"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq"

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz:

"Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İndi isə irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaq. Əlbəttə, bu gün regionumuzun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və töhfəsi haqqında danışdıqda biz Azərbaycanın enerji strategiyasının əvvəlinə - 1990-cı illərin ortalarına qayıtmalıyıq. O zaman həm daxili, həm də xarici çoxsaylı çətinlikləri olan, Ermənistanın işğalı nəticəsində 1 milyon evsiz qalmış vətəndaşı olan, yalnız üç il müstəqil olan gənc ölkə Xəzər dənizinə dünyanın aparıcı enerji şirkətlərini ilk dəfə dəvət etmişdi".

İlham Əliyev vurğulayıb ki, bu, tarixi bir addım idi və nəinki təkcə Azərbaycanda, həm də regionda vəziyyəti dəyişən bir qərar idi:

"İndi isə bu addım regionun enerji xəritəsini dəyişmişdir. Biz sadəcə həmin vaxtdan bir il əvvəl vətəndaş müharibəsi, işğal, 1 milyon qaçqın və köçkünü olan və uğurlu inkişaf üçün heç bir imkanları olmayan ölkəyə investisiyalar cəlb etməyə nail olduq. Bizim üçün o zaman Azərbaycanın neft ehtiyatlarına sərmayənin yatırılması müstəqilliyimizin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması üçün yeganə yol idi. Buna görə 1990-cı illərin ortaları bizim üçün vacib bir dövr idi. Biz investisiyaları cəlb etdik, aparıcı enerji şirkətləri ilə Azərbaycanın nəhəng neft yataqlarından istehsala başladıq və neftimizi nəql etmək üçün çoxsaylı boru kəməri sistemini inşa etdik. Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz - 3 neft kəmərimiz və 4 qaz kəmərimiz var. Buna görə də bizim birinci hədəfimiz özümüzün enerji təhlükəsizliyimizi, öz maraqlarımızı təmin etmək və insanlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarımızı hasil etmək iqtidarında olmaq idi. Sonrakı mərhələdə kəmərlər tikildikdə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Bu neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir".

Prezident bildirib ki, bu kəmərlər bizə enerji ehtiyatlarını nəql etməyə kömək edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir:

"Sonra biz Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının çatdırılması üçün tranzit ölkəyə çevrildik. Beləliklə, Azərbaycan müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır. Eyni zamanda, biz Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarımızın təchizat marşrutlarını şaxələndirməyə kömək edirik. Çünki enerji təhlükəsizliyindən söhbət açdıqda hesab edirəm ki, şaxələnmə əsas termindir. Adətən şaxələnmədən danışdıqda biz istehlakçılar üçün şaxələndirməni nəzərdə tuturuq. Biz bunu anlayırıq. Lakin istehsalçılar üçün də şaxələndirmə nəzərdə tutulur, xüsusilə bu istehsalçıların Azərbaycan kimi açıq dənizə çıxışı olmadıqda. Yeri gəlmişkən, bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi Azərbaycan regionda özünə ad qazanıb". Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR