Bakı diplomatik paytaxta çevrilib

Azərbaycanın qlobal münaqişələrin həllində rolu artır

Hazırda bütün dünya ölkələrinin liderlərinin, strateji araşdırma mərkəzlərinin, eləcə də dünyanın aparıcı mətbuat orqanlarını gözü Azərbaycana diklilb. Səbəb Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda keçirilən görüşüdür. Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət artıq bəhrəsini verməkdədir. Yəni, artıq dünyanın super gücləri müstəqil Azərbaycanın yürütdüyü  balanslaşdırılmış xarici siyasətlə razılaşmaq görüntüsü nümayiş etdirilər. Nəticədə Azərbaycan qlobal münaqişələrin, beynəlxalq sülh və təhlükəsizliyin müzakirə edildiyi məkana çevrilib. Rusiya Müdafiə Nazirliyindəki mənbənin yaydığı məlumata görə,  Bakıda generallar Valeri Gerasimovla Cozef Danford arasında baş tutan danışıqlar "əvvəlcədən razılaşdırılmış məsələlər-Rusiya və ABŞ arasında hərbi sahədə əlaqələrin cari vəziyyəti, tərəflərin hərbi fəaliyyəti ilə əlaqəli insidentlərin qarşısının alınması" kimi məsələlər müzakirə olunub. Habelə danışıqlarda dünyanın böhranlı nöqtələrində təhlükəsizlik sahəsində fikir mübadiləsi aparılıb. Mənbə deyib ki, danışıqlar üçün Bakının seçilməsi təsadüfi deyil. Çünki Danford hazırda Yaxın Şərq regionuna səfərə çıxıb, Azərbaycan isə həm Rusiya, həm ABŞ-la hərbi sahədə yaxın münasibətlər saxlayır. Deməli, artıq Bakı beynəlxalq siyasi münaqişələrin müzakirə edildiyi "diplomatik paytaxt" şəhərinə çevrilib.  

"Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov bildirib ki, ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Bakıda keçirilən görüşün  Azərbaycan üçün xüsusi əhəmiyyəti var: "Məlum olduğu kimi Bakıda belə bir mötəbər görüşün keçirilməsi ölkəmizə, ölkə rəhbərinə böyük bir etimaddır. Bu, onu göstərir ki, Azərbaycan dövlətinin xarici siyasəti düzgün və müvəffəqiyyətlidir. Çünki həm Rusiya, həm də Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər müsbət istiqamətdə getmir, ortada ziddiyyətli maraqlar mövcuddur. Məlumdur ki, ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu ölkədə yeni prezident seçildikdən sonra Rusiyada ümidlər artıb ki, dövlətlər arasındakı münasibətlər düzələcək. İki super dövlətin münasibətlərinin kəskin olduğu  bir məqamda isə Azərbaycanın mövqeyi önəmlidir. Ona görə ki, Azərbaycan həm Rusiya, həm də ABŞ-la düzgün münasibət qurub, üstəlik hər iki dövləti özünə tərəfdsaş hesab edir". Onun sözlərinə görə, ABŞ və Rusiya Baş Qərargahlar rəislərinin Azərbaycanda görüşməsi təkcə bu iki dövlətin yox, eləcə də dünya dövlətlərinin baxışına təsirsiz ötüşməyəcək: "Nəzərə almaq lazımdır ki, hazırda beynəlxalq diqqət Azərbaycana yönəlib, buna da səbəb paytaxt  Bakıda keçirilən görüşdür. Məlumdur ki, hazırda dünyada belə bir vəziyyət hökm sürür ki, ABŞ-la münasibətləri yaxşı olan dövlətlər  bu dövlət kiminlə dostluq edirsə onunla yaxınlıq etməyə çalışırlar, digər qisim dövlətlər isə Rusiya ilə tərəfdaş olan ölkələrlə əməkdaşlığa maraq göstərir. Bu isə o deməkdir ki, Bakıda keçirilən görüş dünya  dövlətlərini hərəkətə gətirəcək ki, Azərbaycanla yaxınlıq etsinlər". E.Ələsgərov hesab edir ki, diplomatik və siyasi paytatx şəhərinə çevrilən Bakıda belə bir görüşün keçirilməsi Azərbaycanın  beynəlxalq aləmdə sülhün və təhlükəsizliyn təmin olunmasında rolunu artıracağı şübhə doğurmur: "Bu vaxta qədər Azərbaycan müxtəlif sahələri əhatə edən kifayət qədər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunların sırasına sosial, iqtisadi, humanitar və mədəni tədbirlər olub.  İndi isə Bakı siyasi tədbirlərin məkanına çevrilməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, bundan əvvəl Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib. Bu isə ən böyük naliyyətdir ki, Azərbaycan geomünaqişələrin çözülməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müzakirəsi aparılan məkana çevrilib. Məhz belə görüşlərin keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisinin artmasına təsir göstərir". Onun sözlərinə görə, heç şübhəsiz ki, bu görüş nəicə etibarilə dünyada sülhün və təhlükəsizliyin təmin olunması, münaqişə ocaqlarındakı problemlərin aradan qaldırılmasında Azərbaycanın rolunun artmasına təkan verəcək: " Hazırda ortada  Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Şərq-Qərb Nəqliyyat Dəhlizi və digər iqtisadi əhəmiyyətli layihələri mövcuddur. Demək olar ki, həmin layihələrin icrasında rəsmi Bakı siyasi mərkəzə çevrilib. Çünki, Azərbaycan mütəmadi olaraq dünya ölkələrinin gələcəyini təmin edəcək layihələrin icrası üçün barış təşəbbüləri göstərir. Bu təşəbbüslər Suriya, Ukrayna və digər münaqişə ocaqlarına, eləcə də Rusiya-ABŞ arasında mövcud olan münaqişələrə aiddir. Bu bizim siyasi mövqeyimizin təzahürü kimi dəyərləndirilə bilər".

Alim    

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR