Bakının  supergüclər arasında vasitəçi rolu

Bu gülərdə Vaşinqton və Moskvanın əsas diqqəti Bakıya yönəlib ki, bu da təsadüfi deyil. Belə ki, fevralın 16-da Bakıda ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Josef Dunford və Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Azərbaycanın paytaxtında görüşü keçirildi.  Belə bir görüşün Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir ki, bu da əsas etibarilə ölkəmizin regional və beynəlxalq imici, nüfuzu ilə bağlıdır.  Xüsusilə, rəsmi Bakının həyata keçirdiyi uğurlu xarici siyasət kursunu bu mənada vurğu ilə qeyd etmək lazımdır. Bakı görüşünün xüsusi əhəmiyyət kəsb etdiyi bu sahədə araşdırma, təhlillər aparan təşkilatlar tərəfindən də qeyd edilir. Və bu mənada Bakının mövqeyi yüksək qiymətləndirilir. 

Xəzər Hərbi Tədqiqatlar İnstitutu ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Josef Dunford və Rusiya müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Bakı görüşünü analiz edərkən bu qənaətə gəlib ki, bu daha çox Bakının neytral ölkə olması və balanslaşdırılmış xarici siysasət həyata keçirməsi ilə bağlıdır. Yüksək səviyyəli görüşün Bakıda keçirilməsinin Azərbaycanın "neytral" ölkə olması ilə əlaqəli olduğunu həmçinin ABŞ mətbuatı da açıq qeyd edir. Məlumdur ki, Azərbaycan rəsmi olaraq "Qoşulmayanlar Hərəkatı"nın üzvüdür.  Cənubi Qafqazın digər iki respublikasına gəlincə, Ermənistan  Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olduğundan belə bir görüşün İrəvanda keçirilməsi Vaşinqton üçün maraqlı deyil. Həmçinin Gürcüstan isə yaxın perspektivdə NATO-ya üzv olmağı hədəfləyən ölkədir. Bu amil də Rusiyanı razı sala bilməz. Ona görə də yüksək səviyyəli görüş üçün Tbilisi də uyğun variantlardan sayılmır.  Bütün bunları nəzərə alsaq belə qənaətə gəlmək olar ki, Bakı yüksək səviyyəli görüşün keçirilməsi üçün ən ideal məkandır.

Sözügedən görüş ərəfəsində hər iki super güclərin hərbi rəsmilərinin Azərbaycanın yüksək səviyyəli rəsmiləri, prezident və müdafiə nazir ilə görüşləri də xüsusi əhəmiyyət kəsb edir.  Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Bakıya ilk dəfə gələn amerikalı general Dunfordun arasında keçirilən görüşdə Azərbaycan və Birləşmiş Ştatlar arasında ikitərəfli hərbi əlaqələrin genişləndirilməsi, Azərbaycan Silahlı Qüvvələrin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verilən töhfə, Xəzər dənizində təhlükəsizlik məsələləri, kütləvi qırğın silahlarının yayılmaması, treninqlərin keçirilməsi və hərbi təhsil kimi mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya ilə hərbi əməkdaşlığa gəlincə, Xəzər Hərbi Tədqiqatlar İnstitutu qeyd edir ki, son 4 ildə Bakı və Moskva arasında reallaşmaqda olan 4 milyard dollarlıq hərbi ticarət müqaviləsini qeyd etmək olar. Rəsmi Bakı 2020-ci ilədək Rusiyadan xeyli sayda hərbi silah və texnika ixrac edəcək. Rusiyalı hərbi rsmi Valeri Gerasimovla Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında keçirilən görüşdə də iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri və genişlənməsi, yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsi, "Beynəlxalq Ordu Oyunları - 2017" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku - 2017" müsabiqəsinin təşkilində Azərbaycanın rolu, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi, eləcə də digər regional məsələlər müzakirə edilib.

Yüksək səviyyəli görüş həm də Azərbaycanın bir növ vasitəçi dövlət kimi rolunu ortaya qoymuş olur. Xatırladaq ki, son 3 ildə Birləşmiş Ştatlar və Rusiya arasında bu cür formatda görüş olmayıb. Ən son 2014-cü ilin yanvarında Vaşinqton və Moskvanın hərbi rəsmilərinin  görüşü reallaşıb. İndiyə kimi bu səviyyəli tərəflər arasında yalnız telefon danışıqları olub. Sonuncu dəfə V.Gerasimov amerikalı həmkarı, ordu generalı Martin E.Dempsey ilə Brüsseldə görüşüb ki, o da protokol xarakteri daşıyıb. O zamandan bu yana Rusiyanın Krımı ilhaq etməsi, Şərqi Ukraynaya qarşı olan hərbi təcavüz, Suriyaya Əsəd rejimini dəstəkləmək üçün qoşun, təyyarə və gəmilər göndərməsi Vaşinqtonla Moskva arasında nəzərə çarpacaq dəəcədə sərinlik yaradıb.

Amerikalı ekspertlərin fikrincə,  Ağ Ev rəhbərliyi 2016-cı ildən qərara alıb ki, mümkün gərginliklərdən, insidentlərdən qaçmaq üçün tərəflər arasında yüksək səviyyəli "hərbi kanal" açılsın. Bunu Obama adminstrasiyası dövründə Milli Təhlükəsizlik Şurasının Rusiya üzrə eksperti olmuş Celeste Vallander də "New York Times" qəzetinə açıqlamasında bildirib. "Mən bunun nəhayət ki, gerçəkləşməsini tam dəstəkləyirəm".

Bu arada NATO-dan da Bakı görüşünü dəstəkləyən açıqlama verilib.  Belə ki Hərbi Alyansın baş katibi ABŞ və Rusiya ordu komandanlarının Bakı görüşünü alqışlayıb. "ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri - Josef  Dunford və Valeri Gerasimovun Bakı görüşü vacibdir".  Y. Stoltenberq NATO üzrə müttəfiqlərin ikitərəfli əsasda Rusiya ilə dialoqu və ünsiyyət kanallarını inkişaf etdirmək cəhdlərini alqışlayıb. O xatırladıb ki, NATO-Rusiya Şurasının son iki iclasında V.Gerasimov və NATO Hərbi Komitəsi sədri Petr Pavel arasında birbaşa təmas olmayıb. Həmin görüşlərdə NATO və Rusiya arasında hərbi şəffaflıq, risklərin azaldılması və digər məsələlər müzakirə edilib. Onun sözlərinə görə, NATO hazırda Gerasimovla Pavel araslnda görüşün mümkünlüyünü araşdırır. "Hələlik Gerasimovla Pavel arasında hər hansı əlaqə yoxdur. Amma ola bilər ki, ABŞ kimi biz də oxşar dialoqu işə saldıq, indi bunun mümkünlüyünü öyrənirik" Xatırladaq ki, Rusiya və NATO arasında hərbi əməkdaşlıq Krımın işğalına cavab olaraq alyans tərəfindən 2014-cü ilin yazında dondurulub. ABŞ müdafiə naziri C. Mettis də həmçinin  qeyd edib ki, ABŞ və Rusiya liderləri dialoqun yaranması üçün qarşılıqlı fəaliyyət göstərəcəklər: "Bizim siyasi liderlərimiz ümumi mövqe və irəliyə doğru yol axtarmağa cəhd göstərəcəklər və buna əsasən Rusiya öz öhdəliklərini yerinə yetirərək NATO ilə əməkdaşlığa qayıda bilər. Mən hesab edirəm ki, Rusiya bütün yetkin ölkələrin etməli olduğu kimi, beynəlxalq normalara uyğun yaşamalıdır. Rusiya əvvəlcə NATO ilə saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirməlidir. Mənim heç bir şübhəm yoxdur ki, Rusiya bir sıra ölkələrdə seçkilərə müdaxilə edib və ya etməyə cəhd göstərib".

Məlumat üçün qeyd edək ki, general Josef Dunford ABŞ Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin 19-cü sədridir. O, Amerikada ən yüksək hərbi vəzifəli zabitdir və Prezident, Müdafiə Katibi və Milli Təhlükəsizlik Şurasının hərbi məsləhətçisidir. O, 2015-ci ilin oktyabrında sədr təyin olunmamışdan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən 2013-2014-cü illərdə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) və Birləşmiş Ştatların Əfqanıstandakı Qoşunlarının komandanı olub. 2015-ci ilin iyulunda Birləşmiş Qərargahlar rəisi vəzifəsinə təsdiq olunma üçün keçirilən dinləmələr zamanı General Dunford Rusiyanı Amerikanın milli təhlükəsizliyi üçün ən başlıca təhlükə adlandırmışdı.

Valeri Gerasimov isə 2012-ci ilin noyabrından bu vəzifədə çalışır. O, Rusiyanın "hibrid müharibə" doktrinasının atası hesab olunur. Onun 2013-cü ildə dərc etdiyi məqalədə Rusiyanın kiberhücumlarının konseptual əsasları izah olunub və bu "hibrid müharibə" adlandırılıb. Gerasimov Doktrinası adlanan sənəddə bildirilir ki, müharibə və sülh arasında sərhədi müəyyən etmək getdikcə çətinləşir və proksi serverlərdən və gizli taktikadan istifadə olunması "qeyri-xətti müharibə"nin güclənməsinə səbəb olur. Onun doktrinası hərbi, diplomatik, kiber, iqtisadi, informasiya və mədəni qüvvələrin kombinasiyasından istifadə edərək "siyasi müharibə aparmaqla" strateji məqsədlərə nail olmağı nəzərdə tutur.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR