyni zamanda, bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir: "Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər. Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Bizim, eyni zamanda, infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində güclü əməkdaşlığımız var. Həmçinin kosmik sahəni qeyd etmək istərdim. Bu, bizim ölkə üçün nisbətən yeni sahədir. Lakin Azərbaycan bir neçə il bundan öncə beynəlxalq kosmik kluba qoşulmuşdur və ölkəmizin artıq iki peyki fəaliyyət göstərir. Ümid edirik ki, Fransa şirkətlərinin fəal iştirakı ilə üçüncüsü də olacaq".

İlham Əliyev vurğulayıb ki, kənd təsərrüfatı sahəsində yaxşı perspektivlərimiz var: "Şadam ki, ötən bir neçə il ərzində iqtisadiyyatımızın bu sektoru da çevik inkişaf etməyə başlamışdır və bu, həmçinin Fransa şirkətlərinin iştirakı ilə baş vermişdir. Xüsusilə üzüm bağlarımızın inkişafını qeyd etmək istəyirəm. Kənd təsərrüfatında məhsuldarlığı artırmaq məqsədilə iqlim şəraitimizdən maksimum dərəcədə istifadə olunmuşdur.

Bizim təhsil sahəsində yaxşı əməkdaşlığımız var. Artıq üç ildir ki, fəaliyyət göstərən Fransız Liseyi bu əməkdaşlığın yaxşı nümunəsidir. Bundan sonra isə biz Fransız-Azərbaycan Universitetinin açılışını etdik. Bu, nəinki təkcə bizim təhsil potensialımızı gücləndirir, eyni zamanda, həmin təhsil ocaqlarında təhsil alan uşaqlar və gənc nəsil artıq, bir sözlə, bu iki ölkənin ictimai səfirlərinə çevrilirlər. Çünki onların həyatı Fransa ilə əməkdaşlığa bağlı olacaqdır".

Dövlətimizin başçısı əlavə edib: "Biz Azərbaycanda çox əsaslı islahatlar paketini həyata keçirdik. Bu, əsasən ötən il oldu. Ötən il çox dərin iqtisadi islahatlar ili olmuşdur. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərmişdir. Bu, iqtisadiyyatımızın şaxələndirilməsinə aparan bir yoldur. Əslində, biz neft və qazdan asılılığı azaltmaq üçün bunun üzərində uzun illər idi ki, çalışırdıq və bunu etməyə nail olduq. Hazırda neft və qaz ümumi daxili məhsulun təqribən 30 faizdən artığını təşkil edir. Qalan hissə qeyri-neft sektorunun payına düşür. İndi isə biz ixracımızı şaxələndirmək üçün fəal çalışırıq. Neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü bir dönəmdə buna indi xüsusilə ehtiyac var və artıq bizə əvvəllər olduğu kimi, əldə edə bilmədiyimiz gəlirləri qeyri-enerji ixrac potensialı ilə kompensasiya etmək lazımdır. Buna görə, biz əsasən kənd təsərrüfatı, sənaye sektorlarına sərmayə yatırdıq və eyni zamanda, bazarların axtarışındayıq. Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir". AZƏRTAC

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR